Məhkəmə qərarları › İş №e-2(028)-99/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-99/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-99/2022 05.03.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.12.2019cu il tarixli müqaviləsinə əsasən Nado yumsaq künc sağ, Ege masa, stul Venesiya (Matador açıq Kahve), Transformer qonaq jurnal masa ML markalı mebel əşyaları üçün 1674 manat ödənilməmiş hissə, 167 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən Alyans Tv altı Verona üçün 190 manat ödənilməmiş hissə, 19 manat cərimə, ümumilikdə 2050 manat borc və 40,5 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 27.12.2019-cu il və 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən Nado yumsaq künc sağ, Ege masa, stul Venesiya (mMtador açıq Kahve), Transformer qonaq jurnal masa ML markalı mebel əşyaları və Alyans Tv altı Verona almış və nəticədə 2050 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2892 manat (yəni 24 ay x 120 manat + 12 manat ilkin ödəniş) olan Nado yumsaq künc sağ, Ege masa, stul Venesiya (matador açıq Kahve) Transformer qonaq jurnal masa ML markalı mebel üçün ümumilikdə 1841 manat olmaqla ondan 1674 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 167 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 336 manat (yəni 24 ay x 14 manat + 0 manat ilkin ödəniş) olan Alyans Tv altı Verona üçün ümumilikdə 209 manat olmaqla ondan 190 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1364 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdeh həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 27.12.2019-cu il tarixli, 01164163 saylı və 28.12.2019-cu il tarixli 01168446 saylı Müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Nado yumsaq künc sağ, Ege masa, stul Venesiya (Matador açıq Kahve), Transformer qonaq jurnal masa ML markalı mebel əşyaları və Alyans Tv altı Veronaya dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 27.12.2019-cu il və 28.12.2019-cu il tarixli Əlavələrdən (Ödəniş Cədvəllərindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (24 ay) 120 manat və hər ay (24 ay) 14 manat olmaq şərti ilə ödəməlidir. 25.01.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27.12.2019cu il tarixli müqaviləsinə əsasən Nado yumsaq künc sağ, Ege masa, stul Venesiya (Matador açıq Kahve), Transformer qonaq jurnal masa ML markalı mebel əşyaları üçün 1674 manat ödənilməmiş hissə, 167 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən Alyans Tv altı Verona üçün 190 manat ödənilməmiş hissə, 19 manat cərimə, ümumilikdə 2050 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində "xxxx" MMC tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği – 186 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 30 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən Nado yumsaq künc sağ, Ege masa, stul Venesiya (matador açıq Kahve), Transformer qonaq jurnal masa ML markalı mebel əşyaları üçün 1674 manat ödənilməmiş hissə, 20 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən Alyans Tv altı Verona üçün 190 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1894 manat borc və 40,5 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar