Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-183/2025 02.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi Cavabdeh iştirakı ilə İddiaçı “X1” MMC-nin Cavabdeh qarşı “pul tələbinə”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 50 manat peniya borc və 30 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “X1” MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “X1” MMC “Drop+” markalı sutəmizləyici filtri Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə göstərilən mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu isə bu malları qəbul etmişdir. xx.xx.2023-cü il tarixli müqavilənin 1 saylı Əlavəsinə əsasən satılan malın cəmi dəyəri 1000 manat təşkil etmişdir. Müqavilənin 1.1, 3.12 və 4.2-ci bəndlərinə əsasən alıcı müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini pul şəklində hissə-hissə və ya tam ödəməlidir. Alıcı tərəfindən alınan mallara görə satıcıya 100 manat ödəniş edilsə də, 900 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etməklərinə, danışıqlar aparmaqlarına baxmayaraq, onun tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Müqavilənin 4.6-cı maddəsinə əsasən alıcı satıcıya hər gecikdirilmiş gün üçün malın qalıq məbləğinin 1% miqdarında penya ödəməyi üzərinə götürür. Buna görə də cavabdehdən əlavə olaraq penya şəklində 50 manat pul tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə 2023-cü ildə alqı-satqı müqaviləsi bağlayaraq dəyəri 1000 manat olan sutəmizləyici avadanlıq almışdır. İlkin olaraq 100 manat ödəniş etmişdir. Şirkət avadanlığı onun evində quraşdırdıqdan bir həftə sonra həmin avadanlığın onlara geri qaytarılması fikrinə gəlmiş və iddiaçı tərəfi bu barədə məlumatlandırılmışdır. Belə ki, aldığı sutəmizləyici avadanlığın keyfiyyətinin dəyərcə ondan ucuz sutəmizləyici avadanlıqla heç bir fərqi olmadığına görə malı geri qaytarmağı qərara almışdır. Qarşı tərəf isə quraşdırdığı avadanlığı geri götürməmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən “X1” MMC Cavabdeh Dropt markalı su təmizləmə sistemini satır, alıcı isə həmin malı qəbul edir və müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 1 saylı xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən Cavabdeh ümumi dəyəri 1000 manat təşkil edən Dropt markalı su təmizləmə sisteminə görə ilkin ödəniş olaraq 100 manat ödəyir. Yerdə qalan məbələği isə hər ay 100 manat olmaqla 9 ay müddətinə tam olaraq ödəməyi öz üzərinə götürür. Ödənişlər hər ayın 25-i tarixinədək ödənilməlidir. İddiaçı “X1” MMC-nin arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 900 manat borcu bu günə qədər ödənilməmişdir. İddiaçı “X1” MMC qiymətləndirilən iddia ərizəsinin Qubadlı Rayon Məhkəməsinə verilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 900 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 50 manat peniya borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı “X1” MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-183/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-183/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver