Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-109/2024 11.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Hüquqi şəxslərin ittifaqının Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Hüquqi şəxslərin ittifaqı Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 540 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 570 (beş yüz yetmiş) manat pulun iddiaçı "İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" Hüquqi şəxslərin ittifaqı iddianı onunla əsaslandırmışdır ki, LPO ASC "Standard İnsurance” Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış VAZ 2101 markalı, 38BJ186 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 17 may 2020-ci il tarixində Qusar, H.Əliyev prospektində Cavabdeh tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticəsində X1 əmlakına zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar "İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə aşağıdakı cədvəldə qeyd olunan məbləğdə kompensasiya ödənişi həyata keçirilmişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli3(029)-193/2020 №-li Qərarında Cavabdeh yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı qeyd olunmuş və bu səbəbdən onun barəsində AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş qaydada 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İddiaçı "xxxx" Hüquqi şəxslərin ittifaqına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin HŞİ-nin nümayəndəsi Əziz Quliyev məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə iclasında iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia tam həcmdə müdafiə etmiş və təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli 3(029)-193/2020 saylı Qusar rayon Məhkəməsinin Qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İşdə olan xx/xx/2019-cu il tarixli PST********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, ** BJ *** dövlət qeydiyyat nişanlı, VAZ 2101 markalı avtomobil Cavabdeh tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli İC AA 4582/20 saylı işə dair sığorta aktından görünür ki, JEEP Grand Cherokee markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə 540 manat məbləğində zərər dəymişdir. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Paşa Bank ASC tərəfindən 540 )beş yüz qırx) manat kompensasiya məbləği ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, LPO ASC "Standard İnsurance” Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış VAZ 2101 markalı, 38BJ186 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 17 may 2020-ci il tarixində Qusar, H.Əliyev prospektində Cavabdeh tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticəsində X1 əmlakına zərər vurulmuşdur. Cavabdeh yol- nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən (Reqres tələbi hüququ) sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" Hüquqi şəxslərin ittifaqı-nın xeyrinə dəymiş ziyana görə 540 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 570 (beş yüz yetmiş) manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh "xxxx" Hüquqi şəxslərin ittifaqının xeyrinə dəymiş ziyana görə görə 540 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 570 (beş yüz yetmiş) manat məbləğində tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-109/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-109/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver