Məhkəmə qərarları › İş №e-2(032)-1615/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1615/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1615/2025 09.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 40006183 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 416 manat 99 qəpik əsas, 0 manat cərimə olmaqla, ümumilikdə 416 manat 99 qəpik borcun, 30 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 40 qəpik məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh1 arasında bağlanmış SRK16347 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1432 manat 68 qəpik dəyərində nisyə aldığı mala görə 60 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1372 manat 68 qəpik borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. İddiaçı MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh1 və Cavabdeh2n oğluna qarşı olan 1372 manat 68 qəpik məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Bundan başqa tərəflər arasında bağlanmış SRK16347-z saylı xx.xx.2021 tarixli zaminlik müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən tələbkarın zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin,hesablanmış cərimələrin və satıcının çəkmiş olduğu hər hansı digər xərc və zərərlərin ödənilməsini zamindən tələb etmək hüququ vardır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehlərin bu günə 499 manat 68 qəpik əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehlərə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəsilə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixində dəyəri 1432 manat 68 qəpik olan malın alqı-satqısına dair SRK 16347 saylı müqavilə bağlanılmışdır. İş materiallarından görünür ki; İddiaçı QSC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2021-ci il tarixli sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı olan 1372 manat 68 qəpik məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. xx.xx.2021-ci il tarixli SRK 16347-Z saylı zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik satıcı ilə alıcı arasında bağlanmış SRK 16347 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikdir. Həmin müqaviləyə əsasən alıcı satıcıdan nisyə aldığı malın müqavilənin 1 saylı əlavəsində göstərilən formada (24 ay müddətində aylıq ödəniş 57 AZN olmaqla) ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən SRK 16347 saylı, xx.xx.2021-ci tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “1 ədəd vyana termo, 1 ədəd kral çarpayı, 1 ədəd vyana tumba, 1 ədəd döşək, 1ədəd termo dəmiri” adlı mallar tam qüsursuz halda Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, SRK 16347 saylı, xx.xx.2021ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 873 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 SRK 16347 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 499 manat 68 qəpik məbləğində əsas, 0 manat məbləğində cərimə borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə qeyd edilən əşyanın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun tərəf olduğu müqavilə üzrə iş materiallarında olan arayışa əsasən ümumilikdə 499 manat 68 qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır MM-in 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda ona xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli, SRK 16347 nömrəli malın nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC 1432 manat 68 qəpik məbləği dəyərində 1 ədəd vyana termo, 1 ədəd kral çarpayı, 1 ədəd vyana tumba, 1 ədəd döşək, 1ədəd termo dəmiri adlı malları alıcı Cavabdeh1 verməyi, alıcı isə 1432 manat 68 qəpik məbləğində pulu hər ay 57 manat olmaqla, 24 ay ərzində, hər ayın 22-ə qədər ödəməyi öhdəsinə götürmüşdür. Bu hissədə İddiaçı QSC-nin cavabdehə qarşı iddiası əsaslı hesab edilir. Lakin iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli SRK 16347-z nömrəli, zaminlik müqaviləsinə əsasən Cavabdeh2 1(bir) ədəd vyana termo, 1 ədəd kral çarpayı, 1 ədəd vyana tumba, 1 ədəd döşək, 1ədəd termo dəmiri adlı malların dəyərinin kreditora tam şəkildə ödənilməsini öz üzərinə götürmüşdür. Zaminlik müddəti əsas öhdəlik tam icra edilənədək müəyyən olunmuşdur. Amma Mülki Məcəllənin tələbinə əsasən müqavilə bağlanarkən müqavilə şərtləri mülki məcəllənin şərtlərinə zidd olmamalıdır. Zaminliklə bağlı müddəaların təhlilindən belə nəticə çıxır ki, zaminlik müqaviləsində ya konkret zaminlik müddəti göstərilməli, ya da müddətsiz olmalıdır. Müddət göstərildiyi halda zamin həmin müddətdə əsas öhdəlik üçün zamin olur, göstərilmədiyi halda isə müqavilənin icra müddəti bitdiyi andan 1 il ərzində, müddət göstərilməyibsə müqavilənin bağlandığı andan 2 il müddətinə zamin olur. Bu müddətlər bitdikdən sonra zaminliyə xitam verilir. Bu halda Cavabdeh2 zaminik müqaviləsinin 1.2-ci bəndinə əsasən nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində göstərilən formada (24 ay müddətində aylıq ödəniş 57 AZN olmaqla) öhdəliyin icrasına zamin olmağı öhdəsinə götürdüyündən və əsas müqavilə müddəti də xx.xx.2023-cü il tarixdən bitdiyindən və müqavilənin icra müddəti bitdiyi andan sonrakı 1 illik müddət də bitdiyindən Cavabdeh2 münasibətdə iddia tələbini məhkəmə əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun və xidmət haqqının Cavabdeh1 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, yaranmış əsas borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 499 (dörd yüz doxsan doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat və xidmət haqqının əvəzi kimi 40 (qırx) qəpik məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 499 (dörd yüz doxsan doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat və xidmət haqqının əvəzi kimi 40 (qırx) qəpik pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar