Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-907/2024 26.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 5249 manat, həmin vəsaitin illik beş faizi 262 manat 45 qəpik, dövlət rüsumunun əvəzi kimi 78 manat 11 qəpik, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ümumilikdə 5889 manat 56 qəpik məbləğində pulun alınmasını tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə təxminən 3 ildir ki, tanışdırlar. İddiaçı 2023-cü ilin iyun ayına kimi hissə-hissə olmaqla, ümumilikdə 9.149 manat dəyərində qızıl-zinət əşyasını cavabdehə satmışdır. Cavabdeh 2023-cü ilin iyun ayından dekabr ayına kimi, hər ay 500 manat olmaqla, yanvar ayında isə 400 manat olmaqla, ümumilikdə 3900 manat iddiaçıya ödəmişdir. Lakin cavabdeh aldığı qızıl-zinət əşyalarına görə iddiaçıya ödənişi tam formada etməyərək, ümumilikdə 5.249 manat məbləğində borcu yaranmışdır. Ümumi borc məbləğindən son ödəniş 2024-cü ilin yanvar ayının əvvəlində olmuşdur. Qeyd etdiyi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə verilməsi, eyni zamanda cavabdehin iddiaçıya 5.249 manat məbləğində borcu olması tərəflər arasında olan xx.xx.2024-cü il tarixli telefon danışıqları ilə sübuta yetirilir. Belə ki, iddiaçının istifadəsində olan 050 *** ** ** mobil nömrəsi ilə cavabdehin istifadəsində olan 055 *** ** ** mobil nömrə ilə telefon danışıqları mövcuddur. Səs yazısında iddiaçı cavabdehə 5.249 manat borcu olduğunu bildirir, cavabdeh də öz növbəsində həmin məbləğə etiraz etməyərək qaytaracağını bildirir. Səs yazısında cavabdehin borcu tam şəkildə etiraf etməsi səmimi qəbul edilməlidir. Eyni zamanda, “CD” disk yazısı ilə müəyyən olunur ki, tərəflər arasında olan danışıq xx.xx.2024-cü il tarixinə məxsusdur. Bu da onu göstərir ki, iddiaçı cavabdehdən borcun qaytarılmasını yanvar ayında təkrarən tələb etmiş, lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş olunmadığından məhkəməyə müraciət edilmişdir. Əlavə olaraq, iddiaçı və cavabdeh aralarında baş tutmuş şifahi alqısatqı müqaviləsinin icrasına köməklik göstərilməsi üçün X1 xahiş etmişlər. X3 iddiaçının ona verdiyi qızıl zinət-əşyalarını cavabdehə təqdim etmiş, cavabdehin isə ona verdiyi pul vəsaitini iddiaçıya təqdim etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı 2023-cü ilin may ayından satdığı qızıl-zinət əşyalarına görə ödənilməli olan pul vəsaitini cavabdehdən tələb etmişdir. Beləliklə, 5.249 manat vəsaitin illik 5 faizi 2024-cü ilin may ayınadək 262,45 manat məbləğ təşkil edir. Həmçinin iddiaçı pozulmuş hüquqlarının bərpası üçün vəkil xidmət haqqından istifadə edərək, 300 manat məbləğində pul vəsaitini Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödəmişdir. Eyni zamanda, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 78,11 manat məbləğində dövlət rüsumu Şirvan Şəhər Məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, ümumi borc məbləğindən son ödəniş 2024-cü ilin yanvar ayının əvvəlində olmuşdur. Qeyd etdiyi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə verilməsi, eyni zamanda cavabdehin iddiaçıya 5.249 manat məbləğində borcu olması tərəflər arasında olan xx.xx.2024-cü il tarixli telefon danışıqları ilə sübuta yetirilir. Belə ki, iddiaçının istifadəsində olan 050 *** ** ** mobil nömrəsi ilə cavabdehin istifadəsində olan 055 *** ** ** mobil nömrə ilə telefon danışıqları mövcuddur. Səs yazısında iddiaçı cavabdehə 5.249 manat borcu olduğunu bildirir, cavabdeh də öz növbəsində həmin məbləğə etiraz etməyərək qaytaracağını bildirir. Səs yazısında cavabdehin borcu tam şəkildə etiraf etməsi səmimi qəbul edilməlidir. Eyni zamanda, “CD” disk yazısı ilə müəyyən olunur ki, tərəflər arasında olan danışıq xx.xx.2024-cü il tarixinə məxsusdur. Bu da onu göstərir ki, iddiaçı cavabdehdən borcun qaytarılmasını yanvar ayında təkrarən tələb etmiş, lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş olunmadığından məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və izahat verərək bildirdi ki, o, iddiaçını tanımır. İddiaçının yoldaşı Zülfiyyə adlı xanım onun işlədiyi məktəbdə işləmiş və onu oradan tanımışdır. Zülfiyyə xanımın statusunda qızıl-zinət əşyalarının satdığını görmüş və almaq istədiyini bildirmişdir. O, iddiaçı deyil onun yoldaşı Zülfiyyə adlı xanımla aralarında şifahi razılaşmaya əsasən qızıl-zinət əşyalarını alğı-satqı yolu ilə almışdır. Aralarındakı razılaşmaya əsasən qeyd olunan qızıl-zinət əşyalarına görə ödənişi hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Onlar müddət ödəniş etdikdən sonra Zülfiyyənin yoldaşı hazırkı iddiaçı onunla telefon əlaqəsi saxlayaraq həmin vaxtdan sonra ödənişləri onunla aparmağını bildirmiş və razılaşmışdır. Qısa müddətdən sonra ona qalan borcun bütöv şəkildə qaytarılmasını ondan tələb etmiş, lakin imkanı olmadığından mümkün olmayacağını bildirmişdir. Bir müddət sonra bildirmişdir ki, 7000 manat məbləğində kredit götürür və həmin kreditə görə aylıq 510 manat məbləğdə ödənişi onun tərəfindən aparılaraq borcun ödənilməsinə yönəldəcəkdir, o da öz növbəsində razılaşmış və ödənişlərini bu qaydada davam etdirmişdir. Bir neçə aydan sonra Zülfiyyə xanımla əlaqə saxlamış və ödənişləri ilə bağlı məlumatı soruşanda bildirmişdir ki, artıq onun borcu qalmamışdır. İddiaçıya olan borcunu qaytarmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, həmin razılaşmaya əsasən İddiaçı ümumilikdə 9149 manat dəyərində qızıl-zinət əşyasını Cavabdeh nisyə vermiş və Cavabdeh hər ay hissə-hissə ödəniş edəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh borc məbləğinin bir hissəsini ödəsə də, üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ümumi borc məbləğindən yalnız 3900 manat ödəyərək, qalıq qalmış 5249 manat məbləğində pulu bu günədək ödəməkdən boyun qaçırmışdır. İş materiallarına əlavə olunmuş iddiaçı ilə Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrə ilə İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrə ilə adına qeydiyyat keçmiş “Whatsapp” mobil tətbiqində aparılmış danışıqların ekran görüntüsündən görünür ki, cavabdeh tərəfindən “aprel indi başlayıb ki, hələ ayın axırına inşallah”.” Mənim imkanın yoxdur indi sizə pul verməyə”. “ Mehdi m mən sizə neçə aydı vəziyyəti deyirəm mənim əlimə pul düşən kimi özünüz deməmiş”. “Mehid m insanıq hamının başına iş gələr”. "Mənim vəziyyətim ölümdən də betərdi amma mən yenə də sizə deyirəm məmnim əlimə pul düşən kimi atacam başqa söhbət lazım deyil.” məzmunlu ifadələr iddiaçının mobil nömrəsinə göndərilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səsyazısı olan diskin sübut kimi qəbul edilib-edilməməsi məsələsini də araşdırmışdır. Bundan başqa, işdə olan cavabdehin sübut qismində məhkəməyə təqdim etdiyi teleqramda iddiaçının keçmiş həyat yoldaşı X2 Cavabdeh işi barədə məlumat vermişdir ki, “onun keçmiş həyat yoldaşı İddiaçı iddiası əsassızdır. Bu şəxs İddiaçıyevə olan borcunu onlar birgə nikah dövründə ödəyib bitirmişdir.” Lakin Cavabdeh Salyan Rayon Prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahatında “ Şirvan Şəhər Məhkəməsindən bildiriş gəldi, Həmin bildirişdə Mehdinin aramızda ödənilməmiş qalan guya 5.249 manat pulu ödəmeyimlə bağlı mənə qarşı iddia qaldırmağı qeyd edilmişdir. Bildirişi aldıqdan sonra mənim Mehdi ilə çox da münasibətim olmadığı üçün mən onun keçmiş arvadı, keçmiş iş yoldaşım Zülfiyyə ilə əlaqə saxladım. Ona olanları danışdım və ondan aramızda qalıq qalan borc barədə soruşdum. O mənə Mehdinin bu barədə yazdığı bütün sənədləri cırıb atdığını, bu səbəbdən məlumatının olmadığını bildirdi.” deyə bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında verilmiş şərhə görə Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə baxışında tərəflərin iştirakı ilə təqdim edilmiş səsyazısı tədqiq edilmişdir. Təqdim olunmuş səsyazısı olan diskdəki Cavabdeh səs yazılarının məzmunundan müəyyən olunur ki, Cavabdeh İddiaçı qızıl-zinət əşylarının alınmasına görə qalıq qalan borcdan sonuncu dəfə 2024-cü ilin yanvar ayında 410 manat pul ödəməklə qalıq cəmi 5249 manat borcunun olmasını etiraf edir. Məhkəmə iclasında da Cavabdeh qeyd edilən səs yazısındakı səsin ona məxsus olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, mülki qanunvericiliyinin tələbinə görə alğı-satqı müqaviləsində tərəflər əşyanın nisyə satışını, yəni verildikdən müəyyən müddət sonra ödənilməsini nəzərdə tuta bilər. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcının iki hüquqi müdafiə imkanı nəzərdə tutulmuşdur: 1)verilmiş əşyanın ödənilməsini tələb etmək(satıcı bu tələbi istənilən halda irəli sürə bilər; 2) ödənilməmiş malın qaytarılmasını tələb etmək. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Cavabdeh 5249 (beş min iki yüz qırx doqquz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 262 manat 45 qəpik məbləğində əldə çıxmış faydanın tutulması tələbinə dair hissədə hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Belə ki, MM-in 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, MM-in 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə cavabdehin ona məxsus pulun qaytarılmasını gecikdirməsi nəticəsində gəlir əldə etməsini, həmin puldan faydalanmasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmiş və MPM-in 14.2-ci və 77.1-ci maddələri ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, həmin maddələrin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 79 manat məbləğində pul vəsaiti dövlət rüsumu olaraq ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, 320 manat məbləğdə pul vəsaiti Bakı şəhəri 20 saylı Vəkil Bürosuna ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh hüquqi xidmətə görə 300 manat, ödənilmiş dövlət rüsumu kimi 78 manat 11 qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 5249 (beş min iki yüz qırx doqquz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh hüquqi xidmətə görə 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumu kimi 78 (yetmiş səkkiz) manat 11 (on bir) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Sədrlik edən : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-907/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-907/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver