Məhkəmə qərarları › İş №e-2(028)-346/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-346/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-346/2022 22.07.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2864,88 manat qalıq borcu, 1264,57 manat cərimə, cəmi 4129,45 manat borcun və 61,29 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli NFTK 02569, 31.102019-cu il tarixli NFTK02580 saylı, xx.xx.2020-ci il tarixli NFTK02726 saylı və xx.xx.2020-ci il tarixli NFTK02725 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə 818 manat, 2248 manat, 858 manat və 759,88 manat (cavabdeh tərəfindən ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul ona təhvil verilmişdir.Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmişdir. O, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra erməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmişdir, lakin o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndinə və 6.1.1-ci yarımbəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir.Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 818 manat, 2248 manat, 858 manat və 759,88 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür.Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 6322,87 manat təşkil edir.Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimənin yalnız 20%-ni ödəməyi borcludan tələb edilir.Belə olan halda hesablanmış cərimə məbləğinin 20%-i 1264,57 manat təşkil edir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli NFTK 02569, xx.xx.2019-cu il tarixli NFTK02580 saylı, xx.xx.2020-ci il tarixli NFTK02726 saylı və xx.xx.2020-ci il tarixli NFTK02725 saylı Nisyə alqı-satqı müqavilələrindən görünür ki, satıcı( İddiaçı MMC) alıcıya (Cavabdeh) Təhvil-təslim aktında göstərilən mal(ları) satır, alıcı isə həmin mal(ları) qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. xx.xx.2019-cu il tarixli NFTK 02569, xx.xx.2019-cu il tarixli NFTK02580 saylı, xx.xx.2020ci il tarixli NFTK02726 saylı və xx.xx.2020-ci il tarixli NFTK02725 saylı Təhvil-təslim aktlarından görünür ki, Cavabdeh müvafiq olaraq dəyəri 818 manat olan tozsoran və çaynik, dəyəri 2248 manat olan soyuducu və blender, dəyəri 759,88 manat olan X2 mobil telefon və dəyəri 858 manat olan sok çəkən və ət çəkən təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli NFTK 02569, xx.xx.2019-cu il tarixli NFTK02580 saylı, xx.xx.2020ci il tarixli NFTK02726 saylı və xx.xx.2020-ci il tarixli NFTK02725 saylı Nisyə alqı-satqı müqavilələrinə Əlavələr 1-dən görünür ki, Cavabdeh dəyəri 818 manat olan malı 15 ay müddətinə hər ay 55 manat, dəyəri 2248 manat olan malı 15 ay müddətinə hər ay 150 manat, dəyəri 759,88 manat olan malı 12 ay müddətinə hər ay 61 manat və dəyəri 858 manat olan malı 15 ay müddətinə hər ay 57 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli Maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli NFTK02725 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 518 manat əsas, 1075,37 manat cərimənin (692 gün gecikməyə görə) 20%-i miqdarında olan 215,07 manat cərimə, cəmi 733,07 manat, xx.xx.2020-ci il tarixli NFTK02726 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 360,88 manat əsas, 711,29 manat cərimənin (657 gün gecikməyə görə) 20%-i miqdarında olan 142,26 manat cərimə, cəmi 503,14 manat, xx.xx.2019-cu il tarixli NFTK02569 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 488 manat əsas, 1084,82 manat cərimənin (741 gün gecikməyə görə) 20%-i miqdarında olan 216,96 manat cərimə, cəmi 704,96 manat, xx.xx.2019-cu il tarixli NFTK02580 saylı Nisyə alqısatqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 1498 manat əsas, 3451,39 manat cərimənin (768 gün gecikməyə görə) 20%-i miqdarında olan 690,28 manat cərimə, cəmi 2188,28 manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir.Borc qaytarılmadığı halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği – 1264,57 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 50 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2864,88 manat qalıq borc, 50 manat cərimə, cəmi 2914,88 manat borc və 61,29 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar