Məhkəmə qərarları › İş №e-2(032)-1268/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1268/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1268/2024 03.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02113813 saylı müqaviləyə əsasən “APPLE WATCH 7” markalı qol saatı üçün 432,05 manat ödənilməmiş hissə, 43,95 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli, 03783438 saylı müqaviləyə əsasən “WİNDOWS 11 HOME” üçün 133,03 manat ödənilməmiş hissə, 13,97 manat cərimə borcu, ümumilikdə hər iki müqavilə üzrə cəmi 623 manat və 30 manat dövlət rüsumu, cəmi 653 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02113813 saylı və xx.xx.2023-cü il tarixli, 03783438 saylı müqavilələrə əsasən cavabdeh “APPLE WATCH 7” markalı qol saatı və “WİNDOWS 11 HOME” almış və nəticədə 623 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1079,04 manat (12 ay x 89,92 manat + 0 manat ilkin ödəniş) “APPLE WATCH 7” markalı qol saatı üçün ümumilikdə, 476 manat olmaqla ondan 432,05 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43,95 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli, 03783438 saylı müqaviləsinə əsasən alğı-satqı qiyməti 319,92 manat (24 ay x 13.33 manat + 0 manat ilkin ödəniş) “WİNDOWS 11 HOME” üçün ümumilikdə 147 manat olmaqla ondan 133,03 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13,97 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 833,88 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 02113813 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 1079,04 manat olan “APPLE WATCH 7” markalı qol saatı Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 89,92 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 03783438 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 319,92 manat olan “WİNDOWS 11 HOME” Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 13,33 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 02113813 saylı müqavilə üzrə 432,05 manat ödənilməmiş hissə və 43,95 manat dəbbə borcu, xx.xx.2023-cü il tarixli, 03783438 saylı müqavilə üzrə 133,03 manat ödənilməmiş hissə, 13,97 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdehə əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 02113813 saylı müqaviləsinə əsasən 432,05 manat, xx.xx.2023-cü il tarixli, 03783438 saylı müqaviləsinə 133,03 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 02113813 saylı müqaviləyə əsasən 432,05 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 3 manat dəbbə (cərimə) pulu, xx.xx.2023-cü il tarixli, 03783438 saylı müqaviləyə əsasən 133,03 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli, 02113813 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 432,05 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03783438 saylı alğı-satqı müqaviləsinə əsasən 133,03 manat ödənilməmiş hissə, 1 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 02113813 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 432,05 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03783438 saylı alğı-satqı müqaviləsinə əsasən 133,03 manat ödənilməmiş hissə, 1 manat cərimə borcu, ümumilikdə hər iki müqavilə üzrə 569,08 (beş yüz altmış doqquz manat səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar