Məhkəmə qərarları › İş №e-2(032)-580/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-580/2025

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-580/2025 16.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , İddiaçı MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə icraat qaydasında yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 550 manat məbləğində əsas borcun, 50 manat cərimə borcunun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 630 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeahrasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC “Evaqua” markalı su təmizləyici filtr Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə göstərilən mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu isə bu malları qəbul etmişdir. xx.xx.2022-ci il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən satılan malın cəmi dəyəri 600 manat təşkil etmişdir. Müqavilənin 1.1, 3.12 və 4.2-ci bəndlərinə əsasən alıcı müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini pul şəklində hissə-hissə və yatam ödəməlidir. Alıcı tərəfindən alınan mallara görə satıcıya 50 manat ödəniş edilsə də 550 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət edilməsinə, danışıqlar aparılmasına baxmayaraq onun tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Beləliklə, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Cavabdeh tərəfindən etiraz ərizəsi verildiyindən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə elektron ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, teleqram göndərərək şəxsi işi əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan baxılmasını, iş üzrə ekspert rəyini nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən və 1 saylı əlavədən görünür ki , müqaviləyə əsasən satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya ümumi dəyəri 600 manat olan “Evaqua” markalı su təmizləmə sistemini ilkin ödəniş olaraq 50 manat ödəmək şərti ilə aylıq 50 manat olmaqla, 11 ay müddətinə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması ,əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır, müqavilədə tərəflər öhdəliklər müəyyən edirlər, müqavilədə nəzərdə tutulmuş şərtlər bir qayda olaraq müqavilə bağlandığı andan əmələ gələn münasibətlərə tətbiq edilir, yazılı müqavilə onun məzmununu ifadə edən onu bağlayan şəxslər tərəfindən imzalanmış bir sənədin tərtibi ilə bağlanır, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Beləliklə tərəflər arasında hüquq və vəzifələrin, habelə öhdəliklərin müəyyən edilməsi üçün alqı-satqı münasibətləri barədə müvafiq qaydada imzalanmış müqavilə bağlanmalıdır. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmadığını məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsində olan imzanın ona məxsus olmadığını bildirdiyindən, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1759 saylı rəyindən görünür ki, 1) Ekspertizaya təqdim olunmuş 12 aprel 2022-ci il tarixli İddiaçı MMC-nin alqısatqı müqaviləsinin 2-ci vərəqənin aşağı sağ hissəsində “Alıcı” qrafasında olan imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2) Ekspertizaya təqdim olunmuş 12 aprel 2022-ci il tarixli İddiaçı MMC-nin alqısatqı müqaviləsinin 2-ci vərəqənin aşağı sağ hissəsində “Alıcı” qrafasında olan imzadaimzanın oxşadılmaqla icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olundu. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-i ilə 12 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanması təsdiq olunmadığından, Cavabdeh İddiaçı MMC-i qarşısında alğı-satqı müqaviləsi üzrə öhdəliyi əmələ gəlməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumundan və 124 (bir yüz iyirmi dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri İddiaçı MMCyə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. İddiaçı MMC-dən 124 (bir yüz iyirmi dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar