Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-713/2025 23.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı malın əvəzlənməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, SRK5780153 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 230 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 260 manat alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla xx.xx.2019-cu il tarixli, SRK5780153 saylı borc müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 353 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 230 manat borcu qalıb. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2019-cu il tarixli, SRK5780153 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 230 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 260 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdeh məhkəməyə malın əvəzlənməsi barədə qarşılıqlı iddia ərizəsi təqdim edərək bildirmişdir ki, həmin müqavilə ilə 15 ay müddətinə ödəmək şərti ilə 8 manat ilkin ödəniş etmişdir. Bundan sonra xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2020-ci il daxil olmaqla aylıq ödənişlərini davam etdirmişdir. xx.xx.2020-ci ilə aid ödəniş ciddi karantin rejimi dövrünə düşdüyündən edə bilməmişdir. İstifadə etdikləri qaz cihazı xx.xx.2020-ci ildə normal istifadə şəraitində sıradan çıxıb evlərində yanğın təhlükəsi yaratmışdır. Bu barədə İddiaçı MMC-yə məlumat vermişdir. İddiaçı MMC şirkətinin Şirvan şəhər mağazası tərəfindən kredit müqaviləsi ilə ona satılmış qaz cihazının qüsurlarının cacavdeh mağaza tərəfindən 7 gün müddətində əvəzsiz aradan qaldırılması, bu mümkün deyildirsə, onun müqaviləyə uyğun əşya ilə əvəz olunması və ödədiyi dövlət rüsumunun kredit müqaviləsində borcuna cavabdeh tərəfindən yönəldilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş iddia icraatına keçmiş və mülki iş üzrə məhkəmə iclası təyin edilmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin İddiaçı MMC nümayəndəsi Nümayəndə məhkəməyə ərizəyə ünvanlayaraq, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, SRK5780153 saylı borc müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 353 manat olan məişət avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 8 manat ilkin ödəniş etməklə 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 23manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, SRK5780153 saylı borc müqaviləsi üzrə cavabdehin 230 manat ödənilməmiş borcu mövcuddur. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SRK5780153 müqavilə 15 ay müddətinə bağlanmışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 1 il üç ay (15 ay) müddətinə bağlanmışdır və həmin müqavilə üzrə öhdəliklərin son icra müddəti kimi xx.xx.2022-ci il tarixi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən yaranan tələblər üzrə iddia müddətinin axımı tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2022-ci il tarixindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə işin hallarını və təqdim edilmiş sübutları qiymətləndirərək, iddianın və qarşılıqlı iddianın hüquqi baxımdan əsaslı olub-olmamasını aşağıdakı aspektlərdən araşdırmışdır. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixdə SRK5780153 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 353 manat dəyərində məişət avadanlığı (qaz cihazı) 8 manat ilkin ödənişlə, qalan hissəsini 15 ay ərzində hissə-hissə (aylıq 23 manat olmaqla) ödəmək şərti ilə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Müqavilə o halda etibarlı hesab olunur ki, alqı-satqının əsas şərtləri – əşyanın qiyməti, ödənişin qaydası, müddətləri və məbləğləri müəyyən edilsin. Eyni zamanda, MM-nin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu müqavilədə nəzərdə tutulan müddətdə ödəmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və müqavilə üzrə ödəniş qrafiki göstərir ki, cavabdeh müqavilə üzrə tam borcunu ödəməmiş, 230 manat məbləğində ödənilməmiş borc saxlamışdır. Bu baxımdan iddiaçının maddi tələbi – müqavilədən doğan borcun ödənilməsi tələbi MM-nin 385.1, 442-ci, və 448.1-ci maddələri baxımından hüquqi baxımdan əsaslandırılmış görünür. Lakin iş üzrə iddianın təmin olunmaması, cavabdehin vəsatətində də göstərildiyi kimi, iddia müddətinin keçməsi ilə bağlıdır. AR MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. AR MM-nin 377.2-ci maddəsinə əsasən isə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı, icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icrasının son müddəti 15 ay olaraq müəyyən edilmiş və bu müddətin sonu xx.xx.2022-ci il tarixində başa çatmışdır. Bu tarixdən etibarən 3 illik iddia müddəti başlamış və xx.xx.2025-ci il tarixində başa çatmışdır. İddia ərizəsi isə bundan sonra təqdim olunduğundan, iddia müddəti başa çatmış hesab edilir. Qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara əsasən, kredit münasibətləri üzrə tələblərə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik ümumi iddia müddəti tətbiq edilməlidir və bu müddətin axımı müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərin son icra müddətinin bitdiyi tarixdən hesablanır. MM-nin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Lakin həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana qədər verdiyi ərizə əsasında tətbiq edilə bilər. Hazırkı işdə cavabdeh tərəfindən iddia müddətinin bitməsi barədə vəsatət verildiyindən, bu vəsatət qanuna uyğun olaraq məhkəmə tərəfindən tətbiq edilmişdir. Beləliklə, iddiaçının hüququ mövcud olsa da, artıq bu hüquq dövlətin məcburetmə mexanizmləri ilə həyata keçirilə bilməz. Bu, hüquqi baxımdan maddi hüququnun qüvvədə qalması, lakin prosessual hüququn (məhkəmə müdafiəsi vasitəsinin) itirilməsi mənasına gəlir. Cavabdeh qarşılıqlı iddia ilə çıxış edərək cihazın sıradan çıxması, yanğın təhlükəsi yaratması, şirkətə müraciət etməsi və müqavilənin şərtlərinə əsasən cihazın əvəz olunmalı olduğunu bildirmişdir. Lakin müqavilədən irəli gələn hüquqi nəticələrin tanınması üçün bu faktlar məhkəmədə sübuta yetirilməlidir. Qarşılıqlı iddiada irəli sürülmüş hallar – cihazın texniki nasazlığı, təmir edilməməsi, əvəzlənməsi, yanğın təhlükəsi və s. – texniki ekspertiza, aktlaşdırma, servis rəyi, fotoşəkillər, təcili yardım və ya FHN sənədləri ilə sübuta yetirilməli idi. Cavabdeh bu halların heç birini sübut edən sənəd təqdim etməmişdir. AR MPM-nin müddəalarına əsasən, tərəflər iddia və cavablarını sübuta yetirməlidirlər. Sübut təqdim olunmadıqda, iddianın və ya qarşılıqlı iddianın təmin edilməsi üçün hüquqi əsas mövcud olmur. Belə olan halda, qarşılıqlı iddia hüquqi və faktiki əsaslarla rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki: İddiaçı MMC-nin müqavilə üzrə borcun ödənilməsinə dair tələbi mahiyyəti etibarilə əsaslı olsa da, iddia müddətinin keçməsi və cavabdeh tərəfindən bu müddətin tətbiqi barədə vəsatət verildiyi üçün təmin edilə bilməz. Cavabdehin qarşılıqlı iddiası üzrə iddianın təmininə əsas verən sübutlar təqdim edilmədiyindən, qarşılıqlı iddia da təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə hakim qarşılıqlı iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı və cavabdeh tərəfindən ödənilmiş məhkəmə xərcləri onların özlərinə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-218, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı malın əvəzlənməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-713/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-713/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver