Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1128/2025 08.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 4543,05 manat və ödənilmiş dövlət rüsumuna görə 65,43 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır (24.2, 24.3). Həmin məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti müəyyən edilərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və o, **********2 nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardır. Həmçinin hazırkı iddia tələbi üzrə İddiaçı MMC-də hüquqi şəxs olaraq dövlət qeydiyyatından keçmişdir. Göründüyü kimi subyektiv tərkib baxımından həm iddiaçı və həm də cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Həmçinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 20-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.” Həmin Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, “... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə münasibtədə məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında xam-pambığın alğı-satqısına dair müqavilə bağlanmış və həmin müqavilə üzrə sonuncu tərəfindən pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin göstərilməsi və pambığın satılması ilə bağlı üzərinə götürmüş olduğu öhdəliyin icra edilməməsinin nəticəsi olaraq İddiaçı MMC tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində vurulmiş ziyanın ödənilməsi məhkəmə müstəvisində mübahisələndirilmişdir. Mübahisənin predmeti və xarakteri baxımından tərəflər arasında yaranan münasibətlər məhz sahibkalıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından, həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından hazırkı iddia sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsidir. Sadalanan xüsusiyyətlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli “AsanPay” ödəniş qəbzindən ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da, geri qaytarılmalıdır. Eyni zamanda, tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, “... məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə dair birinci instansiya məhkəmələrinin qərardadlarının 2020-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə qəbul edilməsindən asılı olmayaraq, onlardan verilmiş şikayətlərə MPM–in 3.1-ci maddəsinin tələblərindən irəli gələrək apelyasiya instansiyası məhkəmələrinin hazırda baxma səlahiyyəti olmadığından şikayətlər aidiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməlidir.” Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu (qəbzin nömrəsi **********, xx.xx.2025-ci il tarixli) İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1128/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1128/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver