Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-1169/2025 27.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 313,80 manat məbləğində borcun məcburi qaydada tutularaq **********00010 saylı abonent koduna, 30 manat dövlət rüsumunun İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayan xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh xx.xx.2025-ci il tarixinə istifadə etdiyi təbii qaza görə 313,80 manat ödənilməmiş borcu qalmışdır. Bu məbləğ abonentin ödənilməmiş debitor borcudur. Onların tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, abonent tərəfindən borc hələ də ödənilməmişdir. Abonent Cavabdeh debitor borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Bu barədə müvafiq çıxarış ərizəyə əlavə edilir. Cavabdehlə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Müqavilənin 2.3.1. bəndində göstərilir ki, istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Abonentin istifadə etdiyi təbii qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən həmin şəxsin iddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli AKX-02167xx/xx-2020 nömrəli “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-saqısı Müqaviləsi” üzrə təbii qazdan istifadəyə xx.xx.2025-ci il tarixinə 313,80 manat ödənilməmiş borcu qalmışdır. Həmin borc onun ödənilməmiş debitor borcudur. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbinin əsaslılığı tərəflər arasında bağlanılmış müqavilə və abonentin saldosu ilə sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh təbii qazdan isitfadəyə görə yaranmış 313,80 (üç yüz on üç manat 80 qəpik) manat məbləğində borc tutularaq **********00010 saylı abonent koduna ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının bank hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 313,80 (üç yüz on üç manat 80 qəpik) manat məbləğində borc tutularaq **********00010 saylı abonent koduna ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı bank hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-1169/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-1169/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver