Məhkəmə qərarları › İş №e-2(029)-645/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-645/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-645/2024 26.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi, 35 (otuz beş) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 1535,40 (bir min beş yüz otuz beş manat 40 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC- nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx"xxxx"xxxx" ASC (bundan sonra - Cəmiyyət və ya İddiaçı) ilə 27 aprel 2022- ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Vaz 21214” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə Qusar rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X2” markalı ** ZE *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “X2” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Vaz 21214” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli xərclər siyahısında, yol-nəqliyyat hadisəsi nəticəsində “X2” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1500 (bir min beş yüz) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1892/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “X2” markalı ** ZE *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərlə bağlı ödənilməli olan 1500 (bir min beş yüz) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 63.1 -ci maddəsinə əsasən bu Qanunun 63.2ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi bu maddəyə əsasən iddiaçının Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə uyğun olaraq hesab edirik ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbinin əsaslılığı cavabdehin inzibati məsuliyyətə cəlb olunmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, dəymiş ziyanla bağlı tərrtib edilmiş akt və digər sənədlərlə, o cümlədən iddiaçının subroqasiya hüququnun yaranmasını təsdiq edən sığorta müqaviləsi və s. sənədlərlə sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1500 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, "xxxx" ASC tərəfindən ödənilmiş 35,40 (otuz beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 35.40 (otuz beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar