Məhkəmə qərarları › İş №e-2(028)-371/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-371/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-371/2023 14.07.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S4K5737067 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 585 manat əsas, 175 manat dəbbə pulu, S4K5737603 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1188 manat əsas, 356 manat dəbbə pulu və 44 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2348 manatın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində Cavabdeh ilə S4K5737067 nömrəli və S4K5737603 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı S4K5737067 nömrəli müqavilə üzrə 1194 manat dəyəri olan 1 ədəd Samsung Galaxy A70 markalı telefon və S4K5737603 nömrəli müqavilə üzrə 1869 manat dəyəri olan 1 ədəd Samsung Galaxy A80 markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür Müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən alıcı S4K5737067 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1194 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 66,33 manat olmaqla, hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5737603 nömrəli müqavilə üzrə 33 manat ilkin ödəniş olmaqla, qalan 1836 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 102 manat olmaqla, hər ayın 18-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S4K5737067 nömrəli müqavilə üzrə 585 manat əsas, 175 manat dəbbə pulu olmaqla 760 manat, S4K5737603 nömrəli müqavilə üzrə 1188 manat əsas, 356 manat dəbbə pulu, olmaqla 1544 manat borcu yaranmışdır.Alıcı tərəfindən S4K5737067 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 40 manat ödəniş və S4K5737603 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş edilmişdir.Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan heç bir sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan ******* nömrəli xx.xx.2019-cu il tarixli Hissə-hissə ödənişlə alqısatqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 1194 manat olan avadanlığı (Samsung Galaxy A70 markalı telefon) satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (0 manat) çıxıldıqdan sonra qalan 1194 manatı 18 ay müddətinə hər ay 66,33 manat olmaqla hər ayın 11-dək ödəməlidir. 5737603 nömrəli xx.xx.2019-cu il tarixli Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 1869 manat olan 1 ədəd Samsung Galaxy A80 maraklı telefon satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür.Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (33 manat) çıxıldıqdan sonra qalan 1836 manatı 18 ay müddətinə hər ay 102 manat olmaqla hər ayın 18-dək ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh S4K5737067 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 585 manat əsas, 175 manat dəbbə pulu, S4K5737603 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1188 manat əsas, 356 manat dəbbə pulu borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunda göstərilir ki, Cavabdeh müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, məhkəməyə müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği – 531 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 40 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh S4K5737067 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 585 manat əsas, 10 manat dəbbə pulu, S4K5737603 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1188 manat əsas, 30 manat dəbbə pulu və 44 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 1857 manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar