Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-342/2025 30.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqavilə üzrə 3358 manat gecikdirilmiş borcun və hesablanmış 4038,99 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (üç yüz əlli) manat olmaqla, cəmi 7896,99 (yeddi min səkkiz yüz doxsan altı manat 99 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqavilə üzrə 3358 manat gecikdirilmiş borcu və hesablanmış 4038,99 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumundan azaddır. Eyni zamanda bildiririk ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə suallara cavab olaraq göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək “Aqroservıs’’ ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Sözügedən Fərman barədə texnikaları götürülmüş şəxslər, həmçinin Cavabdeh rəsmi qaydada məlumatlandırılmamışdır. Lakin cavabdeh şifahi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq cərimə əsassız hesablanmamışdır. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş olunmuş, ondan sonra ödəniş olunmadığı üçün müqavilənin 4.2-ci bəndindən irəli gələrək gecikdirimiş hər gün üçün cərimə hesablanmışdır. Gösərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddian qismən qəbul edərək bildirdi ki, 2015-ci ildə texnikanı götürmüş, 2016-cı ildə isə "xxxx" ASC ilə aralarında lizinq müqaviləsi bağlanmışdır. Aldığı texnikanın (traktor) dəfələrlə təmirə ehtiyacı olmuş, müqavilənin şərtinə görə texnikanın təmir edilməsi "xxxx" ASC-nin vəzifələri sırasına aid edildiyindən bu barədə cəmiyyətə müraciət etsə də, şimal zonasında usta olmaması səbəbindən ona iki ay gözləmək tövsiyyə edilmişdir. Müsbət nəticə əldə etmədiyi üçün, o da məcbur olub traktoru özü təmir etmişdir. Müqavilə üzrə ödənişləri vaxtında icra etmişdir. Gecikmələrə yol verməmişdir. Sonuncu ödənişi 2020-ci ildə olmuşdur. Sonra qalan ödənişləri etmək üçün dəfələrlə Kapital banka yaxınlaşmış, lakin ödəniş edə bilməmişdir. Belə ki, sistem məlumatlarında onun adı qarşısında ödənilməli məbləğ “0” kimi qeyd olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, lizinq müəssiəsi ləğv edilmişdir. Verilən suallara cavab olaraq cavabdeh bildirdi ki, "xxxx" ASC ilə aralarında olan lizinq müqaviləsi ASC-nin Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən ofisdə bağlanmışdır. Ödənişlərlə bağlı dəfələrlə həmin ünvana aid nömrələrlə əlaqə saxlamış, ona lizinq müəssiəsinin bağlanıldığı bildirilmşdir. Ona hər hansı şifahi və ya rəsmi məlumatlar verilməmişdir. Verilmiş olsaydı o, ödəniş etmiş olardı və heç bir cərimə yığılmazdı. Həmçinin iddiaçı 2020-ci ildən bəri 4 il gözləyib ki, külli miqdarda cərimə yığılsın və indi məhkəməyə müraciət edib. Əgər vaxtında məhkəməyə müraciət etsəydi cəmi 1-2 ayın cəriməsi hesablanardı. Göstərilənləri nəzərə alaraq bildirdi ki, iddianı qismən, yəni əsas məbləğ hissəsində təmin, cərimə hissəsində isə əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2016-cı il tarixli 1694- GL/16 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən lizinqə götürülmüş, ümumi dəyəri 11400 (on bir min dörd yüz) manat olan kənd təsərrüfatı texnikaları üçün ödəniş qrafiki tərtib olunmuşdur; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş, ümumi dəyəri 29000 (iyirmi doqquz min) manat olan kənd təsərrüfatı texnikaları üçün 6000 (altı min) ilkin ödəniş etmiş, qalan 11400 (on bir min dörd yüz) manat üçün ödəniş qarfiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə xx.xx.2024-cü il tarixinədək 8042 (səkkiz min qırx iki) manat ödəniş edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixinə olan gecikdirilmiş borcu 3358 (üç min üç yüz əlli səkkiz) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə məbləği 4038,99 (dörd minotuz səkkiz manat doxsan doqquz qəpik) manat təşkil edir; xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən dəyərinin 29000 (iyirmi doqquz min) manat hissəsindən 6000 (altı min) manat ilkin ödəniş etmiş, 11400 (on bir min dörd yüz) manat müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə müxtəlif kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Həmin texnikaya görə ödəniş qrafiki üzrə xx.xx.2024-cü il tarixədək Cavabdeh 3358 (üç min üç yüz əlli səkkiz) manat borcu yaranmışdır. Öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Qeyd edilən müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə məbləğin 0,1 faizi həcmində cərimə ödəməlidir. Qeyd olunanlara əsasən, 4038,99 (dörd min otuz səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində vəsaiti tez bir zamanda "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Əks halda tələb olunan məbləğin, hesablanmış cərimənin və məhkəmə xərlərinin Cavabdeh məcburi qaydada alınaraq "xxxx" ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanını ilə "xxxx" ASC-nin adı dəyişdirilərək “Aqroservıs’’ ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı «Aqrolizinq” ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 1694- GL/16 nömrəli lizinq müqaviləsi bağlanılmışdır. Lizinq obyekti qismində 1 ədəd Belarus- 892 markalı traktoru çıxış etmişdir. Lizinq obyektləri üzərində mülkiyyət hüququ idiaçıya məxsus olmuşdur. Lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq lizinq verən həmin kənd təsərrüfatı texnikası lizinq alan cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Cavabdeh isə həmin müqavilə üzrə müəyyən edilmiş ödəniş cədvəlinə əsasən aylıq lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə həyada keşirmiş, lakin müqavilə ilə şərtləşdirilmiş qaydada növbəti lizinq ödənişlərini icra etməmiş, nəticədə ödəniş qrafikləri üzrə cavabdeh şəxsin ödəniş qrafikləri üzrə xx.xx.2024-cü il tarixinə olan gecikdirilmiş borcu 3358 (üç min üç yüz əlli səkkiz) manat təşkil etmişdir. İddiaçı tərəfindən lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən 4038,99 (dörd min otuz səkkiz manat doxsan doqquz qəpik) manat cərimə məbləği hesablanmışdır. Məhkəmə məhkəmə baxışında müəyyən edilmiş işin halları baxımından qeyd edir ki, iddiaçı Cavabdeh lizinq müqaviləsi üzrə öhdəlikləri pozmasını və nəticədə də borcunun yaranmasını lizinq müqaviləsinə əlavə edilmiş və ödənişlərin dövrülüyünü özündə əks etdirən cədvələ, aparılmış bütün ödənişləri ayrı-ayrılıqda əks etdirən təfsilatlı maliyyə arayışına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüqüqunun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-ci maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmçinin, Mülki Məcəllənin 748-1.12.ci maddəsində lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnun yarandığı hallar dəqiq şəkildə qeyd olunmuşdur. belə hallardan biri kimi də lizinq alanın lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi göstərilmişdir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları baxımından daxili lizinq müqaviləsi üzrə lizinq alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, müqavilənin 9-cu bəndinə əsasən, müqavilə üzrə öhdəliklər tam icra edilənədək, öz qüvvəsini saxlayır. Başqa sözlə, cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməli və lizinq predmeti üzrə qalıq borcunu ödəməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh lizinq obyektlərindən istifadəyə görə lizinq verənin xeyrinə ödənişlər etməli olduğu halda, 2020-ci ilin noyabr ayından sonra bunu icra etməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Nəticədə mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının cavabdehdən xx.xx.2016-cı il tarixli 1694- GL/16 nömrəli müqavilə üzrə ödənilməmiş borc məbləğinin tutulmasına dair tələb hüququ yaranmışdır. Deməli, iddiaçı bu hissədə belə bir iddia tələbini irəli sürməkdə tam haqlı olmuşdur. İddia tələbinin cərimə məbləği tələbi ilə bağlı hissəsinə isə qiymət verərkən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəf Cavabdeh öhdəliyi lazımınca icra edilməməsini, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini aralarında bağlanmış müqavilənin müvafiq maddəsində göstərildiyini iddia edərək cavabdehdən borc məbləğini və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malik olduğunu bildirsə də, iddiaçı tərəf özü müqavilənin şərtlərinə uyğun hərəkətlər etməmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqavilənin 4.2-ci bəndində qeyd olunur ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5-ci bəndində göstərilir ki, lizinq alan tərəfindən texnikadan istifadə şəraiti müqavilənin şərtlərinə və ya texnikanın təyinatına olmadıqda; lizinq verənin icazəsi olmadan texnikanın təyinatını dəyişdirdikdə və ya satdıqda, girova qoyduqda, yaxud digər şəxslərə sublizinqə verdikdə; texnikanın işlək halda saxlanması üçüün lazımi tədbirlər həyata keçirmədikdə və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə; texnikanı ən azı lizinq müddətinə, bütün zərərdən sığortalamadıqda; texnikadan istifadə üçün nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. İşin halları ilə məlum olmuşdur ki, cavabdeh sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etmiş, ondan sonraki aylarda ödənişlər həyata keçirmədiyi üçün müqavilənin 5-ci bəndindən irəli gələrək "xxxx" ASC-nin ən azından 2021-ci ilin birinci rüblyündə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Cavabdeh artıq 2020-ci ilin dekbar ayından etibarən ödəniş etməməklə müqavilənin şərtlərini pozmasına baxmayaraq, "xxxx" ASC öz növbəsində cavabdehə müvafiq qaydada yazılı surətdə xəbərdar etməmiş, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsi istiqamətində tədbirlər görməmiş, nə də cavabdehin sahibliyində olan texnikanı geri götürməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya göndərmişdir. Halbuki həmin pretenziyanı 2021-ci ilin əvvəlində göndərməli və lüzumsuz yerə cərimə məbləğinin bu qədər artmasına şərait yaratmamalı idi. Belə olan halda gecikdirilmiş günlər üçün 4038,99 (dörd min otuz səkkiz manat doxsan doqquz qəpik) manat cərimə hesablanmamış olardı. Bundan başqa, müəyyən edilmişdir ki, "xxxx" ASC-nin adı dəyişdirilərək “Aqroservıs’’ ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsindən sonra Ağentliyin yeni rekvizitləri, ödəniş qaydası və yeri barədə texnikaları götürülmüş şəxslərə, o cümlədən Cavabdeh heç bir rəsmi məlumat verilməmiş, məlumatlandırma məqsədlilə toplantı keçirilməmişdir. İddiaçı tərəf cavabdehə rəsmi məlumat verməməsinin əsası kimi cavabdehi şifahi qaydada məlumatlandırılmasını göstərmiş, lakin buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə hər hansı şəkildə məlumatlandırılmadığını bildirmişdir. Sonda məhkəmə hesab edir ki, iddiaçı tərəfin müqavilə üzrə gecikdirilmiş hər bir gün üçün cərimə hesablamaq hüququ yaranmış olsa da, qrafik üzrə ödənişlərin vaxtında icra edilməməsi cavabdehin deyil, iddiaçının təqsiri ucbatından baş vermişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, iddiaçının adı və rekvizitləri dəyişənədək, cavabdeh müntəzəm olaraq, vaxtı-vaxtında qrafik üzrə ödənişlərini icra etmiş, heç bir gecilməyə yol verməmişdir. Növbəti ödənişlərin həyata keçirilməməsi və nəticədə cərimənin hesablanması iddiaçının lazımi qaydada və vaxtında cavabdehi məlumatlandırmaması nəticəsində yaranmışdır. İddiaçı məhkəməyə müraciət etmək hüququndan 2020-2021-ci illərdə deyil, 4 il keçdikdən sonra, 2024-cü ildə istifadə etməklə cavabdehin hüquqlarını pozmuş, bununla da cavabdeh üçün 4038,99 (dörd min otuz səkkiz manat doxsan doqquz qəpik) manat cərimə hesablanmışdır. Belə ki, Mülki Məcəllənin: 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 556.1-556.2-ci maddəsinə görə, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Digər diqqət çəkən məqam da odur ki, lizinq predmeti kənd təsərrüfatı texnikası, yəni traktordur. Cavabdeh bu texnikanı kənd təsərrüfatında yalnız mövsümi işlərdə istifadə edə bilsə də, 2020-ci ilin sonunadək ödənişlərini gecikdirməmiş və hər ay bank vasitəsilə icra etmişdir. Hazırda, ödənilməmiş əsas məbləğin üzərinə o qədər də cərimənin hesablanması kəndlinin maddi vəziyyətini olduqca çətinləşdirmiş olar. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqavilə üzrə 3358 manat gecikdirilmiş borc Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilməlidir. İddia cərimə məbləği tələbi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli sazişdın və qəbzin surətindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün Bakı şəhəri, 5 saylı vəkil bürosunun hesabına 500 (beş yüz) manat məbləğində ödəniş edilmişdir. Odur ki, qeyd edilən 500 (beş yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli 1694-GL/16 nömrəli müqavilə üzrə 3358 manat gecikdirilmiş borc Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilsin. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilsin. İddia cərimə məbləği tələbi hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-342/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-342/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver