Məhkəmə qərarları › İş №e-2(028)-51/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-51/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-51/2025 09.01.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qubadlı Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz 190” markalı, 10–RM– 241 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il yanvarın 12-də Cavabdeh idarəetmə hüuqu olmadan idarə etdiyi “Mercedes Benz 190” markalı, 10–RM–241 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsində “Chevrolet Cruze” markalı, 10– LY–518 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sumqayıt DYPŞ-in xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-133/2022 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsi ilə təqsirli bilnmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 306 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Chevrolet Cruze” markalı, 10–LY–518 dövlət nömrə nişanlı avtomobillə 800 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 1291 nömrəli ödəniş tapşırığı ilə 800 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Göstərilənlərə əsasən cavabdеh Cavabdeh 800 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan AP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Cavabdeh S.Vurğun küçəsində qarşısında surətini azaldan “Chevrolet Cruze” markalı, 10–LY–518 dövlət nömrə nişanlı avtomaşına maddi zərər dəyməklə arxa hissəsiylə toqquşmuşdur. Yoxlama zamanı məlum oldu ki, sürücünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddəsinə əsasən sürücülük hüququ xx.xx.2021-ci il tarixində 6 ay müddətinə məhdudlaşdırılmışdır.

8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-133/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 400 manat cərimə edilməsi qərara alınmışdır.

9. Həmin qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində “Mercedes Benz 190” markalı, 10–RM–241 dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş, S.Vurğun küçəsində qarşısında sürətini azaldan “Chevrolet Cruze” markalı, 10–LY–518 dövlət qeydiyyat nişanlı avtomaşınla ara məsafəsi saxlamayıb arxa hissəsi ilə toqquşmuş, yoxlama zamanı məlum olmuşdur ki, sürücünün sürücülük hüququ xx.xx.2021-ci il tarixində 6 ay müddətinə məhdudlaşdırılmışdır.

10. İş materiallarında olan PXA102957 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:30-da Sumqayıt şəhəri, S.Vurğun küçəsində sığortalanmış “Mercedes Benz 190” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunan aktdan görünür ki, 800 manat maddi ziyan vurulmuşdur.

11. İşin materiallarında olan qüsur aktının surətindən görünür ki, “Chevrolet Cruze” markalı, 10–LY–518 dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat məbləğində ziyan dəymişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, müəyyən olundu ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Mercedes Benz 190” markalı, **-RM-*** qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə edərkən Cavabdeh yol hərəkəti qaydalarını pozaraq, yol-nəqliyyat hadisəsi törətmiş və “Chevrolet Cruze” markalı, 10–LY–518 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 800 manat məbləğində pulu cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

15. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

17. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

18. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh yüksək təhlükə mənbəyi olan “Mercedes Benz 190” markalı, **-RM-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə etmişdir.

19. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobili idarə etmək səlahiyyəti olmayan Cavabdeh tərəfindən idarə edildiyindən, habelə onun Sumqayıt DYPŞ-nin tərəfindən verilmiş AP № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 800 (səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

20. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 800 (səkkiz yüz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar