Məhkəmə qərarları › İş №e-2(032)-2211/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2211/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2211/2025 12.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı MMC-nin xeyrinə 00261807 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2398 manat əsas, 239 manat faiz olmaqla, ümumilikdə 2637 manat borcun, 43 manat 98 qəpik məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçıMMC ilə vətəndaş Cavabdeh1 Rayıf qızıvə Cavabdeh2 Vəli qızı arasında 00261807 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında alıcıya İddiaçı MMC tərəfindən müqavilədə qeyd olunan mal satılmışdır. Alıcı Cavabdeh1 Rayıf qızı və Cavabdeh2 Vəli qızı isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyğun ödəniş etməkdən yayınmışdır. İddiaçı tərəfindən Cavabdeh1 Rayıf qızı və Cavabdeh2 Vəli qızına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, satıcı ilə alıcı arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn ümumi 3949 manat məbləğindən bu günə qədər Cavabdeh1 Rayıf qızıvə Cavabdeh2 Vəli qızının 4967 manat ödənişi olmuşvə hal-hazırda 2398 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh1 Rayıf qızı və RayaMəmmədova Vəli qızı ilə İddiaçıMMC arasında bağlanmış nisyə-alqı satqı müqavilələrinin 6.2-ci bəndinə əsasən alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1%-i məhsula əlavə qiymət hesablanacaq. Həmin cərimə malın dəyərinin və ya ödənişin cəmi məbləğinin 10%-dən artıq ola bilməz. Bu bəndə əsasən Cavabdeh1 Rayıf qızı və Cavabdeh2 Vəli qızının ödənilməmiş borcməbləği 2398 manat, gecikdirilən günlər üçün hesablanan faiz pulu 239 manat təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 2637 manat təşkil edir. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh1 Rayıf qızı və Cavabdeh2 Vəli qızına ödənişin həyatakeçirilməsi üçün müraciət olunsa da, nəticəsiz qalmış, cavabdehlər ödənişləri həyata keçirməkdən qərəzli şəkildə imtina etmişlər. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehlərə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəsilə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarından görünür ki; İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 00261807 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 2.1-ci bəndindən görünür ki, cavabdehlə 7365 manat məbləği dəyərində 1 ədəd mətbəx mebeli, 1 ədəd mətbəx stolu, 6 ədəd stul, 1 ədəd künc divan, 1 ədəd kravat eko, 1 ədəd taxt oskar, 1 ədəd dolab, 1 ədəd termo, 1 ədəd tumba, 1 ədəd döşək, 1 ədəd taburetka, 1 ədəd qonaq dəsti adlı malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən malın qiyməti tərəflərin razılığı ilə 18 ay müddətində aylıq ödəniş 376 AZN olmaqla 7365 manat təyin olunmuşdur. Həmin müqavilənin 7.1-ci və 8.2-ci bəndlərinə əsasən zamin, yəni Cavabdeh2 alıcının əsas öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində satıcıya dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla yaranan və yarana biləcək hər cür zərər üçün alıcı ilə eyni məsuliyyət daşıyır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nun 00261807 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2398 manat məbləğində əsas, 239 manat məbləğində faiz borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43 manat 98 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə qeyd edilən əşyanın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun tərəf olduğu müqavilə üzrə iş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışa əsasən ümumilikdə 2637 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır MM-in 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda ona xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli, 00261807 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC 7365 manat məbləği dəyərində 1 ədəd mətbəx mebeli, 1 ədəd mətbəx stolu, 6 ədəd stul, 1 ədəd künc divan, 1 ədəd kravat eko, 1 ədəd taxt oskar, 1 ədəd dolab, 1ədəd termo, 1 ədəd tumba, 1 ədəd döşək, 1 ədəd taburetka, 1 ədəd qonaq dəsti adlı malları alıcı Cavabdeh1 verməyi, alıcı isə 7365 manat məbləğində pulu hər ay 376 manat olmaqla, 18 ay ərzində, hər ayın 28-ə qədər ödəməyi öhdəsinə götürmüşdür. Bu hissədə İddiaçı MMC-nin cavabdehə qarşı iddiası əsaslı hesab edilir. Lakin iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli 00261807 nömrəli nisyə alqı-satqı müqaviləinin 7.1-ci və 8.2-ci bəndlərinə əsasən Cavabdeh2 alıcının əsas öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində satıcıya dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla yaranan və yarana biləcək hər cür zərər üçün alıcı ilə eyni məsuliyyət daşıyır. Zaminlik müddəti əsas öhdəlik tam icra edilənədək müəyyən olunmuşdur. Amma Mülki Məcəllənin tələbinə əsasən müqavilə bağlanarkən müqavilə şərtləri Mülki Məcəllənin şərtlərinə zidd olmamalıdır. Zaminliklə bağlı müddəaların təhlilindən belə nəticə çıxır ki, zaminlik müqaviləsində ya konkret zaminlik müddəti göstərilməli, ya da müddətsiz olmalıdır. Müddət göstərildiyi halda zamin həmin müddətdə əsas öhdəlik üçün zamin olur, göstərilmədiyi halda isə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə isə müqavilənin bağlandığı andan 2 il müddətinə zamin olur. Bu müddətlər bitdikdən sonra zaminliyə xitam verilir. Bu halda Cavabdeh2 müqavilənin 7.1-ci və 8.2-ci bəndlərinə əsasən nisyə alqı-satqı müqaviləsinin ödəniş cədvəlində göstərilən formada (18 ay müddətində aylıq ödəniş 376 AZN olmaqla) öhdəliyin icrasına zamin olmağı öhdəsinə götürdüyündən və əsas müqavilə müddəti də xx.xx.2022-ci il tarixdən bitdiyindən və müqavilənin icra müddəti bitdiyi andan sonrakı 1 illik müddət də bitdiyindən Cavabdeh2 münasibətdə iddia tələbini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun və xidmət haqqının Cavabdeh1 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, yaranmış əsas borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2398 (iki min üç yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 239 (iki yüz otuz doqquz) manat faiz borcu, cəmi 2637 (iki min altı yüz otuz yeddi) manat və ödənilmiş dövlət rüsumu 43 (qırx üç) manat 98 (doxsan səkkiz) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2398 (iki min üç yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 239 (iki yüz otuz doqquz) manat faiz borcu, cəmi 2637 (iki min altı yüz otuz yeddi) manat və ödənilmiş dövlət rüsumu 43 (qırx üç) manat 98 (doxsan səkkiz) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar