Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-798/2024 30.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 570 manat məbləğində ödənilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Forland xüsusi təyinatlı” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PSS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində, saat 14:00 radələrində həmin avtomobili Bakı şəhəri Moskva prospektində idarə edərkən “Mercedes Benz ML350” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş, daha sonra hadisə yerindən yayınmışdır. Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Bakı şəhər DYPİ-nin polis mayoru X2 xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, 2021-ci ilin 28 iyun tarixində saat 14:00 dəqiqədə Bakı şəhəri Moskva prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh avtomobili etibarnaməsiz idarə etdiyi və hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Mercedes Benz ML350” markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə "xxxx" ASC ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 570 ( beş yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli İ-1200/21 saylı sığorta ödəniş aktına və xx.xx.2021-ci il tarixli **********9 saylı ödəniş tapşırığına əsasən 570 ( beş yüz yetmiş) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobili etibarnaməsiz idarə etdiyi və hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü və 63.1-ci maddələrinə əsasən, "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanması barədə elektron çıxarışdan görünür ki, “Ford Transit” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci, 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qiymətləndirmə aktında göstərilmişdir ki, “Mercedes Benz ML350” markalı, **-ES-*** dövlət nömrə nişanlı avtomobilə 570 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İ-1200/21 nömrəli sığorta aktından görünür ki, X5 məxsus Ford Transit markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Moskva prospektində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman sığortalanmış nəqliyyat vasitəsini X3 idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 məxsus “Mercedes Benz ML350” markalı, **-ES-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Həmin avtomobilə dəymiş zərər "xxxx" MMC tərəfindən 570 manat məbləğində hesablanmışdır. X1 570 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan görünür ki, Bakı şəhəri DYPİ tərəfindən xx.xx.2021-ci il tarixdə saat 14:00 dəqiqədə Bakı şəhərində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermişdir. “Forland xüsusi təyinatlı” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsini törətmiş avtomobilin mülkiyyətçisinin X6 olduğu, hadisə baş verdiyi anda sürücüsünün Cavabdeh olduğu müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 məxsus “Mercedes Benz ML 350” markalı, **-ES-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh ödənilmiş 570 manat məbləğində sığorta ödənişini "xxxx" ASC-yə məxsus bank hesabına köçürməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 570 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi - icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Eyni zamanda “İcbari sığortalar haqqında" Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsi ilə sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi 5000 manat məbləğində müəyyən edilmişdir. Həmin Qanunun 25-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır (maddə 25.1; 25.1.3). Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yol nəqliyyat hadisəsində təqsiri təsdiq olunduğundan iddiaçıya dəymiş zərər onun tərəfindən ödənilməli, hazırki vəziyyətdə isə iddia təmin edilməli, Cavabdeh 570 manat alınıb "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 570 (beş yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASCyə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-798/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-798/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver