Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-720/2025 06.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1180 manat əsas pul vəsaiti və 31,8 manat dövlət rüsumu, cəmi 1211,8 manatın xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində X2 mülkiyyətində olan və icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsində olan Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, giriş 224 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” növündə sığorta təminatı almışdır. Həmin "xxxx" mağazasında xx.xx.2024-cü il tarixdə üçüncü şəxslərin qanunazidd hərəkətləri nəticəsində maddi ziyan dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərarına əsasən xx.xx.2025-ci il tarixdə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3- cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-418/2025 saylı qərarına əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş olduğuna görə cinayət məsuliyyətindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli, 2517 nömrəli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, giriş 224 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə üçüncü şəxslərin qanunazidd hərəkətləri nəticəsində 1545 manat məbləğində zərər vurulmuşdur. Beləliklə baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, CFİ-0152/2024-AKT200/25 nömrəli aktla 365 manat azadolma məbləği çıxılmaqla, 1180 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdü. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi Qubadlı rayon Qubadlı şəhəri İcra nümayəndəliyi vasitəsi ilə cavabdehə göndərilmiş, lakin Nümayəndəlik tərəfindən imtina əsası ilə bildiriş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-418/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş X3 cinayət məsuliyyətindən azad edilmişdir. X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə təyin edilmişdir. Qərarda qeyd edilir ki, X3 əziyyət çəkdiyi “Paranoid şizofreniya” xəstəliyinin gedişində psixotik olduğundan, anlaqsız vəziyyətdə, yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 09:21 radələrində Sumqayıt şəhəri, 36cı məhəllə ərazısində yerləşən "xxxx" MMC-yə məxsus mağazasının qapısını sındıraraq oraya qanunsuz daxil olub vitrindən 01 ədəd 1980 manat dəyərində olan “samsung S928” (S24 ultra) Titanium Balck markalı, 256GB daxili yaddaşlı mobil telefonu gizli yolla taladıqdan sonra mağazanı tərk edərkən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşçları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə gizli talamaya yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək oğurluq cinyəti törərməyə cəhd etmişdir. Qərarda göstərilir ki, Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 37 saylı rəyindən görünür ki, X3 xroniki psixi patologiya hesab olunan “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir. Ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Paranoid şizofreniya” psixi xəstəliyinin gedişində psixotik olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də T.Oktaybəyli təqsirləndirildiyi cinayət əməl barəsində anlaqsız hesab edilməlidir. Onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. T.E.Oktaybəyli əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinə xarakterik olan psixotik vəziyyət hazırki dövrdə də davam etdiyindən o, hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. T.Oktaybəyli cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və onun əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində psixotik xarakterli əlamətlərin hal-hazırda da davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Buna görə də T.Oktaybəyli barəsində CM-nin 95.0.2.-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülmüşdür. Qərara əsasən anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Cavabdeh olmuşdur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli CFİ-0152/2024-AKT200/25 Sığorta aktına əsasən Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində 3-cü şəxslərin qanuna zidd hərəkətlərinə görə zərərə uğramış əmlak sahibinə 1540 manat məbləğində zərər dəyməsi müəyyən edilmiş və ondan 365 manat azadolma məbləği çıxılaraq 1180 manat sığorta ödənişi verilməsi hesablanılmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli İcra haqqında bank qeydinə əsasən "xxxx" ASC tərəfindən 1180 manat "xxxx" MMC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 31,8 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. - 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. - 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. - 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-418/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29cu və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsulliyyətindən azad olunmuşdur. Eyni zamanda sözügedən qərardan Tural Oktaybəylinin qanuni nümayəndəsinin Cavabdeh olduğu müəyyən olunmuşdur. Odur ki, qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehdən 1180 manat pul vəsaiti və 31,8 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1180 manat əsas pul vəsaiti və 31,8 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-720/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-720/2025
06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver