Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-667/2024 12.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 324461 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 4105.42 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi ev onun mülkiyyətindədir. 28 fevral 2024-cü il tarixdə Şirvan RETSİ-in əməkdaşları onun iştirakı olmadan sayğaca baxış keçirmiş və anası X3 adına 324461 saylı akt tərtib edərək getmişlər. Bunu araşdırarkən dedilər ki, sayğac anasının adına olduğu üçün onun adına akt yazmışlar. Ümumiyyətlə anası X6 həmin akta adı yazılsa da, o, həmin evdə yaşamır sayğaca baxış keçirilən zaman orda olmamış və ona da mülkiyyətçi kimi heç bir xəbərdarlıq olunmamışdır. Aktın yazılmağına səbəb kimi guya sayğaca baxış keçirilən zamanı elektrik hesabat sayğacının keçən yükü qeyd etməməsi olmuşdur. Hesab edir ki, 28 fevral 2024-cü il tarixli 324461 saylı akt qərəzli və qeyri-qanuni yazılmış, aktı tərtib edərkən, enerji təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. 28 fevral 2024-cü il tarixində onun və ailə üzvlərinin xəbəri olmadan saat 18:58-də "xxxx" ASC-nin əməkdaşları Hakim Əhədov, Samir Mehtiyev və Ağahüseyn İsmayılov ona məxsus olan Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, elektrik sayğacına baxış keçirmişlər. Bu baxış zamanı 324461 saylı akt yazmış və həmin akt əsasında 4105.42 manat cərimə yazmışlar. Həmin aktın bir nüsxəsində şikayət ərizəsinə əlavə edərək qeyd edir ki, qeyri-qanuni yazılan bu aktda dövlət möhürləri üzərində heç bir müdaxilə izləri aşkarlanmadı sözləri yazılmış, anası X4 dəvət etmədən, aktın tərtibatında iştirak edib etməməsi barədə heç bir qeyd aparmadan tez-tələsik çıxıb getmişlər. X1 Qaydaları”nın 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsi məişət abonentinə təqdim edilir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidinin iştirakı ilə imzalanmalıdır. Enerji təchizati müəssisəsinin nümayəndələri onun və hal şahidlərinin iştirakını təmin etmədən “X1 Qaydaları”nın göstərilən tələblərini kobud surətdə pozaraq, akt tərtib etmişlər. Ona məxsus olan Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, yaşayış evinə quraşdırılmış elektrik sayğacı küçədə quraşdırılıb və Şirvan RETSİ-in əməkdaşları tərəfindən tərtib edilmiş 324461 saylı aktdan da göründüyü kimi dövlət möhürləri üzərində heç bir müdaxilə izləri aşkarlanmamışdır. Bundan başqa Şirvan RETSİ-nin əməkdaşları ən azı ayda bir dəfə elektrik sayğacına baxış keçirir. Belə olan halda həmin sayğaca görə cavabdehlik daşıya bilməz. Çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (“EEİQ”) 7.11-ci bəndində göstərilir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Bundan başqa qeyd etmək lazımdır ki, akt tərtib olunarkən faktiki işlədilən enerjinin hesabatı da düzgün aparılmamışdır. Enerjitəhcizat İdarəsi tərəfindən onunla alqı-satqı müqaviləsi bağlamamış və sayğacı ona təhvil verməmiş, bu bəndin tələblərini pozmuşlar. Enerjitəchizatı müəssisəsinin nümayəndələrinin “EEİQ”-nın göstərilən tələblərini kobud surətdə pozması, elektrik sayğacının aşkar olunmuş müdaxilənin hansı vaxtda olmasını müəyyən etmədən, onun və hal şahidlərinin iştirakını təmin etmədən qərəzli akt tərtib etmələri, akt üzrə əlavə ödəniş hesablanarkən mövcud qaydaları rəhbər tutmamaları və s. əsaslar onu sübut edir ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli 324461 saylı akt düzgün tərtib edilməmiş və mövcud qaydaların tələbləri qərəzli surətdə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının mülkiyyətində olan sayğacda şübhələr yarandığından "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, yoxlama nəticəsində sayğacın daxili sxemində kənardan idarə olunan qurğunun quraşdırılması aşkar edilmişdir. Bu zaman müvafiq videoçəkiliş aparılmış və göstərilən faktlar öz təsdiqini tapmışdır. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nın tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözügedən akt tərtib olunmuş və 4105.42 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Sayğaca müdaxilə ilə bağlı müayinə zamanı abonentin iştirakı təmin edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli AKT NDM 324461 nömrəli aktda qeyd edilmişdir ki, EEİQ-na uyğun baxış keçirilən zaman məlum oldu ki, elektrik hesabat sayğacın keçən yükü qeyd etmir. Dövlət möhürləri üzərində müdaxilə izləri aşkarlandı. Xətdən axan yük 44.2A təşkil edir. Çəkiliş aparılmışdır. Sayğacı yenisi ilə əvəz olunması, çıxarılan sayğaca laboratoriya şəraitində rəy verilməsi qərara alınmışdır. İş materiallarında olan NDM AKT 324461 nömrəli xx.xx.2024-cü il tarixli akt əsasında aparılmış hesabatdan görünür ki, (44.2 kvt x 0.22 x 0,7 x 24 saat x 210 gün) = 32334 kvt hesabat aparılmışdır. Tarifə uyğun olaraq (0,08 manat) -1400 kvt/s x 0,08 = 112 manat, (0,09) – 700 kvt/s x 0,09 = 63 manat, (0,13 manat) – 30234 kvt/s x 0,13 = 3930.42 manat olmaqla, cəmi 4105.42 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X2 filialı tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən Şirvan şəhəri ünvan 3 ünvanında yerləşən və enerji təchizatı müəssisəsinin kompyuter məlumat bazasında **********74003 abonent kodu ilə İmamət Qurbanovanın adına qeydiyyatda olan yaşayış evinin hasarının xarici tərəfində quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacın keçən yükü qeyd etməməsi və dövlət möhürləri üzərində müdaxilə izlərinin aşkar olunması barədə xx.xx.2024-cü il tarixli R 324461 nömrəli akt tərtib edilmiş və abonentin imzadan imtina etməsi barədə qeydiyyat aparılmışdır. Akta görə xətdən axan yük 44.2A götürülməklə, Qaydaların 8.17-ci bəndinin tələbi nəzərə alınmadan 210 gün müddətinə, 4105,42 manat məbləğində xx.xx.2024-cü il tarixli hesabat aparılmış və hesablanmış borc məbləği abunə haqqında cədvələ daxil edilmişdir. Sözügedən sayğac laboratoriya şəraitində yoxlanılaraq daxili sxemində kənardan idarə olunan qurğu quraşdırılaraq sayğacın iş prinsipinə müdaxilə olunması, dövlət və plastik zavod möhürlərinin müdaxiləli olması barədə rəy verilmiş və abonentin imzadan imtina etməsi barədə qeydiyyat aparılmışdır. Təqdim edilmiş videoçəkilişlərdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tetəfindən hesablaşma elektrik sayğacının keçən yükü qeyd etmədiyi, sayğacın çıxış xəttindən axan yükün 44,2A olduğu, sayğacın laboratoriya şəraitində yoxlanılması zamanı sayğacın daxilində kənar qurğunun olduğu görünür. Qaydaların 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 10.18.9- 2-ci yarımbəndinə əsasən enerijtəchizatı müəssisəsi məişət abonentinin elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Qaydaların 7.6-cı bəndinə əsasən hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması eneriitəchizatı müəssisəsi tərəfindən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır ve yol verilmiş bozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən Şirvan şəhəri ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış evinin xarici tərəfində divarda quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman elektrik hesabat sayğacın keçən yükü qeyd etməməsi, dövlət möhürləri üzərində müdaxilə izləri aşkarlanması, xəttin axan yükün 44.2A təşkil etməsi barədə xx.xx.2024-cü il tarixli NDM 324461 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə həmin akt əsasında hesabat aparılmış və hesabat müddəti 210 gün götürülməklə 4105.42 manat zərər müəyyən edilmişdir. Abonent tərəfindən sayğaca müdaxilə halı məhkəməyə təqdim edilmiş olan video çəkilişlə də, sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən tərtib edilmiş olan aktın əsassız olduğunu iddia etsə də, işin fakitiki halları və cavabdeh cəmiyyətin təqdim etdiyi sənədlərlə iddiaçı tərəfindən “X1 qaydaları”nın pozulması halı sübuta yetirilmişdir. Lakin məhkəmə hesab edir ki, enerji təhcizatı müəssisəsi tərəfindən tərtib edilmiş akt üzrə hesabatın 210 gün nəzərə alınmaqla aparılması əsassızdır. Belə ki, “Elektirk enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Hazırkı halda abonentə sayğaca müdaxilə ilə bağlı 210 gün olmaqla hesabatın aparılması istehlakçının (hazırkı halda iddiaçının) hüquqlarının həddindən artıq pozulmasına səbəb ola bilər. “Elektirk enerjisindən istifadə qaydaları”nın tələblərindən də göründüyü kimi hazırkı hallarla bağlı hesabat aparılarkən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbul edicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə “X1 qaydaları”nın pozulması ilə bağlı aparılmış olan hesabat 210 gün deyil, 60 gün, yəni ((44.2A x 0.22 x 0,7 x 24 saat x 60 gün = 9801 kvt/s) 9801 kvt/s müəyyən edilməlidir. 9801 kvt/s hesabat isə (400 kvt/s x 0,08 = 32 manat, 200 kvt/s x 0,09 = 18 manat, 9201 kvt/s x 0,13 manat = 1196.13 manat, cəmi olaraq 1246.13 manat) götürülməklə hesabat aparılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə İddiaçı məxsus abonent hesabına hesablanmış 4105.42 (4105.42 manat – 1246.13 manat = 2859.29) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, eyni zamanda iddia qismən təmin edildiyindən 48.60 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna (**********74003) hesablanmış borcdan 2859.29 silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli və "xxxx" ASC-dən 48.60 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən 28 fevral 2024-cü il tarixli, 324461 saylı akt əsasında hesablanmış (abonent kodu **********3) 4105.42 manat borcdan 2859.29 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 48.60 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə dənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-667/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-667/2024
12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver