Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-22/2025 15.01.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ Giriş hissə: X5 Səlim qızının sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 19:00 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi ərazisində Cavabdeh idarə etdiyi və tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-TU- *** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Tiida” markalı, **-UB-*** və “Renault Megane” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qiymətləndirmə aktlarında göstərilmişdir ki, “Renault Megane” markalı, **- SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2300 manat və “Nissan Tiida” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 430 manat təşkil edir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA143694 və PXA143695 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə müvafiq olaraq 2300 manat və 430 manat, cəmi 2730 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2730 manat məbləğində sığorta ödənişinin, 48 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Cavabdeh onun oğludur. Oğlu onun icazəsi olmadan heç vaxt maşını (“VAZ 21074” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil) idarə etməyib. Hadisə baş verən gün özü “Okean” Şadlıq Sarayında toyda olub. Şəkər xəstəsidir. Özünü pis hiss etdiyi üçün oğlunu onu toydan götürməyə görə çağırıb. Həmin vaxt toya gələrkən maşınını vağzal tərəfdə - şadlıq sarayından 200 metr aralıda saxlayıb. Oğlu həmin yerdən maşını sürüb saraya yaxınlaşan zamanı toqquşma hadisəsi olub. Hadisə yerindən video görüntülər də mövcud olmuşdur. Sığorta toqquşmada zərər çəkən digər iki şəxsə ödənişlər etmişdir. Həmin nəqliyyat vasitəsini etibarnamə ilə almışdır. 1 ilə yaxındır ki, həmin maşını satıb. “VAZ 21074” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün iki dəfə etibarnamə almışdır.
8. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Renault Megane” markalı, **-SD- *** dövlət qeydiyyat nişanlı avtomobilə 2300 manat məbləğində ziyan dəymişdir.
9. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Nissan Tiida” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 430 manat məbləğində ziyan dəymişdir.
10. İş materiallarında olan İXP № ******* saylı, xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər DYPŞ-nın inzibati xəta haqqında protokolundan və TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “VAZ 21074” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.
11. İş materiallarında olan PXA143694 saylı sığorta aktından görünür ki, xx.xx.2023cü il tarixdə saat 19:00-da Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində sığortalanmış “LADA (VAZ) 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Tiida” markalı, **-UB-*** və “Renault Megane” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən maddi zərərin məbləği 2300 manat təşkil edir. (Məbləği alan X1)
12. İş materiallarında olan PXA143695 saylı sığorta aktından görünür ki, xx.xx.2023cü il tarixdə saat 19:00-da Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində sığortalanmış “LADA (VAZ) 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Tiida” markalı, **-UB-*** və “Renault Megane” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən maddi zərərin məbləği 430 manat təşkil edir. (Məbləği alan X3)
13. İş materiallarına əlavə edilmiş mygov-dan əldə edilmiş etibarnamələrə dair çıxarışdan görünür ki, ** TU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X4 tərəfindən Şahid sahibliyinə verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmış “LADA (VAZ) 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, yol-nəqliyyat hadisəsi törətmiş və “Nissan Tiida” markalı, **-UB-*** və “Renault Megane” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, sığorta aktlarına əsasən sığorta şirkəti tərəfindən avtomobillərə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 2730 manat məbləğində pulu cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
16. Maddə 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.
17. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
21. Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
22. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
23. Həmin Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqazidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.
24. Qeyd olunmalıdır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.
25. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.
26. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.
27. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur.
28. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.
29. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır.
30. Göründüyü kimi iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsində təqsirli olan Cavabdeh etibarnaməsinin olmamasını əsas gətirərək, sığorta ödənişinin əvəzini tələb edir. Halbuki, "xxxx" ASC-də sığortalanmış “LADA (VAZ) 2107” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh atası Şahid istifadəsində (sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə əsasında) olmuş və sonuncunun razılığı ilə Cavabdeh tərəfindən idarə edilmişdir.
31. Məhkəmə onu da qeyd edir ki, sığorta olunan əmlakın başqa şəxsin istifadəsinə (etibarnamə olmadan) verilməsi sığorta riskinin dəyişməsi ilə bağlı olan və bu barədə sığortaçıya məlumat verilməsini gərəkdirən hal deyildir.
32. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.
33. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddiası rədd edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva