Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-88/2023 24.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “mühafizə zolağında qanunsuz olaraq tikilmiş tikilinin sökülməsinə” dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac" İdarəsi, Siyəzən Magistral X6 istismarında olan «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Alekseyevka kəndinin ərazisində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq Quba rayonu, Alekseyevka kəndinin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X6 balans və istismarında olan 426 mm diametrli «Quba QPS qolu» yeraltı magistral qaz kəmərindən mühafizə zonasında 15 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən ərazi mülkiyyət hüququ əsasında ona məxsusdur və torpaq sahəsinə və evə dair çıxarışı mövcuddur. Qeyd olunan qaz kəməri ilə onun inşa etdiyi tikili arasında 25 metrdən çox məsafə vardır. Qeyd olunan qaz kəməri qonşunun bağından keçir. Həmin qaz kəmərinin onun torpaq sahəsi ilə əlaqəsi yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Qaz İxrac” İdarəsi Siyəzən MQKS-nin xx.xx.2021-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin xx.xx.2009-cu il tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş 2.9-2 Azərbaycan Respubliksının Dövlət Tikinti Normalarının tələbləri pozularaq Quba rayon Alekseyevka kəndində yaşayan Cavabdeh tərəfindən 426 mm-lik 12 atm təzyiqli Quba QPS qol qaz kəmərinin mühafizə zonasında kəmərdən 15 metr məsafədə yaşayış evi inşa olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1583 saylı rəyindən görünür ki, Quba rayonu, Alekseyevka kəndinin ərazisində yerləşən 426 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərindən daş hasara qədər olan məsafənin 6.4 metr, fərdi yaşayış evi arasında olan məsafənin 9.2 metr müəyyən edildiyini nəzərə alınsa, həmin daş hasar və fərdi yaşayış evinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7 bəndində göstərilən 50.0m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Eyni Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. Beləliklə, məhkəmə iclasında sübut edildi ki, iş üzrə Cavabdeh xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın müvafiq bəndlərində göstərilən normaları pozaraq, Quba rayonu, Alekseyevka kəndinin ərazisində “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X7 istismarında olan 426 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərindən 15 metr aralıda fərdi yaşayış evi inşa etmiş, nəticədə həmin ev potensial təhlükə mənbəyinə çevrilmişdir. İş materiallarında olan məhkəmə tkinti-texniki ekspertizasının rəyindən göründüyü kimi sözügedən yaşayış evi qaz kəmərinin 20,0 m-lik məsafədə yerləşdiyi müəyyən edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mübahisə predmetini təşkil edən yaşayış evi üzrə mülkiyyət hüququ tanınaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmişdir. Belə olan halda, iddiaçının iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətindədir. İddiaçının iddia tələbinin təmin edilməsi cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə qorunun mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olması, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, «hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəlar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır». Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka istifadə hüququnu, torpaq sahəsinə icarə və istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Məhkəmə, yuxarıda sadalanan qanun normalarına əsaslanaraq, qeyd edir ki, mülkiyyət hüquqları ilə yanaşı, əmlakdan istifadə hüququ da mütləq deyildir və o, qanunla məhdudlaşdırıla bilər. Bu zaman həmin hüququn məhdulaşdırılması imkanının özü və onun xarakteri qanunverici tərəfindən Konstitusiyaya uyğun qaydada müəyyənləşdirilməlidir. O cümlədən istifadə hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər konkretləşdirilmiş olmalıdır. Lakin hər bir halda bu hüququn məhdudlaşdırılması qanunda nəzərdə tutulan müəyyən şərtlərlə bağlanır. Sporronq və Lonnrot İsveçə qarşı məhkəmə işində Avropa Məhkəməsi qeyd etdi ki, mülkiyyət hüququna müdaxilə baş veribsə, bu zaman cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalət tarazlığına riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. Avropa Məhkəməsi Sporronq və Lonnrotun işində bu tarazlığın pozulması qənaətinə gələrək, mövqeyini onunla əsaslandırdı ki, Sporronqun mirasının mülkiyyətçiləri və xanım Lonnrot xüsusi və həddən artıq ağır məhdudiyyətlər yükünə məruz qaldılar; həmin məhdudiyyətlər o halda qanuni ola bilərdi ki, müddətlərin (söhbət mülkiyyətə müdaxilənin müddətindən gedir) azaldılması və ya zərərin əvəzinin ödənilməsi mümkün olsun. Lakin həmin vaxt İsveç qanunvericiliyi bu imkanları istisna edirdi və həmin imkanlardan ikincisini hələ də istisna edir. X2rşı işdə Avropa Məhkəməsi qeyd etdi ki, ödənilən kompensasiya beynəlxalq hüququn ümumi prinsiplərinin tələb etdiyi kimi «adekvat, vaxtında ödənilən və səmərəli» olmalıdır. Slivçenko Latviyaya qarşı işdə Avropa Məhkəməsi bildirdi ki, təminat verilən hüquqlara müdaxiləni təşkil edən tədbir o halda «demokratik cəmiyyətdə zəruri» sayıla bilər ki, təxirəsalınmaz sosial tələbata cavab versin və tətbiq edilən vasitələr qarşıya qoyulan məqsədlərə mütənasib olsun. Cavabdehin qanunla müəyyənləşdirlmiş qaydada mülkiyyət hüququna xitam vermədən onun mülkiyyət hüququndan məhrum edilməsi qadağandır. Göstərilənlərə əsasən məhkəmə məhkəmə belə qənaətə gəlir ki iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “mühafizə zolağında qanunsuz olaraq tikilmiş tikilinin sökülməsinə” dair iddia ərizəsi təmin edilməməlidir. 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “mühafizə zolağında qanunsuz olaraq tikilmiş tikilinin sökülməsinə” dair iddia ərizəsi təmin edilməsin. 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-88/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-88/2023
24.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver