Məhkəmə qərarları › İş №e-2(032)-688/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-688/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-688/2024 26.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə X1 ilə Cavabdeh arasında bağlanmış GVL000407 saylı, xx.xx.2023-cü il tarixli Nisyə Alqı-Satqı müqaviləsinə əsasən cavabdeh 450 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X1 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1-nin Cavabdeh qarşı olan 450 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə Alqı-Satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bugünə 450 manat əsas borcu, 67.50 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı İddiaçı QSC tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli, GVL000407 nömrəli müqaviləyə əsasən 450 manat əsas borc, 67.50 manat cərimə borcu, cəmi 517.50 manat məbləğində pulun və ödənilmiş 30 manat 40 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, lakin borclu həmin ünvanda olmadığından zərf geri qaytarılmışdır (xx.xx.2024). Cavadehin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-ci il tarixli, GVL000407 nömrəli Nisyə Alqı-Satqı müqaviləsindən görünür ki, X1 ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh 450 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb. xx.xx.2023-ci il tarixli, GVL000407 nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədə müqavilənin ödəniş cədvəli müəyyən edilmiş, nisyə alqı-satqının ümumi məbləği 450 manat təşkil edərək müddəti 6 ay olmaqla, aylıq ödəniş 75 manat müəyyən edilir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh bir ədəd “SONY playstation 3” təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli, GVL000407 nömrəli müqavilə üzrə 450 manat əsas borc, 67.50 manat cərimə borcu, cəmi 517.50 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişin və göndərilməsini təsdiq edən reyestrin surətindən görünür ki, iddiaçı cavabdehi mövcud borc barəsində, borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. xx.xx.2021-ci il tarixli, R-685/21 nömrəli Faktorinq müqaviləsindən görünür ki, Faktor (İddiaçı QSC), Borclu barəsində müştərinin (X1) borcluya malların satılmasından irəli gələn tələbin hesabına müştəriyə pul vəsaiti verir (müştərini müəyyənləşdirir). Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. Müqaviləyə əlavə edilən sazişdə borcun İddiaçı QSC-yə güzəşt edilməyi göstərilmişdir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC-i ilə Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməli, Cavabdeh 450 manat əsas borc alınaraq İddiaçı QSC-nə verilməlidir. O ki qaldı iddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin şərti kimi icranı lazimi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən dəbbə pulunu tələb etməyində haqlı olsa da, lakin məhkəmə qanunun ona verdiyi səlahiyyət əsasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi) işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən 20 (iyirmi) manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat 40 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu, cəmi 470 (dörd yüz yetmiş) manat, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı QSC-nə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar