Məhkəmə qərarları › İş №e-2(032)-1504/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1504/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1504/2025 12.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, 338132 saylı müqavilə üzrə 150 manat əsas borc, 84 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 338134 saylı müqavilə üzrə 155 manat əsas borc, 84 manat cərimə borcu olmaqla, ümumilikdə 473 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixində - 338132 saylı və xx.xx.2023-cü il tarixində - 338134 saylı alğısatqı müqaviləsi imzalanmışdır. Alğı-satqı müqaviləsinin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh ilkin ödəniş 10 manat olmaqla, kreditlə 1 ay 30 manat, 11 ay 25 manat hissəhissə ödəmək şərtilə 1 ədəd 315 (üç yüz on beş) manat məbləğində Tozsoran və ilkin ödəniş 10 manat olmaqla, kreditlə 1 ay 30 manat, 11 ay 25 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 (üç yüz on beş) manat məbləğində ətçəkən satmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək, 338132 saylı alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 25 manat ödəniş etmiş, 338134 saylı alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 20 manat ödəniş etmiş, xx.xx.2024-cü il tarixdən bu günədək heç bir ödəniş etməmişdir, bunun nəticəsində İddiaçı MMC-yə tozsorana görə əsas borc üzrə 150 (yüz əlli) manat, hər gecikdiyi gün üçün faiz üzrə 84 (səksən dörd) manat və ətçəkən maşına görə əsas borc üzrə 155 (yüz əlli beş) manat, hər gecikdiyi gün üçün faiz üzrə 84 (səksən dörd) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 338132 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh 315 manat dəyəri olan tozsoran almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 338134 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh 315 manat dəyəri olan ətçəkən maşın almışdır. 20 dekabr 2024-cü il tarixli İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 338132 saylı müqavilə üzrə 150 manat əsas, 84 manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli, 338134 saylı müqavilə üzrə 155 manat əsas, 84 manat dəbbə pulu borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğısatqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan avadanlıqları cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin xx.xx.2023-cü il tarixli, 338132 saylı və xx.xx.2023cü il tarixli, 338134 saylı alğı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin tarixli müqavilələrin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixli, 338132 saylı və xx.xx.2023cü il tarixli, 338134 saylı alğı-satqı müqavilələri üzrə əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 338132 saylı və xx.xx.2023-cü il tarixli, 338134 saylı nisyə alğı-satqı müqavilələrinə əsasən əsas borclara münasibətdə cavabdehdən 84 manat dəbbə (cərimə) pullarının tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 338132 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 150 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 84 manat dəbbə (cərimə), xx.xx.2023-cü il tarixli, 338134 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 155 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 84 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, 338132 saylı müqaviləyə əsasən 8 manat və xx.xx.2023-cü il tarixli, 338134 saylı müqaviləyə əsasən 8 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 338132 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 150 manat əsas, 8 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 338134 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 155 manat əsas, 8 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 351 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar