Məhkəmə qərarları › İş №e-2(032)-270/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-270/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-270/2024 16.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********388092 Samsung Galaxy A13 markalı telefon üçün 345 manat 52 qəpik ödənilməmiş hissə, 34 manat 48 qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən su qızdırıcı Hoffmann üçün 105 manat 96 qəpik ödənilməmiş hissə, 10 manat 04 qəpik cərimə olmaqla, ümumilikdə 496 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 623.52 (altı yüz iyirmi üç manat əlli iki qəpik) manat (18 ay x 34.64 manat + 0 manat ilkin ödəniş) İMEİ **********88092 SAMSUNG GALAXY A13 markalı telefon üçün ümumilikdə, 380 (üç yüz səksən) manat olmaqla ondan, 345.52 (üç yüz qırx beş manat əlli iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 34.48 (otuz dörd manat qırx səkkiz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 399.96 (üç yüz doxsan doqquz manat doxsan altı qəpik) manat (18 ay x 22.22 manat + 0 manat ilkin ödəniş) SU QİZDİRİCİ HOFFMANN üçün ümumilikdə, 116 (yüz on altı) manat olmaqla ondan, 105.96 (yüz beş manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 10.04 (on manat dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 572 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli, 10742439 nömrəli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 623 manat 53 qəpik təşkil edən İMEİ kodu **********88092 Samsung Galaxy A13 markalı telefonun alqı-satqısına dair müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 10742439 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********88092 Samsung Galaxy A13 markalı telefon tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə dəyəri 400 manat təşkil edən Hoffmann su qızdırıcısının alqı-satqısına dair müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ******* nömrəli alqı-satqı müqaviləsi üzrə Hoffmann su qızdırıcısı tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcu 345 manat 52 qəpik; xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə ödənilməmiş borcu 105 manat 96 qəpik təşkil edir, ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə 81 manat 60 qəpik, 2-ci müqavilə üzrə 33 manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt edilərək 1-ci müqavilə üzrə 34 manat 48 qəpik, 2-ci müqavilə üzrə 10 manat 04 qəpik manat cərimə hesablanmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən əşyaların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, cavabdehin tərəf olduğu müqavilələr üzrə 451 manat 48 qəpik əsas borc, 44 manat 52 qəpik cərimə borcu, cəmi 496 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 34 manat 48 qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 17 manat məbləğində müəyyən edilməsini, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 10 manat 04 qəpik cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 451 manat 48 qəpik əsas, 22 manat cərimə borcu olmaqla ümumilikdə 473 manat 48 qəpik borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 10742439 nömrəli müqavilə üzrə 345 manat 52 qəpik (üç yüz qırx beş manat əlli iki qəpik) məbləğində əsas, 17 (on yeddi) manat məbləğində cərimə, cəmi 362 manat 52 qəpik, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 105 manat 96 qəpik (yüz beş manat doxsan altı qəpik) məbləğində əsas, 5 (beş) manat məbləğində cərimə,cəmi 110 manat 96 qəpik, ümumlikdə 473 (dörd yüz yetmiş üç) manat 48 ( qırx səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar