Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-194/2025 18.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində vurulmuş zərərin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz C220” markalı, ** XV *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci ilin oktyabrın 14-də Cavabdeh2 məxsus olan digər Cavabdeh1 sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz C220” markalı, ** XV *** dövlət nömrə nişanlı avtomobillə Şirvan-Hacıqabul yolunda “X8” markalı, ** VD *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Şirvan şəhər X4 Bölməsinin müstəntiqi X3 tərəfindən xx.xx.2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən X2 Azərbaycan Respublikası İXM-nin 334.3 və 332.1-ci maddələri ilə inzibati məsuliyyəti cəlb olunması məqsədi ilə toplanmış material Şirvan ŞPŞ-nin DYPB-nə göndərilmişdir. Həmçinin, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Şirvan ŞPŞ-nin DYPB-nə göndərilmişdir. Şirvan ŞPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 334.3 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Şirvan ŞPŞ-nin DYPB-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 3606 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “X8” markalı ** VD *** dövlət nömrə nişanlı avtomobillə 5000 manat məbləğində ziyan dəymişdir. xx.xx.2022-ci il tarixində, 1309 nömrəli ödəniş tapşırığı ilə 5000 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər tərəfindən 400 manat məbləğində ödəniş edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4600 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsuunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə tanış olduqlarını və etirazları olmadıqlarını bildirmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “MERCEDES BENZ C220” markalı, ** XV *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 334.3 (Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 332.1-ci maddələrində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat məbləğində cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “X8” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumi dəyən maddi ziyan 5000 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 1309 saylı ödəniş tapşırığına əlavədən görünür ki, "xxxx" ASC tərəfindən X1 5000 manat sığorta ödənişi ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 05/01-290 pretenziya məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh1 mövcud sığorta ödənişi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. İş materiallarına əalvə edilmiş 48/24 nömrəli Razılaşmadan görünür ki, Cavabdeh1 vurulmuş ziyanı etiraf etmiş və həmin ziyanı ödəyəcəyi barədə "xxxx" ASC ilə razılaşmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-1-25.1.4-cü, 63-cü maddəsinin tələbinə görə 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə görə bu qanunun xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə görə, bu qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Qanunun yuxarıda qeyd olunan “subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır” müddəasının qısa şərhi ilə əlaqədar isə məhkəmə aşağıdakıları göstərməyi vacib bilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan delikt hüquq institutu üzrə dispozitiv şərtlərin hər üçü yerinə yetirilir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Həmçinin eyni qərara əsasən qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan xüsusatlar əsaslıdır, öz təsdiqini tapır, sözügedən xüsusatların əski sübut edilmir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, hadisə 14 oktyabr 2021-ci il tarixdə baş vermiş, hadisə nəticəsində “X8” markalı, ** VD *** dövlət nömrə nişanlı avtomobilə 5000 manat məbləğində ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən X1 5000 manat məbləğində ödəniş edilmişdir. İşdə olan protokollardan görünür ki, “MERCEDES BENZ C220” markalı, ** XV *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 məxsusdur. Sürücü Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə və etibarnamə olmadan idarə etdiyindən hadisə baş vermişdir. Yəni, təqsirli əməl mövcuddur, şəxsə zərər dəyib və şəxsin əməli ilə nəticə arasında səbəbli əlaqə vardır. Hazırda isə iddiaçı ilə cavabdeh arasında razılaşma olmasına baxmayaraq iddiaçı vurulmuş ziyan vurulmasını təsdiq edilərək pulun, yəni 4600 manat məbləğində pulun ödənilməsini tələb edir. Belə olan halda isə, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada göstərilən məbləğdə pul alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bu səbəbdən, iddiaçı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçıya dəymiş zərər məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 70 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4600 (dörd min altı yüz) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-194/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-194/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver