Məhkəmə qərarları › İş №e-2(028)-211/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-211/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-211/2025 01.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1080 manat əsas borcun, 267,84 manat cərimənin və məhkəməyə müraciət etmək üçün vəkilə ödədiyi 125 manat xidmət haqqı və dövlət rüsumu üçün ödədiyi 34 manat vəsaitin, ümumilikdə 1472,84 manat məbləğində pulun alınaraq tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 45-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən Samsung mağazasında fiziki şəxs kimi məişət avadanlıqlarının satışı ilə məşğuldur və vergi ödəyicisidir. Cavabdeh xx.xx.2024-cü il tarixli № 3142-li "(Nisyə) Satış müqaviləsinə əsasən direktoru olduğu Samsung satış mağazasından 1283 manat dəyərində olan "Playstation SONY PlayStation 5 Slim 1 TB" almışdır. Cavabdeh aylıq qrafik əsasında ödənişi tam həyata keçirilməli olsa da, yalnız ilkin ödəniş olaraq 203 manat ödəni etmiş, sonra isə heç bir aylığı ödəməmişdir. Hal-hazırda 1347,84 manat (1080 manat əsas, 267,84 manat cərimə ) qalıq borcu qalmışdır. Cavabdehin yaşadığı ünvan 1 ünvanına xəbərdarlıq məktubu göndərilsə də, o borcunu ödəməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan №3 142 saylı xx.xx.2024-cü il tarixli (Nisyə) Satış müqaviləsindən görünür ki, satıcı İddiaçı alıcı Cavabdeh bu müqaviləyə əsasən qiyməti 1283 manat olan avadanlığı verməyi, alıcı isə onu qəbul edib avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan № 3 142 saylı xx.xx.2024-cü il tarixli (Nisyə) Satış müqaviləsinə edilmiş 1 saylı əlavədən görünür ki, Cavabdeh dəyəri 1283 manat olan avadanlığın dəyərini ilkin ödəniş 203 manat ödədikdən sonra 1080 manat qalıq borcu 12 ay müddətinə ödəməlidir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, №3 142 saylı müqavilə üzrə Cavabdeh 1080 manat borcu vardır. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı Vəkil bürosunun EM-2088VK-8231/25 saylı xx.xx.2025-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqaviləsindən görünür ki, İddiaçı ona pul tələbinə görə tapşırığın icrası üçün vəkil Nümayəndə-ə 125 manat haqq verilməsini razılaşmış və Leobank vasitəsi ilə ödəniş etmişdir. İş materialında olan xəbərnamədən görünür ki, İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçının vəkilə ödədiyi 125 manat rüsumu cavabdehdən onun xeyrinə tutulsun. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Ona görə də iddiaçının xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 267,84 manat məbləğində cərimənin tutulması tələb olunur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cərimə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 100 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1305 manat olduğundan (1080 manat əsas + 100 manat dəbbə + 125 manat vəkilə ödənilmiş xidmət haqqı) iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumunun 33 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 1 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1080 manat əsas borc, 100 manat cərimə borcu, məhkəməyə müraciət etmək üçün vəkilə ödədiyi 125 manat xidmət haqqı, cəmi 1305 manat və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 1 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar