Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-13/2025 08.01.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ Giriş hissə: X1 Səlim qızının sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borc məbləğinin tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı “borc məbləğinin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 3840 nömrəli «Nisyə alqı-satqı haqqında» müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Alexandrite Pro” (Mənşə ölkəsi: Çin) cihazı və öncədən görünüşləri razılaşdırılmış hədiyyələr xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 65000 (altmış beş min) manat müəyyən edilmişdir. «Müqavilə Əlavəsi»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən hissə-hissə olmaqla ümumilikdə 16968 (on altı min doqquz yüz altmış səkkiz) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş xx.xx.2024-cü il tarixdə 2184 (iki min yüz səksən dörd) manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş öhdəliyi tam icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3840 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilənin 2.3-cü bəndi Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmin pozuntu İddiaçı MMC-nin müqavilə bağlanandan və satış obyektləri təhvil veriləndən sonra cavabdehin ödənişlərinə ümid etməsi, lakin cavabdeh tərəfindən ödəniş edilmədiyi üçün İddiaçı MMC-nin ödənilməli pul vəsaitinə münasibətdə xeyli dərəcədə məhrum olmasında öz əksini tapmışdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3840 nömrəli «Nisyə alqı-satqı haqqında» müqavilənin 10.2-ci bəndinə əsasən, bu müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan müqavilənə əsasən «Sifarişçi» tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi və ya natamam icra etdiyi halda,«İcraçı» tərəf müqavilənin ləğvinə və qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tam şəkildə «Sifarişçi»dən «İcraçı»nın xeyrinə tutulmasına dair aidiyyatı məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3840 nömrəli nisyə alqı-satqı haqqında müqaviləsi üzrə qalıq ümumi borc məbləği olan 48032 manat borcun, 109,2 manat müqavilə üzrə hesablanmış cərimə məbləğinin və 235 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 48376,20 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 3840 saylı, xx.xx.2024-cü il tarixli “nisyə alqı-satqı haqqında” müqavilədən görünür ki, sifarişçi Cavabdeh satış obyektini sifariş verib icraçı İddiaçı MMC-yə razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, icraçı isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı öhdəsinə götürür.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilə əlavəsindən görünür ki, sifarişçi Cavabdeh ilə icraçı İddiaçı MMC arasında bağlanmış 3840 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin satış obyekti olan “Alexandrite Pro”nun satış qiyməti 65000 manat təşkil edir. Satış obyektinin qiyməti 24 ay müddətində, 25 mərhələdən ibarət olmaqla sifarişçi tərəfindən ödənilməlidir.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 3840 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Alexandrite Pro, soyutma cihazı KLS106, kuşetka, stul, stabilizator, alət masası, həkim eynəyi, pasient eynəyi, distillə su və reklam Roll up adlı predmetləri saz vəziyyətdə, qüsursuz olaraq təhvil almış və etirazı yoxdur.
10. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli kassa mədaxil orderlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 12600 manat, 2184 manat, 2184 manat ödəniş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 3840 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 65000 manat olan əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun MMC-yə ödənilməmiş borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
14. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.
15. Belə olan halda hazırkı mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
22. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
23. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
24. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
25. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 235 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 48.032 (qırx səkkiz min otuz iki) manat əsas, 109,20 (bir yüz doqquz manat, iyirmi qəpik) manat cərimə borcu, cəmi 48.141,2 (qırx səkkiz min yüz qırx bir manat, iyirmi qəpik) manat məbləğində pul, ödənilmiş 235 (iki yüz otuz beş) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 48.032 (qırx səkkiz min otuz iki) manat əsas, 109,20 (bir yüz doqquz manat, iyirmi qəpik) manat cərimə borcu, cəmi 48.141,2 (qırx səkkiz min yüz qırx bir manat, iyirmi qəpik) manat məbləğində pul, ödənilmiş 235 (iki yüz otuz beş) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva