Məhkəmə qərarları › İş №e-2(028)-260/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-260/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-260/2022 06.07.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən X4, televizor altlığı üçün 1602 manat ödənilməmiş hissə, 160 manat cərimə pulu olmaqla ümumilikdə 1762 manat borc və 37,62 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək tələbə etiraz etmişdir.Qubadlı Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləsinə X4, televizor altlığı almış və nəticədə 1762 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2012 manat (yəni 12 ay x 167,6 manat + 0,8 manat ilkin ödəniş) olan X4, televizor altlığı üçün ümumilikdə 1762 manat olmaqla ondan 1602 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 160 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 410 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Digər tərəfdən cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanlamış xx.xx.2022-ci il tarixli etiraz ərizəsində göstərmişdir ki, iddia əsassızdır.İddiaçıya dəfələrlə şifahi xəbərdarlıq edib. Belə ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-dən X4 və televizor altlığını qızıl zəmanətlə alıb.Kredit borcunu vaxtlı-vaxtında ödəyib. Lakin bir müddət sonra aldığı televizor xırda zədəyə görə işləməyib.Bununla bağlı Cəmiyyətə dərhal məlumat verib.Qızıl zəmanətin olmasına görə nümayəndə televizorun dəyişilib yenisi ilə əvəz ediləcəyini bildirib.Lakin bununla bağlı heç bir tədbir görülməyib və hər dəfə bir bəhanə gətirilərək vaxt əldə ediblər.Daha sonra qızıl zəmanətin vaxtı bitib. Bundan sonra isə ümumiyyətlə televizoru dəyişməyəcəklərini bildirib və ödənişləri tələb ediblər.Bütün bunlardan sonra ödənişin edilməsini dayandırıb.Çünki Cəmiyyət onu aldadıb.Bu azmış kimi yararsız əşyalarına görə məhkəməyə də verilib.İddia tələbini qəbul etmir.Buna görə də iddia tələbinə etiraz edir.Hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iddiaçının nümayəndəsini, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC Cavabdeh ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X4 və televizor altlığı müqavilədə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə ona satılmışdır. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə, məsuliyyət daşıyırlar. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilənin şərtlərini kobud surətdə pozaraq, müqavilələyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq məhkəməyə müraciət olunacaq. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən X4 və televizor altlığı üçün 1602 manat ödənilməmiş hissə, 160 manat cərimə pulu olmaqla ümumilikdə 1762 manat borcu vardır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "xxxx" MMC Cavabdeh ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X4 üçün qızıl zəmanət 2 ildir.Bu müddət ərzində istehlakçı aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etməmişdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği - 160 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 30 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən X4 və televizor altlığı üçün 1602 manat ödənilməmiş hissə, 30 manat cərimə pulu olmaqla ümumilikdə 1632 manat borc və 37,62 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar