Məhkəmə qərarları › İş №e-2(032)-393/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-393/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-393/2025 15.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3456 (üç min dörd yüz əlli altı) manat əsas borc, 1380 (bir min üç yüz səksən) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 532.34 (beş yüz otuz iki manat otuz dörd qəpik) manat olmaqla, ümumilikdə 5368,34 (beş min üç yüz altmış səkkiz manat otuz dörd qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil alğı-satqısına dair xx.xx.2024-cü il tarixli B-022-SA-24 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilən avtomobil üçün ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə Alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüzəlli iki) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra iki ayın ödənişini gecikdirməklə xx.xx.2024-cü il tarixli xəbərdarlıq nəticəsində xx.xx.2024-cü il tarixində iki aylıq ödəniş etdikdən sonra (mart və aprelayları üçün) heç bir ödəniş etməmişdir. Gecikmələr barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Öhdəliklərini icra etməməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə üç ay müddətində, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-022-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda cavabdehə “Skoda Kamiq 1.6 MPİ” markalı, ** YX *** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X2 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzinə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Bildiririk ki, Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024cü il tairixində faktiki təmir işləri icra edilməklə təmir xərci 532.34 (beş yüz otuz iki manat otuz dörd qəpik) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (15611 km) və bazar qiymətlərinə uyğun olaraq 25% dəyərdən düşmüşdür. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı tarixdən iki ay sonra gecikmə ilə cavabdeh yalnız iki ayın (mart və aprel ayları) ödənişini etmiş avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan üç ayın (aprel, may, iyun ayları üçün) ödənilməmiş məbləği, yəni 3456 (üç min dörd yüz əlli altı) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1380 (bir min üç yüzsəksən) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 5368.34 (beş min üç yüz altmış səkkiz manat otuz dörd qəpik) manat miqdarında zərər və borc öhdəliyi yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli B-022-SA-24 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəməyə elektron ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştiakı olamadan baxılmasını xahiş etmişdir. Eyni zamanda məhkəmənin 04 mart 2025-ci il tarixli iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izhat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı MMC ilə onun arasında bağlanmış olan müqaviləyə əsasən nəqliyyat vasitəsini əldə etmişdir. Həmin nəqliyyat vasitəsi ilə bağlı müqavilə onunla bağlanmış olsa da, həmin nəqliyyat vasitəsi onun tərəfindən az müddət istifadə edilmişdir. Sonradan həmin nəqliyyat vasitəsini İddiaçı MMC-yə geri qaytarmışdır. Nəqliyyat vasitəsini geri qaytardıqdan sonra bildiyinə görə başqa şəxsə satılmışdır. İddia tələbində qeyd edilən məbləğlə tam razı deyil. Onun tərəfindən nəqliyyat vasitəsinin icarə haqqı olaraq ilkin ödəniş ödənilmiş, sonra isə 2-3 ayda ödəniş edilmişdir. Maşının təmir xərci ilə razı deyil təzə maşın olub onun yağını və digər lazımı ehtiyat hissələrini özü dəyişidirib. Məhkəmə cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli avtomobilin alğı-satqısı üzrə müqavilədən görünür ki, İddiaçı MMC-nin müqaviləyə əsasən satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860) avtonəqliyyat vasitəsini Cavabdeh satmışdır. Avtonəqliyyat vasitəsinin dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilmişdir. Müqaviləyə əsasən ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüzəlli iki) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli B-022-SA-24 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC şirkətinə xx.xx.2024-cü il tarixdə 1428 manat ilkin ödəniş, 580 manat DQN alınması və icbari sığorta ödənişi ödənilmişdir. xx.xx.2024-cü il tarixi üçün gecikdirilmiş məbləğ 3456 manat, cərimə məbləği 1380 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 1428 manat, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 2304 manat ödəniş edilmişdir. İş materiallarında olan icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsinin icra edilmiş xidmət dəyəri 532,34 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-yə olan xx.xx.2024-cü il tarixinə olan əsas borc 2304 (iki min üç yüz dörd) cərimə borcunuz 679 (altı yüz yetmiş doqquz) məbləğində borcun 7 (yeddi) gün ərzində ödənilməsini təmin etməyinizlə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlığa baxmayaraq tərəfinizdən heç bir addım atılmadığından İddiaçı MMC avtomobilin alqı-satqısı üzrə müqaviləyə xitam verir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli təmir aktından görünür ki, ** YX *** dövlət nömrə nişanlı, Skoda Kaminq markalı nəqliyyat vasitəsinin təmir və ehtiyat hissələri xərci 592,34 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW6P3114860) avtonəqliyyat vasitəsini sonuncuya satmışdır. Müqaviləyə əsasən avtonəqliyyat vasitəsinin dəyəri 70548 (yetmiş min beş yüz qırx səkkiz) manat müəyyən edilmişdir. Müqaviləyə əsasən alıcı tərəfindən ilkin ödəniş 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilmiş, qalıq borc məbləği olan 69120 (altmış doqquz min bir yüz iyirmi) manatı isə alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1152 (bir min bir yüzəlli iki) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı MMC Cavabdeh 3456 (üç min dörd yüz əlli altı) manat əsas borc, 1380 (bir min üç yüz səksən) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 532.34 (beş yüz otuz iki manat otuz dörd qəpik) manat olmaqla, ümumilikdə 5368,34 (beş min üç yüz altmış səkkiz manat otuz dörd qəpik) manat pul vəsaitinin tutulmalı olduğunu iddia edir. Məhkəmə hesab edir ki, əsas borca, cərimə borcuna və avtomobilin təmir xərci olaraq real zərərə ayrı-ayrılıqda qiymət verilməlidir. İlkin olaraq iddia tələbinin xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli avtomobilin alğı-satqısı üzrə müqaviləsi üzrə əsas borc olaraq 3456 manat pulun Cavabdeh tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış olan xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli avtomobilin alğı-satqısı üzrə müqavilə üzrə alıcı tərəfindən aylıq olaraq 1152 manat ödəniş həyata keçirilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan maliyyə arayışından görünür ki, alıcı tərəfindən müqavilə predmeti olan “Skoda Kamiq 1.6 MPİ” markalı nəqliyyat vasitəsinin dəyəri 70548 manat müəyyən edilmiş, ilkin olaraq alıcı tərəfindən 1428 manat ödənilmiş, xx.xx.2024-cü il tarixdə isə alıcı tərəfindən (xx.xx.2024-cü il və xx.xx.2024-cü il) ümumilkdə 2304 manat ödənilmişdir. İşin faktiki hallarından görünür ki, alğı-satqı predmet olan nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə satıcının sahibliyinə geri qaytarılmışdır. Tərəflər arasında bağlanmış olan xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli avtomobilin alğı-satqısı üzrə müqavilənin tələbləri üzrə satıcı tərəfindən ödəniş aylıq olaraq həyata keçirilir. Qeyd edildiyi kimi nəqliyyat vasitəsi xx.xx.2024-cü ildə satıcının mülkiyyətinə qayıtdığından alıcı tərəfin iki ay üzrə, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il üzrə ödənişlər həyata keçirilməmiş olduğu qənaətinə gəlməyə əsas verir. Müqavilə üzrə ödəniş məbləği aylıq olaraq 1152 manat müəyyən edildiyindən əsas borc üzrə cavabdehdən (1152+1152) 2304 manat pul tutulmalıdır. İddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış olan xx.xx.2024-cü il tarixli, B-022-SA-24 nömrəli avtomobilin alğı-satqısı üzrə müqavilənin 2.5ci bəndində qeyd edilmişdir ki, “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcıya” ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya aylıq ödənişin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəməlidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən aylıq ödəniş məbləği 1152 manat müəyyən edilmişdir. Belə olan halda bir günlük cərimə məbləği 11,52 (1152:100x1%=11.52) manat müəyyən edilir. İşin fatiki olaraq araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan “Skoda Kamiq 1.6 MPİ” markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən satıcının sahibliyinə geri qaytarılmışdır. Qəbul edildi ki, alıcı tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ödəniş olunmamışdır. Bu halda nəqliyyat vasitəsinin İddiaçı MMC-yə qaytarıldığı tarixdə nəzərə alındığı halda alıcı tərəfindən gecikdirilmə 55 gün (xx.xx.2024-xx.xx.2024) müəyyən olunur. Bu halda isə cərimə məbləği 633,60 (11.52x55=633,60) manat təşkil edir. İddia tələbinin real zərər olaraq avtomobilin təmir xərci 532.34 (beş yüz otuz iki manat otuz dörd qəpik) manat pulun Cavabdeh tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsinin icra edilmiş xidmət dəyəri 532,34 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.1, 21.2). Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi zərərin əvəzinin ödənilməsi tələb etmək hüququ qanundan və ya müqavilədən irəli gəlir. Hazırkı mülki iş üzrə iddiaçının tələb hüququ müqavilədən irəli gələn hüquqdur. Tərəflər arasında bağlanmış olan müqavilənin 4-cü bəndinə əsasən müqavilə predmeti olan nəqliyyat vasitəsinə istehsalçı zavadun tələblərinə müvafiq olaraq texniki xidmətdən keçmək alıcının öhdəliyidir. Lakin müqavilə üzrə alıcı tərəfindən üzərinə götürülmüş olan öhdəliyin tam icra olunmuş olması sübuta yetrilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan xx.xx.2024-cü il tarixli aktdan satıcı “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsinin icra edilmiş xidmət dəyəri 532,34 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bu halın əksini sübutetmə yüklülüyü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh tərəfindən bu hala dair məhkəmə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin 54,70 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2304 manat əsas borc, 633.60 manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci 532.34 manat olmaqla, ümumilikdə 3469.94 (üç min dörd yüz altmış doqquz manat doxsan dörd qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu 54.7 (əlli dörd manat 70 qəpik) manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2304 manat əsas borc, 633.60 manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci 532.34 manat olmaqla ümumilikdə 3469.94 (üç min dörd yüz altmış doqquz manat doxsan dörd qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu 54.7 (əlli dörd manat 70 qəpik) manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar