Məhkəmə qərarları › İş №e-2(028)-444/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-444/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-444/2022 08.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən qulqalıq, qoruyucu şüşə, İMEİ kodu **********13047 olan Samsung Galaxy A10 markalı telefon üçün 179,4 manat ödənilməmiş hissə, 57 manat cərimə, cəmi 236,4 manat borc və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh2 "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən qulqalıq, qoruyucu şüşə və İMEİ kodu **********13047 olan Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 236,4 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 456,4 manat (yəni 12 ay x 38 manat + 0,40 manat ilkin ödəniş) olan qulqalıq, qoruyucu şüşə, İMEİ kodu **********13047 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 236,4 manat olmaqla ondan 179,4 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 277 manat təşkil edir. Cavabdeh2 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 göstərdi ki, o, həmin işdə zamin olmuşdur. Cavabdeh2 nə qədər axtarıb zəng eləsə də, onun zənglərinə cavab vermir.O, hal-hazırda işləmir və bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvan düz olmadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC Cavabdeh2 ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən qulqalıq, qoruyucu şüşə və İMEİ kodu **********13047 olan Samsung Galaxy A10 markalı telefon müqavilədə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə ona satılmışdır.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə, məsuliyyət daşıyırlar. Cavabdeh2 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. "xxxx" MMC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilənin şərtlərini kobud surətdə pozaraq, müqavilələyə əməl etməmişdir. Borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən qulqalıq, qoruyucu şüşə və İMEİ kodu **********13047 olan Samsung Galaxy A10 markalı telefon üçün 179,4 manat ödənilməmiş hissə, 57 manat cərimə, cəmi 236,4 manat borcu vardır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq,alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği – 57 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 20 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən qulqalıq, qoruyucu şüşə və İMEİ kodu **********13047 olan Samsung Galaxy A10 markalı telefon üçün 179,4 manat ödənilməmiş hissə, 20 manat cərimə, cəmi 199,4 manat borc və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar