Məhkəmə qərarları › İş №e-2(032)-377/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-377/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-377/2024 04.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 150 manat məbləğində borcun, 120 manat məbləğində hüquqi xidmətə görə, 30 manat 40 qəpik məbləğində dövlət rüsumunun, 3 manat 80 qəpik poçt xidmət haqqı, ümumilikdə 304 manat 20 qəpik məbləğində pulun alınaraq İddiaçı verilməsini xahiş etmişdir İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, ŞRK 00981 nömrəli nisyə satış müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 10 ay müddətinə ümumi dəyəri 280 (iki yüz səksən) manat məbləğində “Planşet Note 12 plus 6/256 GB” markalı, **********22250 və **********3255 İMEİ kodlu mobil cihaz satmışdır. Müqavilənin şərtinə görə borclu ilkin olaraq 30 (otuz) manat məbləğində ödəniş etməklə, ödəniş cədvəlinə uyğun olaraq 10 (on) ay müddətində, 25 (iyirmi beş) manatdan olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Borclu Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmiş və bunla bağlı onun özünə dəfələrlə şifahi və rəsmi olaraq pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. (Bunu ərizəyə əlavə edilmiş pretenziya və poçt qəbziindən görmək olar) Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borclu Cavabdeh xx.xx.2023-cü il tarixə tələbkar İddiaçı 150 (yüz əlli) manat məbləğində borcu qalmışdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında dəyəri 280 manat olan Planşet Note 12 Plus 6/256 GB markalı mobil cihazın alınması barədə müqavilə imzalanmışdır. Müqaviləyə görə ilkin ödəniş olaraq Cavabdeh 30 manat məbləğində pul ödəmiş, qalan məbləğin isə aralarında razılaşdırılmış kredit şərtlərinə uyğun olaraq 10 ay müddətində hər ay 25 manat ödənilməsi barədə razılaşmışlar. Maliyyə və ödəniş cədvəlindən görünür ki, İddiaçı Səfər oğlu ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ŞRK 00981 saylı müqaviləyə uyğun olaraq cavabdehin hazırda xx.xx.2023-cü il tarixinə müqavilə üzrə qalıq borcu 150 manat təşkil edir. xx.xx.2023-ci il tarixli təhvil-təslim aktına əsasən ŞRK00981 saylı, xx.xx.2023-cü tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Planşet Note 12 Plus 6/256 GB” adlı mobil telefon tam qüsursuz halda X1 təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli m-120-14-11 nömrəli qəbzdən görünür ki, İddiaçı vəkil Nümayəndə 120 manat pul ödəmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Səfər oğlu tərəfindən Cavabdeh mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki,İddiaçı ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh onu xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən İddiaçı verilmiş əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə satılmış mala görə cəmi 150 manat məbləğində ödənilməmiş pulun qalması iş üzrə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından Cavabdeh 150 manat məbləğində pul və alınaraq İddiaçı verilməlidir. Vəkilin göstərdiyi yardıma görə hüquqi xidmətə görə Cavabdeh 120 manat məbləində pulun alınaraq İddiaçı verilməsi hissədə isə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 150 (yüz əlli) manat məbləğində əsas borc, hüquqi xidmətə görə 60 (altmış) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və poçt xidmət haqqı 3 (üç) manat 80 (səksən) qəpik məbləğində, cəmi 243 (iki yüz qırx üç) manat 80 (səksən) qəpik pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 150 (yüz əlli) manat, hüquqi xidmətə görə 60 (altmış) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və poçt xidmət haqqı 3 (üç) manat 80 (səksən) qəpik məbləğində, cəmi 243 (iki yüz qırx üç) manat 80 (səksən) qəpik pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar