Məhkəmə qərarları › İş №e-2(028)-269/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-269/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-269/2025 13.10.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 5248,80 manat pul vəsaiti və ödənilmiş 72,49 manat manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli AZL-2208 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2024-cü il buraxılışlı, “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 412,63 manat, ümumilikdə isə 22556 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22556 manatın 17050 manatı əsas məbləğ təşkil edir. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(028)-564/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək, “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1266,69 manat pulun tutulması qət edilmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5248,8 manat ziyan dəymişdir. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun ifadə verərək, "xxxx" MMC-nin mütəxəssiz rəyi ilə razı olmadıqlarını bildirmiş və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, nə iddiaçının tələbini qəbul etmiş, nə də "xxxx" MMC-nin rəyi ilə razı olmuşdur. Hesab edir ki, “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilə istər iddiaçı, istərsə də mütəxəssiz tərəfindən hesablanmış məbləğdə ziyan dəyə bilməz. Tələb olunan məbləği ödəmək imkanında deyildir. İşsizdir. Müavinət alır. Heç bir köməyi yoxdur. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, AZL-2208 saylı xx.xx.2024-cü il tarixli X2 əsasən İddiaçı MMC (lizinq verən) müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh (lizinq alan) sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Müqavilənin əsas məbləği 17050 manat. Müqavilənin 10.5-ci bəndinə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. AZL-2208 saylı xx.xx.2024-cü il tarixli X2 xx.xx.2024-cü il tarixli №1 Əlavəyə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış lizinq müqaviləsinin predmeti qiyməti 17050 manat olan “Khazar LX” markalı minik maşınıdır. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına (Müqaviləyə 2 saylı Əlavə) əsasən satıcı "xxxx" MMC tərəfindən alıcı İddiaçı MMC və lizinq alan Cavabdeh “Khazar LX” markalı minik maşını təhvil verilmişdir. Alıcı bütün lizinq obyektini tam həcmdə, tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı tərəfindən təhvil verilməsini təsdiq edir. Tərəflərin bir-birinə heç bir iddiaları yoxdur. Bu aktın imzalanması ilə lizinq obyekti lizinq alanın Cavabdeh müvəqqəti sahibliyinə verilir. “X5” MMC-nin xx.xx.2025-ci il tarixli Qüsur Aktına əsasən “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nazaslıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrin və texniki xidmətin təmiri 5248,8 manat təşkil edir. TP6501796 saylı xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə 07:50-də Binəqədi şossesində “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməklə qaydanı pozmuş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrinə əsasnə ona 80 manat cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir. Cavabdeh Binəqədi RPİ-də verdiyi ifadəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə 07:50 radələrdə "xxxx" MMC-yə məxsus yol vərəqəsi ilə idarə etdiyi “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi şossesində hərəkətdə olduğu zaman işıqfora diqqət yetirməməsi nəticəsində “Ford” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonra isə “Nissan” markalı **-VO-*** qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-564/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Lizinq obyekti olan 2024-cü il buraxılışlı, “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı rəngli avtomobin Cavabdeh İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh xx.xx.2024-cü il tarixli AZL- 2208 saylı X2 əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 636,44 manat gecikdirilmiş əsas borc, 580,25 manat gecikdirilmiş mükafat borcu, həmin günə hesablanmış 50 manat dəbbə pulu, cəmi 1266,69 manat borcun və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. "xxxx" MMC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 72,49 manat dövlət rüsumu ödəmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən xx.xx.2025-ci il tarixdə “X5” MMC tərəfindən verilmiş qüsur aktına əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği xx.xx.2025-ci il tarixə 4575 manat təşkil edir. "xxxx" MMC-nin ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişə əsasən e-2(028)-269/2025 saylı mülki iş üzrə həyata keçirilmiş təqdidatın dəyəri 250 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. -748-7.2-ci maddəsinə əsasən satıcının müflisləşməsi ilə bağlı riskin məsuliyyətini, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, satıcını seçən tərəf daşıyır. -748-7.3-cü maddəsinə əsasən lizinq obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektini seçən tərəf daşıyır. -748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: -748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; -748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; -748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; -748-11.1.4. lizinq verənin mükafatının məbləği; -748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; -748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; -748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. -748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyanın vurulması iş materiallarına əlavə edilmiş sənədlərlə öz təstiqini tapmışdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4575 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 72,49 manat dövlət rüsumunun 65,75 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 6,74 manat iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən 4575 manat pul vəsaiti və 65,75 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı xeyrinə tutulmalı, dövlət rüsumunun 6,74 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. -117.2-ci maddəsinə əsasən Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə təşəbbüsü ilə mülki iş üzrə ekspertiza tətqiqatının aparılması qərara alındığından və iddia tələbi qismən təmin edildiyindən "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyərini, yəni 250 manatı tərəflərin hər ikisi bərabər şəkildə (iddiaçı 125 manat, cavabdeh 125 manat) Cəmiyyətin xeyrinə ödəməlidir. - 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 4575 manat borc və 65,75 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 6,74 manatı iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının 125 (bir yüz iyirmi beş) manat dəyəri iddiaçı "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" MMC, VÖEN : **********, Hesab№ AZN, AZ74AİİB400600F**********112 ; bank : "xxxx" ASC Mərkəz filialı, Bankın VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, KOD :200026, SWİFT: AİİBAZ2XXXX) ödənilsin Aparılmış ekspertiza tədqiqatının 125 (bir yüz iyirmi beş) manat dəyəri Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" MMC, VÖEN : **********, Hesab№ AZN, AZ74AİİB400600F**********112 ; bank : "xxxx" ASC Mərkəz filialı, Bankın VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, KOD :200026, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar