Məhkəmə qərarları › İş №e-2(029)-419/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-419/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-419/2022 25.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.09.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********92951 olan Samsung galaxy A10 markalı telefon üçün 199.6 (yüz doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 19.4 (on doqquz manat qırx qəpik) manat dəbbə olmaqla, ümumilikdə 219 (iki yüz on doqquz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz göndərərək iddianın ümumi icraat qaydasında baxılaraq onun iştirakının təmin olunması və iş üzrə sübutların təqdim olunması zərurətinin yarandığını göstərərək işin ümumi icraat qaydasında baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 29 mart 2022-ci il tarixli e-2(029)-419/2022 saylı qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC iddianı onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 07.09.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********92951 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 219 (iki yüz on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 405.6 (dörd yüz beş manat altmış qəpik) manat (yəni 12 ay X 33.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********92951 olan Samsung galaxy A10 markalı telefon almışdır. Cavabdehin ümumilikdə borcu 219 (iki yüz on doqquz) manat olmaqla, ondan 199.6 (yüz doxsan doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 19.4 (on doqquz manat qırx qəpik) manat dəbbə borcu təşkil edir. Cavabdeh tərəfindən həmin məbləğin 206 manat hissəsi ödənilmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödənilir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunan Tərəflər arasında bağlanmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanmış 07.09.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən, cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 01.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması,onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və MMC-nin baş direktoru məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak etmək mümkün olmadığına görə işə həmin MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini, iddianı müdafiə etdiklərini göstərmiş və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş, məhkəməyə etiraz ərizəsi təqdim edərək izahatında göstərmişdir ki, o, 07 iyul 2020-ci il tarixdə İddiaçı MMC-dən Samsung Galaxy A10 markalı telefonu ilkin ödənişsiz Qızıl zəmanətlə kreditə almış, 206 manat kredit borcu ödəniş etmiş, ümumi olaraq həmin mağazaya 199.60 manat borcu qalmışdır. Mobil telefonu aldığı 3-4 aydan sonra şəbəkə tutulması, Blutuzun işləməməsi, “wi-fi”-ya qoşulmaması kimi nasazlıqlar yaranmağa başlamışdır. Həmin vaxt COVİD-19 virus infeksiyası səbəbi ilə sərt karantin olduğundan, həmin telefonu “Kontakt HOME” mağazasına təmir etməyə apara bilməmiş, bu haqda 28 fevral 2021-ci ildə həmin mağazanın elektron poçt ünvanına şikayətini yazmış, bundan əlavə olaraq mağazanın qaynar xətt xidməti ilə əlaqə saxlayaraq şikayətini bildirmişdir. Həmin vaxtlarda aldığı telefondan istifadə etmədiyi halda kredit borcu ödənişlərini etmişdir. 15 mart 2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Kontakt HOME” mağazasına məxsus “Servis Link” servis mərkəzinə telefonunu təmir edilməsi üçün orada işləyən Mehriban adlı qıza təhvil vermiş, telefonu təhvil alan həmin şəxs telefona vizual olaraq baxmış, içini açmamışdır. Telefon qəbul edilən zaman onun sensorunda, kamerada, korpusda, karkasda cüzi cızıqlar, sürtünmələr, USB və sim slotda, dinamikasında toz aşkarlandığı yazılmışdır. 3 ay ərzində istifadə etdiyi, ümumilikdə 9 ay üstündən vaxt keçən telefonda yuxarıda qeyd olunan problemlərin sürtünmələrin və cüzi cızıqların olması normal hal kimi qəbul edilir. Telefonun təbii olaraq əyilməsi də mümkündür. Həmin gün telefonun təmir edilməsi üçün servisə təqdim etdikdən sonra “Facebook” sosial şəbəkəsində “Kontakt HOME”-un səhifəsində zay, nasaz telefonlar satıldığı üçün həmin mağazanı boykot etmiş, şikayətini orada da bildirmişdir. Şikayətin araşdırılması və telefonunun tez təmir edilməsi üçün həmin mağazanın əməkdaşları onun nömrəsini götürmüşlər. Hər gün həmin mağazanı boykot elədiyi üçün üstündən bir həftə vaxt keçdikdən sonra servis operatoru ona zəng edərək telefona kənar müdaxilə olduğunu bildirmişdir. Halbuki, o, həmin telefonu təmir üçün başqa ustaya aparsa idi, 15 mart 2021-ci il tarixdə “Servis Link” servis mərkəzinin əməkdaşı telefonun açılıb-açılmaması ilə bağlı qeyd edərək, telefonu təmir etmək üçün geri götürməzdi. Onun haqlı olduğunu bilə-bilə “Kontakt HOME” mağazası ona satdığı telefonun sxemində problem olduğu üçün və təmiri 335 manat olduğu üçün telefonu təmir etməmiş, özlərini haqlı çıxartmaq üçün onun servisə təhvil verdiyi və servisin qəbul etdiyi zaman olmayan nöqsanları yazıb onu haqsız çıxartmaq istəmişlər. Servisin ona qaytarmalı olduğu Texniki rəyində başqa şəxsin saxta imzası vardır. Halbuki, həmin rəyi o, imzalayıb götürməli idi. Onun aldığı telefon Hindistan istehsalı olmağına baxmayaraq servisin verdiyi, saxtakarlıq eləyərək onun yerinə başqa şəxsə saxta imzalatdırıb ona qaytarılan Texniki rəydəki telefonun sxemi Çin istehsalıdır. O, telefonu götürməyə “Servis Link” servis mərkəzinə getdikdə, həmin texniki rəyin onun tanımadığı başqa şəxs tərəfindən saxta imza ilə imzalandığını bildirəndə, servis əməkdaşları ona 14 gündən sonra gəlib başqa texniki rəyi götürməsini demişlər. Texniki rəydə göstərilmişdir ki, ekranda cızıqlar, arxa qapaqda və karkasda dərin cızıqlar, ləkələr, sürtünmələr, batıqlar, cihazda əyrilik var. Telefonu təmir etmək əvəzinə və yaxud başqa telefonla əvəz etmək əvəzinə onu kiçik iddia üzrə cavabdeh şəxs qismində məhkəməyə vermişlər. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.09.2020-ci il tarixli 21145960 saylı müqavilənin və həmin müqaviləyə əlavənin surətindən görünür ki, Zəki Mirzəğayev İddiaçı MMC-dən toplam məbləği 405.6 (dörd yüz beş manat altmış qəpik) manat olan İMEİ kodu **********92951 olan Samsung galaxy A10 markalı telefon almış, həmin məbləği hər ay 33.8 manat olmaqla 12 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödənilir. İşdə olan 07.09.2020-ci il tarixli bildirişin və təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh Samsung Galaxy A10 (SM-A105) markalı mobil telefonu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli Cavabdeh maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh həmin MMC-nə 199.6 manat ödənilməmiş borcu, 19.4 manat cərimə borcu, ümumilikdə isə 219 manat borcu qalmışdır. Həmin arayışda həmçinin göstərilmişdir ki, cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1 faiz həcmində cərimə 59 manat (180 gün x 0.33 manat) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olaraq 19.4 manat hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Servis Link” servis mərkəzi tərəfindən qəbul edilmiş 15.03.2021-ci il tarixli sifarişdən görünür ki, Cavabdeh tərəfindən həmin servisə Samsung Galaxy A10 (SM-A105) markalı mobil telefonda aşağıdakı qüsurların olduğu bildirilmişdir: Blutuz işləmir, şəbəkə tutmur, wifiyə qoşulmur, ekran kodu yoxdur. Mobil telefon servisin operatoru Mehriban Aliyeva tərəfindən qəbul edilmiş, telefona ilkin vizual baxış zamanı telefonun əmtəə görünüşü aşağıdakı kimi olmuşdur: Sensorda, kamerada cüzi cızıqlar, korpusda, karkasda cızıqlar, sürtünmələr, usb konda sim lotda yeyilmə, toz, dinamikdə toz. Həmin sifarişin 3-cü bəndində göstərilmişdir ki, təmir (diaqnostika) zamanı müştəri tərəfindən istismar qaydalarının pozulduğu aşkar olunarsa və bu səbəbdən təmir (diaqnostika) zamanı məhsul hissə-hissə və yaxud tamamı ilə iş qabiliyyətini itirərsə texniki servis mərkəzi məsuliyyət daşımır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Samsung Service Plaza tərəfindən verilmiş 19.03.2021-ci il tarixli texniki rəydən və ona əlavə olunmuş fotosxemdən görünür ki, Samsing ticarət nişanlı, SM-A105F/DS modelli, **********92951 İMEİ kodlu mobil telefon təmir üçün İddiaçı tərəfindən həmin servisə təqdim edilmişdir. Mobil telefonun xarici görünüşü aşağıdakı kimi olmuşdur: ekranda cızıqlar, arxa qapaqda və karkasda dərin cızıqlar, ləkələr, sürtünmələr, batıqlar, cihazda əyrilik var. İddia olunan qüsur o olmuşdur ki, bluetooth işləmir, şəbəkə tutmur, vifi-a qoşulmur. Qüsurun səbəbi o olmuşdur ki, cihaza rəsmi avtorizə olunmuş servisdən kənar müdaxilə olunub, platada təmir bərpa işləri görülüb, cihazda kamera ləkəli çəkir, bəzən ümumiyyətlə çəkmir. İşin nəticəsi olaraq belə qənaətə gəlinmişdir ki, cihazda qüsur aşkar olundu, aşkar olunan qüsur istehsalçı tərəfindən deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 07.09.2020-ci il tarixdə İddiaçı MMC-dən toplam məbləği 405.6 (dörd yüz beş manat altmış qəpik) manat olan İMEİ kodu **********92951 olan Samsung galaxy A10 markalı telefon almış, həmin məbləği hər ay 33.8 manat olmaqla 12 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməyərək pulun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh 199.6 (yüz doxsan doqquz manat altmış qəpik) manat əsas borc, 19.4 (on doqquz manat qırx qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 219 (iki yüz on doqquz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına keçirilməlidir. Məhkəmə cavabdeh etiraz ərizəsində göstərdiyi dəlillərini müzakirə edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ona məlum mobil telefon satılarkən onun qarşısında üzərinə götürdüyü öhdəlikləri pozması, ona qüsurlu mobil telefon verməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, onun tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla həmin halları təsdiq olunmamış, əksinə təkzib edilmişdir. Cavabdehin özünün təqdim etdiyi, yuxarıda göstərilən rəy və ona əlavə olunmuş foto sxemlə də müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə satılmış mobil telefonda sonradan aşkar edilmiş qüsur istehsalçı tərəfindən olmamış, telefona kənar müdaxilə olunmuşdur. Cavabdeh mobil telefonu təhvil alarkən isə telefon tam qüsursuz halda olmuşdur. Odur ki, məhkəmə cavabdehin həmin dəlilləri ilə razılaşmayaraq onları qəbul etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 199.6 (yüz doxsan doqquz manat altmış qəpik) manat əsas borc, 19.4 (on doqquz manat qırx qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 219 (iki yüz on doqquz) manat borc, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar