Məhkəmə qərarları › İş №e-2(028)-482/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-482/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-482/2022 01.11.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, Cavabdeh ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 324 manat əsas borc, 48,6 manat cərimə, ümumilikdə 372,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsümunun "xxxx" MMC-in xeyrinə tutulmasına dair qətnamə çıxarılmasına xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək tələbə etiraz etmişdir.Qubadlı Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi göstərdi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı “Canon” markalı printerə görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 389,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixində 33 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış 324 manat borcu qaytarmamışdır.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satq müqaviləsinin şərtlərinə əsasən gecikdirilən aylıg borc məbləğinə hər gün üçün bir faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.Bununla da xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixədək qalıq qalmış borc məbləğinə gündəlik bir faizlə hesablanmış cərimə məbləği 486 manat təşkil edir.Həmin cərimə məbləğinin 90 % qüzəşt edilmiş və cavabdeh cəmi 48,6 manat cərimə iddiaçıya ödəməlidir. Nəticədə cavabdehin Cəmiyyətə xx.xx.2022-ci il tarixədək 324 manat əsas, 48,6 manat cərimə borcu olmaqla cəmi 372.6 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata kecirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərdi ki, iddia əsassızdır. ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən qızının işlədiyi məktəbdə istidadə etmək məqsədi ilə iddiaçıdan bir ədəd “Canon”printer aparatı almışdır. Mağazada printer aparatı məktəbdə istifadə edəcəyini bildirərək printer aparatının katriclərin doldurulmasının ucuz başa gələni, katriclərinin doldurulmasının mütləqliyini bildirərək satıcının məsləhətinə uyğun olaraq ona “Canon”printer aparatın olduqca sərfəli olduğu və katriclərinin doldurulmasının ucuz başa gəldiyini bildirdi və 12 aylıq ayda 33 manat olmaqla printer götürmüşdür. 2 ay ərzində 66 manat ödəniş etmişdir. On gün işlədikdən sonra printer aparatının rənginin qurtardıqdan sonra katricinin doldurulması üçün bir neçə servisə müraciət etsə də,onlar həmin katricinin doldurulmasının imkansız olduğunu bildirmişlər. Katriclərin birdəfəlik istifadə üçün nəzərdə tutulduğunu, printerinin 5 katricinin bir ədədi 75 manat ümumilikdə bir dəfə üçün printer aparatının qiyməti 390 manat olduğu halda bir dəfə katriclərin dəyişdirilməsi 375 manata başa gəldiyi və əvvəlki kimi iş keyfiyyətinin olmayacağı məlum oldu. O, printerin katriclərinin doldurulması üçün printeri rəsmi sənədlərlə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin rəsmi servisinə təhvil verdi və rəsmi servisdən də ona digər servislərdən aldığı cavab verilmişdir. Ona görə də o printerin əvvəlcədən istədiyi kimi katriclərinin rənginin ucuz doldurulması mümkün olan digər printerlə əvəzlənməsi, bu mümkün olmadığda ödədiyi pulu geri qaytararaq printeri geri götürmələri məqsədi ilə şirkətə rəsmi şəkildə təhvil verdi.Bu barədə ona qəbz verilmişdir.İddiaçı onun müraciətlərinə baxmayaraq printer aparatın sərfəli olan modeli ilə dəyişmək əvəzinə onu aldadaraq satdıqları aparatın xüsusilə də hazırda istifadəsində olmayan bir əşyanın qanunsuz olaraq pulunu ondan tələb edir. O, bununla bağlı dəfələrlə şirkət rəsmilərinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır.Bundan əlavə, o, sərfəli olmayan mala görə 66 manat pul ödəmiş və həmin pul ona qaytarılmamışdır.Onun yazılı və şifahi müraciətlərinə cavab verilməsi əvəzinə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü maddəsinin tələblərini pozaraq ona qarşı vurduqları maddi və mənəvi ziyanı ödəmək əvəzinə ona qarşı əsassız iddia ilə məhkəməyə müraciət etməkdən çəkinmirlər.Bunu nəzərə alaraq iddianın rədd edilməsi və şirkətə ödədiyi 66 manat ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona edilmiş 1 saylı Əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh bir ədəd “Canon Pixma TS6340 (İRK76131) printer 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 389,99 manat ödəmək şərti ilə verilmişdir. Həmin müqavilənin 3.3.1-ci bəndinə görə alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.2.6-ci bəndinə görə alıcı bu müqaviləyə əsasən aldığı əmlakın dəyərini tam ödəyənədək əmlakda hər hansı bir nasazlıq yaranarsa, nasazlığı aradan qaldırmaq üçün alıcı əmlakı yalnız zəmanət talonunu vermiş rəsmi səlahiyyətli təmir xidmətinə təqdim edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci tarixli müqavilə üzrə 324 manat əsas borc, 486 manat cərimə borcu, cəmi 810 manat borcu vardır.66 manat ödəmişdir. İş materiallarında olan və DiVi Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nəticədən görünür ki, CANON şirkətinin Azərbaycanda səlahiyyətli servis mərkəzi olan “DİVİ service center” (model: Canon Pixma TS6340 seriya nömrəsi AFRN04803 ) diaqnostika üçün sifariş alıb.Aparata xarici baxış və diaqnostika nəticəsi:Printer işə düşür, Windows tərəfindən təyin olunur.Sadəcə kartriclər boş olduğundan çap başlığını və çap mexanizmi yoxlamaq mümkün olmadı. İş materiallarından görünür ki, "xxxx" MMC cavabdehə xəbərdarlıq göndərmişdir.Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin müqavilədə müəyyən edilmiş əşyanı iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onun dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur.Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1 və 600.4-cü maddələrinin tələblərinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda sadalanan maddələri rəhbər tutan məhkəmə cavabdehin etirazında nisyə alqı-satqı müqaviləsinin predmeti olan əşyanın qüsurlu olması barədə dəlilinə tənqidi yanaşır və qeyd edir ki, bu barədə iş materiallarında hər hansı sübut növü yoxdur. Daha öncə istinad olunan maddənin dispozisiyasından da göründüyü kimi alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirməlidir. Alıcının bu istiqamətdə hər hansı hərəkəti işdən görünmür. Məhkəmə xüsusi ilə qeyd edir ki, iddiaçı keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn “Canon Pixma TS6340 (İRK76131) printeri cavabdehə vermiş və cavabdeh aldığı printerindən şikayətçi deyil. Cavabdeh kartriclərin birdəfəlik istifadə üçün nəzərdə tutulduğundan narazıdır.Lakin cavabdeh alqı-satqı müqaviləsini bağlayaraq “Canon Pixma TS6340 (İRK76131) printerin texniki şərtləri ilə tanış olmalı idi. Belə olan halda məhkəmə cavabdehin əşya qüsurlu olduğundan müqavilə üzrə borcun ödənilməsindən yayınmasını tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının borcunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ********* saylı xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 324 manat əsas borc, 48,6 manat cərimə, ümumilikdə 372,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar