Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-452/2024 18.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1991-ci il təvəllüdlü Cavabdeh 17 fevral 2021-ci il tarixli, XMK5923549 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1350 (min üç yüz əllu) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz əlli) manat faiz borcu və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1687 (min altı yüz səksən yeddi) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla 17 fevral 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1579 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1350 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 7695 (yeddi min altı yüz doxsan beş) manat faiz borcu yaranmışdır (1350 manat x 570 gün x 1%=7695 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 17 fevral 2021-ci il tarixli, XMK5923549 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1350 (min üç yüz əlli) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz əlli) manat faiz borcu və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1687 (min altı yüz səksən yeddi) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla 17 fevral 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1579 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1350 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 7695 (yeddi min altı yüz doxsan beş) manat faiz borcu yaranmışdır (1350 manat x 570 gün x 1%=7695 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdehin 17 fevral 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1650 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1579 manat dəyəri olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 437.1-437.2-ci maddəsinə əsasən Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «Soliton LTD” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 3642 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Qərara aldım: İddia qismən təmin edilsin. xx xxxxx 1991-ci il təvəllüdlü Cavabdeh 17 fevral 2021 -ci il tarixli mqavilə üzrə 1350 manat əsas borc və 37 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1687 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ**********0000002944, H/h: AZ53İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-452/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-452/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver