Məhkəmə qərarları › İş №e-2(032)-796/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-796/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-796/2025 07.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh Məzahir oğluna qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy A24 markalı telefon üçün 168.8 (yüz altmış səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 16.88 (on altı manat, 88 qəpik) manat cərimə, ümumilikdə 185.68 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Məzahir oğlundan alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh Məzahir oğlu arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A24 markalı telefon almış və nəticədə 185.68 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (12ay x 49 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə 185,68 (yüz səksən beş manat, 68 qəpik) manat olmaqla, ondan, 168.8 (yüz altmış səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.88 (on altı manat səksən səkkiz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 419.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin zərf “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh Məzahir oğlu arasında xx.xx.2024-cü il tarixli, 09534697 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 588 manat olan SAMSUNG GALAXY A24 markalı telefon Cavabdeh Məzahir oğluna nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 49 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 168.80 manat ödənilməmiş hissə və 16.88 manat dəbbə borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Məzahir oğlu arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə qulaqlıq satılmış və cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilər üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 168.80 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 168.8 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 16.88 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Məzahir oğlundan iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Məzahir oğlundan xx.xx.2024-cü il tarixli, 09534697 saylı müqaviləsinə əsasən SAMSUNG GALAXY A24 markalı telefon üçün ödənilməmiş 168.8 manat əsas, 1 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul olmaqla, cəmi 199.8 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar