Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1715/2025 24.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********65078 OPPO A3X markalı 3 il zəmanət olan mobil telefon üçün 288 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 28.80 manat cərimə, ümumilikdə 340.40 manat borc və 30 manat ödənilmiş dövlət rüsumun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL XİDMƏTİ, İMEİ KODU **********65078 OPPO A3X markalı telefon almış və nəticədə 340.40 (üç yüz qırx manat, 40 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz) manat (yəni 12 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL XİDMƏTİ, İMEİ KODU **********65078 OPPO Am3X markalı telefon üçün ümumilikdə, 340.40 (üç yüz qırx manat, 40 qəpik) manat olmaqla ondan 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 28.80 (iyirmi səkkiz manat, 80 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 288 manat olan ZƏMANƏT 3 il markalı telefon, İmei kod **********65078 OPPO A3X markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 24 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə 288 manat ödənilməmiş hissə və 28.80 manat dəbbə borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış İmei kod **********65078 OPPO A3X markalı telefon üçün 23.6 (iyirmi üç manat, 60 qəpik) manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə qulaqlıq satılmış və cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilər üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 288 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 288 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 28.80 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu tutulmalıdır. İddia tələbinin İnnovativ Layihələr Mərkəzinə ümumilikdə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış İmei kod **********65078 OPPO A3X markalı telefon satılmışdır. Həmin müqavilə predmeti olan mobil telefonun aktivləşdirilməsi ilə bağlı satıcı "xxxx" MMC tərəfindən İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 23.6 (iyirmi üç manat, 60 qəpik) manat ödəniş edilmişdir. İddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı müqaviləsinə əsasən ZƏMANƏT 3 il markalı telefon, İmei kod **********65078 OPPO A3X markalı telefon üçün ödənilməmiş 288 manat əsas, 2 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul olmaqla, cəmi 343,60 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1715/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1715/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver