Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1122/2024 25.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların azyaşlı uşaqları X3, X4 ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüququna 5000 (beş min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 45,4 kv.m ümumi, 30,8 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 18 nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Uzun müddətdir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. 2010-cu ildə xaricdən qayıdan qardaşı Cavabdeh2 müvəqqəti olaraq həmin mənzildə yaşamaq üçün imkan vermişdir. Hal-hazırda həmin mənzildə qardaşı Cavabdeh2, onun həyat Cavabdeh1 və onların azyaşlı uşaqları X6, X9 yaşayırlar. Mən mülkiyyətində olan mənzildən özü istifadə etmək istədiyinə görə cavabdehlərə mənzili boşaltmağı xahiş etsə də, onlar mənzildən çıxmırlar. Cavabdeh2 Şirvan şəhərində özünə məxsus həyət evi inşa edərək təmir etmiş və yaşamaq üçün tam şəraitlidir. Cavabdeh2 ünvan 2 ünvanında, Cavabdeh1 ünvan 3atdadırlar. iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh2 və ailə üzvlərini mülkiyyətində olan Şirvan şəhəri, L-nt İbrahimov küçəsində istifadədə olan 0,0831 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 45,4 kv.m ümumi, 30,8 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 18 nömrəli mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) cavabdehlər Cavabdeh2, X11 və onların azyaşlı uşaqları X3 X4 Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 20, 18 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsniə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, cavabdehlərin göstərilən ünvanda yaşamaları, şəxsi əşyalarının olması, mütəmadi olaraq kommunal xərclərin onlar tərəfindən ödənilməsi, bu faktı işdə olan sənədlərlə bərabər iddiaçı tərəfinin özünün də etiraf etməsi, həmçinin münasibətlərin yarandığı dövrdə tətbiq edilməli qanunvericilik normaları bir daha onu təsdiq etdi ki, cavabdehlərin sözügedən mənzildə yaşayış sahəsindən istifadə etmək hüquqları var, həmin hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olan istifadə hüququ olduğundan hazırkı iddia cavabdehləri yaşadıqları mənzildən qanunsuz məhrum etmə xarakteri daşıyır göstərilən şərtlər daxilində isə Cavabdeh2, X11 və onların azyaşlı uşaqları X3, X4 ünvan 5 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi təmin oluna bilməz. Şirvan şəhər Məhkəməsinin 2(032)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər X29 və X33) 2(106)-1171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmədi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1171/2023 xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə mindi. Qeyd etdiyi məhkəmə qətnamələri ilə cavabdehlərin Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 20, 18 nömrəli mənzildə yaşayış sahəsindən istifadə etmək hüquqlarının olduğu müəyyən edildiyinə görə cavabdehlərə 5000 manat məbləğində kompensasiya verilməklə onların Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 20, 18 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların həmin yaşayış sahəsindən çıxarılmasını istəyir. Bir mülkiyyətçi olaraq qardaşının onun xüsusi mülkiyyətində olan mənzildə yaşamasını istəmir, çünki özünün başqa yaşayış yeri yoxdur. Cavabdeh onun qardaşı olsa da, onun iradəsinin əleyhinə onun xüsusi mülkiyyətində olan mənzildə yaşaması mülkiyyət hüququnu kobud şəkildə pozur. Cavabdeh özünə fərdi yaşayış evi inşa etmiş, hal-hazırda yaşayış üçün tam əlverişlidir. Lakin buna baxmayaraq ona kompensasiya ödəməyə hazırdır. Mübahisəli mənzilin yerləşdiyi ərazidə 2 otaqlı mənzillərin orta aylıq kirayə haqqı bir ay üçün təqribən 150-180 manat təşkil edir. Həm də mübahisəli mənzil tam təmirli deyildir. Buradan belə nəticə çıxarmaq olar ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi müqabilində 5000 manat kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı onun kiçik qardaşıdır, həmin mənzil onun atasından qalmış, uzun müddətdir ki, qardaşı Rusiyada yaşayır, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Özü Şirvan şəhəri, M.Əsədov küçəsi ev 100 saylı mənzildə qeydiyyatdadır, lakin həmin mənzildə təmir işləri yekunlaşmadığından yaşamaq qeyri-mümkündür. Həmçinin, mübahisəli mənzildə ailəsi ilə birgə yaşadığı vaxtda evin təmirini özü etdirmişdir. O, təklif olunan kompensasiya məbləğini qəbul etmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və əlavə edilməklə məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyistrindən MH ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində istifadədə olan 0,0831 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 45,4 kv.m ümumi, 30,8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 146 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi, ev 20, 18 nömrəli mənzil İddiaçı adına xx.xx.1971-ci il tarixli “Şirvan Neft” NQÇİ tərəfindən verilmiş 934 saylı order əsasında xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla təmin edilmişdir. Cavabdeh2 adına ölkə üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 882 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2, Cavabdeh1, X6 və X1 şəhəri, L.İbrahimov küçəsi ev 20, mənzil 18 ünvanında yaşayırlar. İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır. Şirvan Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci ildən, X18 isə xx.xx.2006-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. xx.xx.2008-ci il tarixli 2.M.1.S nömrəli orderin surətindən görünür ki, ünvan 5 ünvanında X12, X7, Cavabdeh2, X13, X10 və X5 adları orderdə qeyd edilmişdir. Həmçinin orderdə adları qeyd edilən şəxslərin pasport qeydiyyatından çıxdıqları qeyd edilmişdir. X18, X12 və X2 şəhəri, L-nt İbrahimov küçəsi, 20 saylı binanın 18 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 oktyabr 2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 X26 ilə nikaha daxil olmuş və nikahdan sonra arvada Abdullayeva soyadı verilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların azyaşlı uşaqları X3 X4 Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 20, 18 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1171/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şirvan şəhər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(032)- 104/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, həmin evdən istifadə hüququna malik olan cavabdehlərə qarşı istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququnun pozulmasına gətirib çıxarır. Mülki qanunvericiliyə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmçinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərindən göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Həmçinin məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin göstərilən qərarından da aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Həmçinin məhkəmə iclasında cavabdeh tərəfin vermiş olduğu izahatında onun Şirvan şəhəri, M.Əsədov küçəsi ev 100 saylı mənzildə qeydiyyatda olduğu, lakin həmin mənzildə təmir işləri yekunlaşmadığından yaşamağın qeyri-mümkün olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təklif edilən 5000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Həmçinin işin faktiki hallarından göründüyü kimi Cavabdeh2 Cavabdeh1 birgə nikahalarından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X9 doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüquqlarına 5000 manat kompensasiya verilməklə xitam verilməsi və onların mənzildən çıxarılması qət edildiyindən, hazırkı iş üzrə də uşaqların ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və valideynlərin istifadə hüquqlarına xitam verildiyindən, onların da həmin evdə yaşamaqları üçün qanuni əsaslar qalmamış olması qənaətinə gəlməyə əsas verir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 (beş min) manat kompensasiya ödənilməklə ünvan 9 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların azyaşlı uşaqları X6, X9 həmin mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1122/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1122/2024
25.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver