Məhkəmə qərarları › İş №e-2(031)-783/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-783/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-783/2024 26.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06035 saylı saylı X4 müqaviləsi üzrə 12468,69 manat borcun, 8038 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 70 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 151,73 manat məbləğin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təşkilatları arasında xx.xx.2022-ci il tarixli İF/06035 saylı 36 ay müddətli X4 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Kia optima minik markalı 77AX453 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Cavabdehə xəbərdarlıq edilsə də beş aydan çoxdur ki, heç bir borc öhdəliyini yerinə yetirilmir. 25 dekabr 2022-ci il tarixindən başlayaraq 25 iyun 2024-cü il tarixinə qədər hər ay 1282,51 manat olmaqla 24367,69 manat ödəniş etməli olduğu halda cəmi 11899 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 12468,69 manatdır. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 8038 manat təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən xidmət haqqı 70 manat təşkil edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, "xxxx" MMC-dən lizinqə maşın götürməmiş, həmin avtomobili bir dəfə də olsun idarə etməmişdir. X4 müqaviləsində və Təhvil-təslim aktında qeyd edilən imza ona məxsusdur. İş üzrə ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. İddia əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehi və bir nəfər şahidi dinləyib, iş üzrə təqdim olunmuş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, "xxxx" MMC dələduzluqla məşğuldur, onun da başına belə bir hadisə gəlmişdir. Ona bildirmişlər ki, maşını sənin adına keçiririk, lakin sizin üçün heç bir problem yaranmayacaq. Onlar da "xxxx" MMC-nin dediklərinə inanmışlar. Lakin "xxxx" MMC tərəfindən onların istifadəsinə heç bir avtomaşın verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06035 saylı 36 ay müddətli X4 müqaviləsinə əsasən KİA OPTİMA minik markalı, sedan tipli, mühərrik- GK009031, ban-5XXGW4L26GG065221, buraxılış ili 2016-cı il, tund göy metalik rəngli, 77AX453 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi Cavabdeh istifadəsinə verilmişdir. -25 noyabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, KİA OPTİMA minik markalı, sedan tipli, mühərrik- GK009031, ban-5XXGW4L26GG065221, buraxılış ili 2016cı il, tund göy metalik rəngli avtomobil satıcı tərəfindən liznq alan Cavabdeh təhvil verilmişdir. -6 oktyabr 2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan KİA OPTİMA minik markalı, sedan tipli, mühərrik- GK009031, ban- 5XXGW4L26GG065221, buraxılış ili 2016-cı il, tund göy metalik rəngli, 77AX453 dövlət nömrə nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 8038 manat müəyyən edilmişdir. -X1 Şəhadətnaməsindən görünür ki, KİA OPTİMA minik markalı, sedan tipli, mühərrik- GK009031, ban-5XXGW4L26GG065221, buraxılış ili 2016-cı il, tund göy metalik rəngli avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. -AC seriyalı221395 saylı sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər 25 noyabr 2022-ci il tarixli İF/06035 saylı saylı X4 müqaviləsini bağlamış, iddiaçı 25 noyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən nəqliyyat vasitəsini cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə ödənişləri lazımı qaydada icra etməmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsiə görə isə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh, ona qarşı qanunsuz hərəkətlərin törədildiyini iddia etməsinə baxmayaraq, 25 noyabr 2022-ci il tarixindən etibarən bu günədək heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Bu hal cavabdehin bildirdiyi halların əsaslı olmadığını göstərir və onun 25 noyabr 2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasından yayınmaq məqsədilə bu cür iddialar irəli sürdüyü kimi qiymətləndirilir. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06035 saylı 36 ay müddətli X4 müqaviləsinə əsasən Kia optima minik markalı, sedan tipli, mühərrik- GK009031, ban-5XXGW4L26GG065221, buraxılış ili 2016-cı il, tund göy metalik rəngli, 77AX453 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh beş aydan çoxdur ki, heç bir borc öhdəliyini yerinə yetirməmişdir. 25 dekabr 2022-ci il tarixindən başlayaraq 25 iyun 2024-cü il tarixinə qədər hər ay 1282,51 manat olmaqla 24367,69 manat ödəniş etməli olduğu halda cəmi 11899 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 12468,69 manatdır. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 8038 manat təşkil etmişdir. Bu hallar məhkəməyə təqdim olunan sübutlarda öz əksini tapmışdır. Lakin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı "xxxx" MMC tərəfindən müstəqil ekspertə ödənilən 70 manat məbləği ilə əlaqədar məhkəməyə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Ona görə də, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06035 saylı saylı X4 müqaviləsi üzrə 12468,69 manat, 8038 manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği, və 151,73 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06035 saylı saylı X4 müqaviləsi üzrə 12468 (on iki min dörd yüz altımış səkkiz) manat 69 (altımış doqquz) qəpik, 8038 (səkkiz min otuz səkkiz) manat lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği, və 151 (yüz əlli bir) manat 73 (yetmiş üç) qəpik ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMCnin xeyirinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar