Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-421/2024 13.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kompensasiya ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kompensasiya ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlərə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 8.000 (səkkiz min) manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh3 iddiaçının qardaşı arvadı və Cavabdeh2 isə iddiaçının qardaşı oğludur. Cavabdehlər hazırda isə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bağışlama müqaviləsinə əsasən iddiaçının atası Qusar rayonu, Qusar şəhəri, M.Vəliyev küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50.5 kv.m yaşayış, 27,6 kv.m yardımçı olmaqla ümumi 78.1 kv.m sahədən ibarət olan 14 nömrəli fərdi yaşayış evini İddiaçı bağışlamışlar. Həmin ev paylı mülkiyyət deyil və tam pay olaraq İddiaçı mülkiyyətindədir. Hesab edir ki, şəxsə 8000 manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf məhkəmənin kompensasiyanın məbləğinin artırılması təklif məsələsinə müsbət yanaşaraq kompensasiyanın məbləğini artıraraq 9000 manat məbləğində təklif etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiqləyərək izahatında göstərmişdir ki, mübahisə olunan mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil ünvan 3 ünvanda yerləşir, ev üç otaqdan, bir balaca eyvandan və bir balaca mətbəxdən ibarətdir, əslində ev iki otaqlıdır, mətbəxdən otaq kimi istifadə edilir. Hazırda həmin evdə onun qardaşı və onun ailəsi qalır. Hazırda Astarxan şəhərində qızı ilə qızının evində müvəqqəti qalır. O, ünvan 3 ünvanda yerləşən evdə qeydiyyatdadır. Qusar rayonunda olan mülkiyyət hüququ ilə ona məxsus olan evdən o istifadə edə bilmir, cavabdehlər onu həmin evə qoymur. Həmin evin aylıq kirayə haqqı ekspert 170 manat yazıb, cavabdehlər həmin evin aylıq kirayə haqqını 250 manat qeyd edir, o da, üç ilin kirayə haqqı olaraq doqquz min manatı cavabdehlərə verir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, 15.000 manat verildiyi təqdirdə həmin mənzildən çıxmağa razıdır. Özünə torpaq alıb ev tikəcək. 9.000 manata nə mənzil almaq olar, nə də ki, ev tikmək olar. Təklif olunan məbləğ çox aşağıdır. Mübahisə olunan mənzilin üç otağın ikisi Zarinaya məxsusdur, bir otağı isə onlara məxsusdur. Zarina iki otaqdan istifadə edir. Qaldığı mənzilin aylıq kirayə haqqı 250 manatdır. Mübahisə olunan mənzilin mülkiyyət hüququ iddiaçıya məxsusdur. Məhkəmə iclasında Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, mübahisə olunan ev iki otaq, böyük eyvan və mətbəxdən ibarətdir. Həmin evin aylıq kirayə haqqı 250 manatdır. Təklif olunan kompensasiya məbləği çox aşağıdır, yuxarı məbləğdə kompensasiya verildiyi təqdirdə həmin evdən çıxmağa razıdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv/metr, yaşayış sahəsi 50.5 kv/m, yardımçı sahəsi 27.6 kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüuquq üzrə İddiaçı məxsusdur. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 18 mart 2021-ci il tarixli 703 saylı arayışın surətindən görünür ki, ünvan 5 ünvanda aşağıdakı şəxslər yaşayırlar. Cavabdeh1, Cavabdeh3 (qeydiyyatsız), Cavabdeh2. İşdə olan AECS (X2 Service” tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli FY 01- 006/24 saylı hesabatdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, Qusar şəhəri, M.Vəliyev küçəsi ünvanında, 0.004 ha torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evinin qiymətləndirilmə tapşırığına uyğun olaraq hesablanmış ədalətli baza dəyəri 12 iyun 2024-cü il tarixinə 37.700 (otuz yeddi min yeddi yüz) manat, aylıq icarə (kirayə) dəyəri 12 iyun 2024-cü il tarixinə 170 (yüz yetmiş) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.2-ci maddəsində göstərilir ki, sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.3-cü maddəsində göstərilir ki, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 152.4-cü maddəsində göstərilir ki, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehlərin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinədair”AzərbaycanRespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləgininödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Adı çəkilən Plenum qərarında qeyd edilmişdir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.» Qərarda qeyd olunur ki, mülkiyyət hüququ Azəbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir Göründüyü kimi Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan mənzilin təmirə ehtiyac vardır. İddiaçının təqdim etdiyi sübuta əsasən həmin evin aylıq kirayə haqqı 170 manat, cavabdehlər isə izahatında bildirmişdir ki, həmin evin aylıq kirayə haqqı 250 manatdır. Cavabdeh məhkəməyə həmin evin evin aylıq kirayə haqqının 250 manat olması barədə sübut təqdim etməsə də, cavabdehin həmin izahatını məhkəmə əsas tutaraq hesab edir ki, cavabdeh, iddiaçı tərəfindən təklif edilən 9000 manat kompensasiya məbləği ilə 3 ilə yaxın müddətdə oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, işin mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanda yerləşən istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv/metr, yaşayış sahəsi 50.5 kv/m, yardımçı sahəsi 27.6 kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə yaşamaqla mənzilə dair istifadə hüquqları vardır. Cavabdeh1 iddiaçının qardaşı, digər cavabdeh Salihat Ağakərimov iddiaçının qardaşı arvadı, cavabdeh Nail Ağakərimov isə cavabdehlərin oğludur. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlər icazə vermədiklərinə görə istifadə edə bilmədiyini qeyd etmişdir. Odur ki, hazırda iddiaçının mənzilə dair mülkiyyət hüququ ilə cavabdehlərin istifadə hüquqları toqquşur və iddiaçı cavabdehlərə müvafiq kompensasiya verilməsi üsulu ilə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir. Cavabdeh tərəf iddia ilə razı olmadığını bildirmişdir. Belə ki, cavabdehlər izahatlarında bildirmişlər ki, həmin mənzil iki otaq, eyvan və mətbəxdən ibarətdir. Mübahisə olunan mənzilin üç otağın ikisi iddiaçıya məxsusdur, bir otağı isə cavabdehlərə məxsusdur. İddiaçı iki otaqdan istifadə edir. Qaldıqları mənzilin aylıq kirayə haqqı 250 manatdır. Mübahisə olunan mənzilin mülkiyyət hüququ da iddiaçıya məxsusdur. Belə olan halda məhkəmə cavabdehlərin izahatlarına əsasən hesab edir ki, mübahisə olunan mənzilin cəmi bir otağı cavabdehlərə məxsusdur və bir otaqdan istifadə edirlər. Qaldıqları evin otaq saylarına görə cavabdehlər evin kirayə haqqını 250 manat olduğunu bildirdikləri halda, istifadə etdikləri evin bir otağına görə iddiaçı tərəfindən təklif edilən 9.000 manat məbləğində uzun müddət ərzində oxşar şəraitli mənzildə yaşamaq imkanını itirmirlər. Çünki cavabdehlər özləri etiraf edirlər ki, mənzilin iki otağı iddiaçıya məxsusdur, cəmi bir otaqdan onlar istifadə edirlər və həmin evin yəni iki otaq, eyvan və mətbəxdən ibarət evin aylıq kirayə haqqı cavabdehlərin bildirdiklərinə görə 250 manat olduğu təqdirdə, cavabdehlərin qaldığı bir otaqlı mənzilin, qaldıqları oxşar, eyni şəraitli bir otaqlı mənzildə iddiaçı tərəfindən təklif edilən 9.000 manat məbləğində uzun müddət ərzində yaşamaq olar. Bundan başqa cavabdehlər iddiaçının təklif etdiyi kompensasiya məbləğinin aşağı olduğu bildirirlər. Cavabdehlər iddiaçı tərəfindən verilən pul qarşılığında yeni ev alacaqlarını və ya tikəcəklərini bildirirlər. İddiaçının hazırkı statusunda cavabdehlər yeni ev vermək yox, qaldıqları mənzilin şəraitinə uyğun, oxşar şəraitli evdə uzun müddət ərzində yaşamaq üçün kompensasiya vermək vəzifəsi mövcuddur. İşin hallarından da görünür ki, iddiaçı tərəfindən təklif edilən 9.000 manat qarşılığında cavabdehlər uzun müddət yaşadıqları oxşar şəraitli evdə qalmaq imkanını itirmirlər. Məhkəmə İddiaçı özünə məxsus Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin istifadə hüquqlarına 9000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehlərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin mənzilə oxşar bir mənzildə yaşamalarının təmin olunması üçün kifayətdir. Belə ki, qeyd olunan mənzil köhnə tikili olmaqla yaşayış sahəsi 50.5 kv.metr təşkil edir və Qusar şəhərində həmin ölçüdə və şəraitdə olan mənzillərin kirayə haqları yüksək deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Belə ki, iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş AECS (X2 Service) tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli FY 01-006/24 saylı hesabatdan görünür ki, həmin evin aylıq kirayə haqqı 170 (yüz yetmiş) manat miqdarında müəyyən olunmuşdur. Məhkəmə iclasında cavabdehlər sözügedən evin kirayə haqqı 250 (iki yüz əlli manat olduqlarını bildirmiş, İddiaçı izahatında bildirmişdir ki, cavabdehlərə aylıq kirayə haqqı 250 manat olmaqla, 3 il ərizəndə 9000 manat (12x3x250=9000) kompensasiya məbləği ödənilməlidir. Bu da, onun təklif etdiyi məbləğə bərabərdir. Məhkəmə mənzilin yaşayış sahəsinin 50.5 kv.m olmasını, mənzilin köhnəlmə vəziyyətini, həmin ərazidə hazırda oxşar şəraitli mənzillərin kirayə haqqının iddiaçının təqdim etmiş olduğu sübuta əsasən 170 manat, cavabdeh isə izahatında həmin mənzilin kirayə haqqının 250 manat olması deməsini nəzərə alaraq hesab edir ki, istifadə hüququna xitam verilməsinin müqabilində təklif olunan 9000 manat məbləğində kompensasiya hazırki bazar qiymətinə uyğundur, kompensasiya istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə həmin mənzillə müqayisədə oxşar şəraitli mənzildə yaşamaq imkanı verir. Belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır Odur ki, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 9.000 (doqquz min) manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 9.000 (doqquz min) manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-421/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-421/2024
13.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver