Məhkəmə qərarları › İş №e-2(032)-1039/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1039/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1039/2025 13.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı «X1 Service» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 99012381 saylı, 20 iyul 2023-cü il tarixli il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 1605 manat əsas borcun, 95 manat cərimə borcunun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh Gülhəsən qızından İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Gülhəsən qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 99012381 saylı alğı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 1750 manat dəyərində olan “Mebel” dəsti divan və jurnalını almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alğı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini 12 aya bölərək, hər ay üçün 145.83 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 1750 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 145 manat ödəniş etmiş, qalan 1605 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alğı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Alğı-satqı müqavilələrinin 11.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisəninməhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətin pisləşməsiniəsas gətirərək müqavilə üzrəyaranmış borcunu ödəməkdən yayınaraq, mənim sahibkarlıq fəaliyyətimə ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin zərf “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, «X1 Service» ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 99012381 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 1750 manat olan “Mebel” dəsti divan və jurnalnı Cavabdeh nisyə satılmışdır. xx.xx.2023-cü il tarixli, 99012381 nömrəli satılmış əşyaların təhvil verilməsi aktından görünür ki, dəyəri 1750 manat olan “Mebel” dəsti divan və jurnalnı Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, 99012381 saylı nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş malın əvəzinin ödənilməsini qrafik üzrə hər ay dəyişilməz olaraq 145.83 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 99012381 nömrəli alğı-satqı müqaviləsi üzrə 1605 manat əsas borcu, 95 manat cərimə borcu qalmışdır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə “ Mebel “ dəsti divan və jurnalnı satılmış və cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilər üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 1605 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1605 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 95 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 9 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 99012381 saylı müqaviləsinə əsasən “ Mebel “ dəsti divan və jurnalnı üçün ödənilməmiş 1605 manat əsas, 9 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 37 manat pul olmaqla, cəmi 1651 manat pul alınaraq iddiaçı «X1 Service» MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar