Məhkəmə qərarları › İş №e-2(027)-99/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-99/2025

06.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-99/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Onun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı, Quba rayonu, Məcic-Xaca kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN- 0081 KOD 30321068 nömrəli dövlət aktına əsasən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iş üzrə Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, Quba rayonu, Məcic-Xaca kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-144 F KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kvm olan fərdi yaşayış evinə dair iş üzrə Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********77- 10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; həmin çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh3 arasında 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayaış evinə dair X8 Xidmət Mərkəzinin notariat ofisində bağlanmış AN-İ ******* nömrəli, 15 oktyabr 2021-ci il tarixli, 4Ə-2719 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 Şirinbaba qızının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. Uzun illər Rusiya Federasiyasında yaşamış Azərbaycan Respublikasına gəlməsə də, daimi olaraq Azərbaycan Respublikasında yaşayan valideynləri və digər qohumlarıyla əlaqə saxlamışdır. Rusiya Federasiyasında sənədləşmə işlərini qaydasına salmağa çalışarkən ona məlum olmuşdur ki, doğulduğu ölkədə, yəni Azərbaycan Respublikasında artıq o ölmüş şəxs kimi qeyd olunmuş və adına ölüm haqqında şəhadətnamə işlənmişdir. Bu məlumatın dəqiqləşdirilməsi zamanı ona məlum olmuşdur ki, keçmiş arvadı olan iş üzrə Cavabdeh1 2007-ci ildə onunla rəsmi qaydada ayrılmağına və onunla hər hansı qohumluq münasibətləri olmamağına baxmayaraq 2011-ci ildə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməyilə əlaqədar ölmüş elan edilməyi barədə qətnamə qəbul edilməsinə nail olmuşdur. Qeyd edilən qətnamə əsasında da onun ölümü ilə bağlı Quba rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 10 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. Qeyd edilənlər ona məlum olduqdan sonra o qardaşı X4 vasitəsilə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(027)-233/2023 saylı qətnaməsi ilə ərizə təmin olunaraq onun 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməyilə əlaqədar ölmüş elan edilməyi barədə Quba Rayon Məhkəməsinin 2(027)- 1078/2011 saylı, 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə qanunu qüvvəyə mindikdən sonra o sənədlərini qaydasına salaraq Azərbaycan Respublikasına qayıdaraq Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi əldə etmişdir. Bundan sonra adına olan əmlaklarla bağlı məlumat almaq üçün müvafiq orqanlara müraciət etmişdir. Müvafiq sorğu cavablarından sonra ona məlum olmuşdur ki, ona məxsus Quba rayonu, Məcic-Xaca kəndi ərazisində ümumbirgə 0,43 ha ölçüdə torpaq sahəsi və ümumbirgə JN-144F nömrəli şəhadətnamə üzrə 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Quba Rayon Məhkəməsinin 2(027)-2590/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Eyni zamanda Cavabdeh1 məhkəmə qətnaməsi ilə öz adına özgəninkiləşdirilmiş JN-144F nömrəli şəhadətnamə üzrə torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli, 4Ə- 2719 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirmişdir. Adına olan əmlakların onun sağ ikən ölmüş kimi qələmə verilərək, cavabdehlə aralarında olan nikah 2007-ci ildə pozulduqdan sonra 2018-ci ildə həmin cavabdehin yenə də onun arvadı və qanun üzrə birinci növbəli vərəsəsi kimi qələmə verilərək məhkəmə qətnaməsi əsasında Cavabdeh1 adına keçməsini öyrəndikdən sonra Quba Rayon Məhkəməsinə müraciət edərək 2(027)-2590/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnamənin surətini rəsmi qaydada əldə etdikdən sonra ona məlum olmuşdur ki, iş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək ondan qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, Torpağa Mülkiyyət Hüququna dair JN-0081 KOD 30321068 nömrəli dövlət aktına əsasən 0,43 ha torpaq sahəsindən və Torpağın Mülkiyyətə verilməsinə dair JN -144F KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsindən ona düşən paya və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinə vərəsəlik üzrə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2590/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə də ərizə təmin edilmiş, Cavabdeh1 ondan qalmış mirası qəbul etməsi faktı müəyyən edilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-0081 KOD 30321068 nömrəli dövlət aktına əsasən 0,43 ha torpaq sahəsindən və Torpağın Mülkiyyətə verilməsinə dair JN-144 F KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsindən ona düşən paya və həmin Torpağın mülkiyyətə verilməsinə dair JN-144 F KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 64.8 kv.m, yaşayış sahəsi 42,0 kv.m, köməkçi sahəsi, 22,8 kv. m olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə Cavabdeh1 vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilmişdir. Hal-hazırda onun vəfat etdiyi təsdiq edilmədiyindən və o sağ olduğumdan, o cümlədən ölmüş olsaydı belə, iş üzrə Cavabdeh1 onun miras əmlakı üzərində hər hansı söz haqqı olmadığından (çünki aralarında olan nikah 2007-ci ildə pozulmuşdur) ondan qalmış mirasın qəbul edilməsi və bölüşdürülməsi ilə bağlı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün apellyasiya şikayəti vermişdir. Hal-hazırda ona məlum olmuşdur ki, Quba Rayon Məhkəməsinin apellyasiya qaydasında mübahisələndirdiyi qətnaməsindən sonra ona məxsus Quba Rayonu, Məcic- Xaca kəndində yerləşən 0,14 ha ümumbirgə torpaq sahəsinə verilmiş JN-144 F nömrəli şəhadətnamə və üzərində yerləşən fərdi yaşayış evinə dair, o cümlədən JN-81 saylı Dövlət Aktı üzrə Quba rayonu, Məcic-Xaca kəndində yerləşən 0.43 ha ümumbirgə torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iş üzrə Cavabdeh1 adına çıxarışlar işlənmişdir. Bundan sonra isə Cavabdeh1 Quba rayonu, Məcic-Xaca kəndində 0,1333 ha torpaq sahəsini və üzərində yerləşən 69 kv. m ümumi sahəsi olan fərdi yaşayış evini Quba regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində təsdiq olunmuş AN-İ ******* saylı, 15 oktyabr2021-ci il tarixli, 4Ə-2719 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Cavabdeh3 da qeyd edilən alqı-satqı müqaviləsindən sonra ona məxsus olan torpaq sahəsinə və fədi yaşayış evinə öz adına xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Göründüyü kimi onun mülkiyyət hüququ iş üzrə cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Ona görə ki, o sağ olduğu, iş üzrə Cavabdeh1 da bundan xəbəri olduğu halda onun əmlakını ələ keçirmək üçün onu ölmüş elan etdirmişdir. Halbuki Cavabdeh1 ümumiyyətlə onu ölmüş elan etdirməyə, onun əmlakını vərəsəlik yolu ilə ələ keçirməyə heç bir hüququ olmamışdır. Çünki yuxarıda da qeyd etdiyim kimi, Cavabdeh1 ilə aralarında olan nikah 2007-ci ildə pozulmuş və bununla bağlı 46 nömrəli, xx.xx.2007-ci il tarixli nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. İş üzrə cavabdeh 2007-ci ildə onunla olan münasibətləri bitdiyi və onunla heç bir qohumluq əlaqəsi olmadığı halda 2018-ci ildə məhkəmə qaydasında ondan qalmış mirası arvadı kimi qəbul etmiş, daha sonra isə normal vərəsəlik işlərində olduğu kimi, məhkəmə qətnaməsindən sonra vərəsəlik açdıraraq qanun üzrə vərəsəlik şəhadətnaməsi alıb, sonra əmlakı öz adına keçirməli olduğu halda, bu mərhələni keçməyərək bir başa iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də vərəsəlik işinin olmamasına, iş üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin olmamasına baxmayaraq həmin şəxsə bir başa çıxarışlar vermişdir. Sonra da iş üzrə Cavabdeh1 onun əmlakını iş üzrə digər Cavabdeh3 satmışdır. Onun sağ olduğunu və Rusiya Federasiyasında yaşadığını isə Quba rayonu, Rustov kəndində, o cümlədən Məcic-Xaca kəndində bilməyən olmamışdır. Hesab edir ki, iş üzrə Cavabdeh3 da bundan məlumatı olmuşdur. Onun sağ olduğunu bilə-bilə ona məxsus əmlakı satın almışdır. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı əlavə cavabdehin cəlb olunması barədə vəsatət və iddianın həcminin artırılması barədə ərizə təqdim edərək vəsatətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsində iddia tələbi üzrə mülki işin icraatı dayandırıldığı müddətdə iş üzrə cavabdehlərdən Cavabdeh3 məhkəmədə mübahisə predmeti olan ona məxsus olmuş fərdi yaşayış evini xx.xx.2024-cü il tarixli, 4Ə-394 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına özgəninkiləşdirmiş və Cavabdeh5 da xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla hüquqlarını qeydə aldırmışdır. Qeyd edilən hadisədən yeni mülkiyyətçinin onun yanına gələrək mübahisələndirdiyim evi satın aldığını bildiridiyindən sonra müvafiq dövlət orqanına vəkil sorğusu ilə müraciət etdikdən sonra məlumatım olmuşdur. Göründüyü kimi, iş üzrə cavabdehlər vicdansız davranış nümayiş etdirərək, işin məhkəmə icraatında olduğunu bilə-bilə ona məxsus olmuş əmlakları geri qaytarmasına hər vasitə ilə maneə olmağa çalışırlar. Hal-hazırda iddia tələbin dəqiqləşdirərək digər tələblərlə yanaşı sonuncu çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh5 arasında Quba rayonu, Məcic-Xaca kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-394 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin qeyd edilən hissəsində hissəsində Cavabdeh5 cavabdeh qismində cəlb edilməlidir. Cavabdeh3 məhkəməyə etiraz və yazılı izahat təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, AN-İ, № ******* saylı Alqı-Satqı Müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən torpaq sahəsini almışdır. Daha sonra üçüncü şəxslərə satmışdır. Bir neçə ay ona məhkəmədən bildiriş gəlmişdir. Satıcı və cavabdeh olan Cavabdeh1 zəng edib nə iş olduğunu, İddiaçı kim olduğunu soruşduqda ona bidirmişdi ki, İddiaçı ölmüş əridir, hardansa gəlib. Ondan əmlakın problemi var idisə, nə üçün ona demədiyini bildirmiş, lakin Cavabdeh1 keşmiş ərinin 15 ildən sonra diriləcəyini bilmədiyini, onun ölməsinə dair sənədlərin olduğunu bildirərək telefonla ona göndərmişdir. Həmin sənədlərdən də götünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə ölmüş, buna dair Qeydiyyat aparılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-2590/2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən mirası qəbul edilməsi faktı müəyyən edilmişdir. 2021-ci il tarixdə torpaq sahəsini alarkən İddiaçı əmlaka aidiyyətinin olmasına dair nə onun, nə də notariusun məlumatı olmamış, Cavabdeh1 isə 2012-ci il tarixdən ölüm şəhadətnaməsi olan keçmiş ərinin sağ olması barədə məlumatı olmamışdır. Mübahisəli əmlakı qanuni əsaslarla əldə etdiyindən ona münasibətdə iddianın təmin edilməməsini və iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonunda qeydiyyatdadır, Mahirə ilə heç bir yaxınlıq və qohumluq əlaqələri olmayıb, onu tanımayıb. Ev alqısatqı elanlarında təsadüfən evin satılması barədə elanı oxumuş və Mahirə xanımla telefon əlaqəsi qurmuş, bir-neçə dəfə danışdıqdan sonra yerində gəlib baxış keçiriblər. Quba Regional “ASAN Xidmət" Mərkəzində evin sənədlərini yoxlatdırıblar. İki dəfə gəlib-getdikdən sonra razılığa gəlib, üçüncü dəfə alqı-satqını gerçəkləşdiriblər. O evin alınmasına behlə birlikdə təxminən 14 000 manat pul verib. Sonradan adına çıxarış aldıqdan sonra, evdə və ətrafında təmizlik-təmir işləri gördürmüş, sanitar qobşağı tikdirmiş, təmir etmiş, evin yerləşdiyi torpaq sayəsində xeyli sayda müxtəlif meyvə ağacları əkmişdir. Lakin Bakıdakı mənzilinin problemlərindən dolayı məcburiyyətdən aldığı evi 3-cü şəxsə Cavabdeh5 satmışdır. Qeyd etmişdir ki, o, G. Əsgərzadəni də tanımamış, onunla da elanlar vasitəsilə tanış olaraq, alqı-satqını yerinə yetirmişdir. Aldığı və ona məxsus sözü gedən mübahisəli evi Gülmurada 32 000 manata satmışdır. İzahatının sonunda vicdanlı alıcı olduğunu, mübahisəli əmlakı qanuni əsaslarla əldə etdiyini, iddiaçını ilk dəfə gördüyünü və iddianın ona heç bir aidiyyəti olmadığını qeyd edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, keçmiş əri İddiaçı 1994-cü ildən Rusiyaya getmiş, ondan sonra nə ölüsündən, nə dirisindən xəbəri olmamışdır. Onun qayıtmağından belə xəbəri olmamışdır. Dəfələrlə qaynı Nazimdən bu barədə soruşsa da, barəsində ona heç bir məlumat verilməmişdir. Hətta varsa telefon nömrəsini ona verməsini istəsə də, onun harda olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, qardaşı İddiaçı ölümünü təsdiq edən məhkəmə qətnaməsindən onun xəbəri olmamış, nə Mahirə onlara bir söz demiş, nə də ki, məhkəmədən onlara məlumat verilməmişdir. Hesab edir ki, sağ ikən onun əmlakını satmaq və mənimsəmək qanunlara ziddir və iddia əsaslıdır, təmin olunmasını xahiş etmişdir. Cavabdeh5 məhkəməyə teleqram göndərərək, məkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun işturakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin məhkəməyə ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, cavabdehin etirazını və digər sübutları araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********77 reyestr nömrəli, Seriya RX olan, ******* nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Məcic-Xaca kəndində yerləşən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kvm olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Quba rayonu, Rustov kənd sakini (Məcic-Xaca kəndi) Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Məcic-Xaca kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-144 F KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kvm olan fərdi yaşayış evini ünvan 2 ünvanında qeydiyytda olan və yaşayan Cavabdeh3 satmışdır. Alqı-satqı müqaviləsi Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisində 4Ə-2719 nömrə ilə reyesterdə qeydə alınaraq təsdiq edilmişdir. İş materiallarında olan Quba rayon Rustov İƏD üzrə nümayəndəliyinin 875 nömrəli arayışından göründüyü kimi, Rustov İƏD üzrə nümayəndəliyi Məcic-Xaca kənd sakini Cavabdeh1 mülkiyyətində olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********77 reyestr nömrəli, Seriya RX olan, ******* nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,1333 ha həyətyanı torpaq sahəsinin ərazisində 1988-ci ildə tikilmiş 2 otaqdan ibarət, ümumi sahəsi 69.0 kvm, yaşayış sahəsi 43.8 kvm, köməkçi sahəsi, 25.2 kv.m olan 1 mərtəbəli fərdi fərdi yaşayış evində Cavabdeh1 başqa heç kim qeydiyyatda yoxdur və yaşamır. İş materiallarında olan “Elektron notariat” AİS vasitəsilə “Vətəndaşlıq vəziyyəti Aktları” AQİS-in çıxarışından göründüyü kimi, X3 ilə İddiaçı arasında xx.xx.1979-cu ildə 4AZ-İ 313800 seriya ilə nikah bağlanmış nikah haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeyd edilmiş və nikahdan sonra ərə “Zeynalov”, arvada “Zeynalova” soyadı verilmişdir. Həmin nikah xx.xx.2007-ci il tarixində 7AZ-İ 068151 seriya ilə ləğv edilmiş, nikahın pozulması haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 27 sentyabr 2018-cü il tarixli 2(027)- 2590/2018 saylı qətnaməsilə ərizənin təmin edilməsi, ərizəçi Cavabdeh1 Şirinbala qızının İddiaçı qalmış mirası qəbul etməsi faktı müəyyən edilməsi, İddiaçı miras qalmış Torpağa Mülkiyyət Hüququna dair JN-0081, KOD 30321068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən 0,43 ha torpaq sahəsindən və Torpağın Mülkiyyətə verilməsinə dair JN 144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsindən İddiaçı düşən paya və həmin Torpağın Mülkiyyətə verilməsinə dair JN-144F, KOD 30321068 nömrəli şəhadətnaməyə əsasən 0,14 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 64,8 kv. metr, yaşayış sahəsi 42,0 kv. metr, köməkçi sahəsi 22,8 kv. metı olan 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarət fərdi yaşayış evinə Cavabdeh1 Şirinbala qızının vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1271/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən göründüyü kimi, apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2590/2018 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, ərizənin təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 həyat yoldaşı İddiaçı uzun illər Rusiya Federasiyasında yaşaması əsası ilə Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsiyilə əlaqədar ölmüş elan edilir. Qeyd edilən qətnamə əsasında da onun ölümü ilə bağlı Quba rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 10 nömrəli ölüm akt qeydi tərtib edilir və mübahisəli əmlaka dair Cavabdeh1 vərəsəlik üzrə mülkiyyət hüququ məhkəmə qətnaməsi əsasında müəyyən edilir. Bundan sonra Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Məcic-Xaca kəndində yerləşən 0,1333 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69 kvm olan fərdi yaşayış evini 15 oktyabr 2021-ci ildə Cavabdeh3 satmışdır. Cavabdeh3 öz növbəsində həmin əmlakı xx.xx.2024-cü il tarixdə Cavabdeh5 satmışdır. İddiaçı şikayətləri əsasında onun ölmüş elan edilməsi və vərəsəlik üzrə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamələr ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 42.2-ci maddəsinə əsasən, nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən, ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin əqdin etibarsız hesab edilməsinə əsas verən hər hansı hal müəyyən edilmir, qeyd edilən müqavilə tərəflərin iradə ifadəsini əks etdirən əqd qismində çıxış etmiş, qarşılıqlı iradə ifadəsinin, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməklə münasibətlər alqı-satqı ilə nəticələnmişdir. Habelə, məhkəmə hesab edir ki,məhkəmə tərəfindən alıcılar Cavabdeh3 və Cavabdeh5 vicdanlı sahib olduğu müəyyən edildiyindən, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə , Quba Regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə və və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar