Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-948/2025 04.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 513 manat məbləğində əsas və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 543,40 manat məbləğində pul vəsaitinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən X4 məxsus olan ünvan 1 ünvanında yerləşən daşınar əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixli, AZ/031446 nömrəli sığorta müqaviləsi ilə sığortalanmışdır. xx.xx.2015-ci il tarixində X4 məxsus olan daşınmaz əmlak çoxmərtəbəli binanın yuxarı, yəni, cavabdeh Vəliyeva (Nurullayeva) Bahar Nizami qızına məxsus olan 9 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2015-ci il tarixli aktından görünür ki, ünvan 2 ünvanında yerləşən daşınar əmlaka (geyim mağazası) binanın yuxarı mərtəbəsi, yəni, cavabdeh X2 məxsus olan 9 nömrəli mənzilindən axan su kütlələri (subasma) nəticəsində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli dəymiş zərərin həcmi ilə bağlı rəydən görünür ki, X4 məxsus olan ünvan 2 ünvanında yerləşən daşınar əmlaka (geyim mağazasına) subasma nəticəsində 713 manat məbləğində zərər vurulmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, 2012-ci ildə İlqar Piriyevə məxsus olan mağazaya onun atasının evindən su axması barədə məlumat verilmişdir. İlqar məbləği 100 manata qədər olan islanmış uşaq geyimlərini onlara verib pulunu ödətdi. Hamam,ayaqyolu boruları, kanalizasiya xətti dəyişdirildi. Suyun onun evindən axmasını təsdiq edən heç bir kommunal idarəsinin nümayəndələri onların evinə baxış keçirmədən, İlqarın təkidi ilə hamam bərbat hala salındı. Buna baxmayaraq su axmağa davam etdi. Yan qonşunun evinə baxış keçirərkən məlum oldu ki, su onların su borusundan axır. İlqar özü xərc çəkib qonşunun su borularını təmir etdirdi və problem həll edildi. İlqar Piriyev sığortadan pul almışdır. Su onun evindən axmadığı halda İlqarın sığortadan aldığı məbləği ödəməli olduğunu əsassız sayır. Su onun evindən axmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" ASC -nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçı "xxxx" ASC -nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etmişdir.Bildirmişdir ki, həmin hadisə ərəfəsində evlərində yaxın qohumu vəfat etmişdir, hətta İlqara da ona görə pul ödəmişdirlər ki, evlərinə gələn qonaqlar arasında utanmasınlar. Hətta ona da etiraz etmişdir ki, evlərindən suyun axıdılması ilə əlaqədar tərtib edilmiş aktın heç bir hüquqi əsası olmamışdır. Belə ki, tərtib olunmuş akt onların iştirakı olmadan və evə baxış aparılmadan tərtib olunmuş və aktda aşkar olunan hallar onlar tərəfindən təsdiq edilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İşdə olan ödəniş tapşırığından görünür ki, "xxxx"ASC-tərəfindən xx.xx.2015-ci il tarixdə X4 299 manat və xx.xx.2015-ci il tarixdə isə 213,90 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 8505/FŞ/Fİ-066/2015 № sığorta aktından görünür ki, X4 məxsus olan ünvan 2ndə yerləşən geyim mağazası xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək 20.000 manat məbləğində sığortalanmışdır. İşdə olan 8505/FŞ/Fİ-066/2015-ci il tarixli akta 1 nömrəli əlavədə qeyd edilmişdir ki, 8505/FŞ/Fİ-066/2015-ci il tarixli akta əsasən ünvan 3 ünvanında yerləşən “Geyim mağazasında” baş vermiş subasma hadisəsi ilə bağlı 499 manat 10 qəpik zərər müəyyən edilmişdir ki, həmin məbləğdən 200 manat azadolma məbləği çıxılaraq 299 manat 10 qəpik X3 bank hesabına ödənilmişdir. Sonradan mağazanın təmiri üçün ödənilmiş məbləğin az olması müəyyənləşdirilmişdir. ünvan 3 ünvanında yerləşən “Geyim mağazasında” baş vermiş hadisə zamanı mağazanın zədələnməsi ilə bağlı aşkar olunmuş qüsurların aradan qalxması üçün 213,90 qəpik X3 bank hesabına köçürülür. İş materiallarında olan 031446 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, X4 məxsus olan “Alyona” geyim mağazası 20.000 manat məbləğində sığortalanmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli dəymiş zərərin həcminə dair aktda göstərilmişdir ki, ünvan 1 ünvanına 713 manat məbləğində ziyan dəymişdir. İşdə olan xx.xx.2015-ci il tarixdə TTS-nin rəisi İ.Ə.İsmayılov, 1 saylı MİS-nin rəisi R.B.Azayevin, sahib İ.Piriyev və satıcı İ.Pirmunun iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən uşaq geyimləri mağazasına həmin binanın Energetik küçəsi, bina 5, mənzil 9-da yaşayan X1 mənzilindən su axıdılmışdır, həmin mağazanın tavan hissəsinə 3x5=15 m2 hissəsinə ziyan dəymişdir. 12 adda paltara ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalanan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuzhərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Məhkəmənin mövqeyi: İş materiallarının məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiqi nəticəsində müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin tələb hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində nəzərdə tutulmuş subroqasiya institutuna əsaslanır. Bu norma sığorta ödənişi vermiş sığortaçıya, zərərin vurulmasına görə məsuliyyət daşıyan şəxsə qarşı sığortalının malik olduğu tələb hüququnun həmin ödəniş məbləği həddində keçməsini nəzərdə tutur. Subroqasiya tələbi mahiyyətcə delikt məsuliyyətinə əsaslanır və Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrində nəzərdə tutulmuş bütün şərtlərin mövcudluğunu tələb edir:
1. Zərərin mövcudluğu;
2. Zərərin qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulması;
3. Qanunsuz hərəkət/hərəkətsizliklə zərər arasında səbəbli əlaqə;
4. Zərərvuran şəxsin təqsiri (təqsirin tələb olunmadığı hallar istisna olmaqla). Zərərin mövcudluğu və həcmi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında xx.xx.2015-ci il tarixli rəyə əsasən zərərin 713 manat olduğu göstərilmişdir. Lakin zərərin konkret olaraq Cavabdeh qanunsuz hərəkətindən qaynaqlandığı etibarlı sübutlarla təsdiq olunmamışdır. Zərərin mənbəyinin müəyyən olunması işdə mövcud olan xx.xx.2015-ci il tarixli aktda suyun cavabdehin mənzilindən axdığı qeyd edilsə də, akt cavabdehin iştirakı olmadan tərtib edilmiş, onun mənzilinə texniki baxış keçirilməmiş, sızmanın səbəbi texniki ekspertiza ilə müəyyən olunmamış, cavabdeh sızmanın qonşu mənzilin boru xəttindən qaynaqlandığını bildirmiş, bu barədə ətraflı izahat vermişdir.Həmçinin iddiaçı bu izahatları təkzib edən və səbəbli əlaqəni sübuta yetirən heç bir texniki və ya digər obyektiv sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinə əsasən iddiaçı iddiasını əsaslandıran halları sübut etməlidir. Subroqasiya iddiası üzrə bu, zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyindən qaynaqlandığını tam sübut etməyi tələb edir. Mövcud sübutlar bu tələbi ödəmir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli akt prosessual və maddi hüquqi tələblərə cavab vermir: Hadisə yeri bütün maraqlı tərəflərin iştirakı ilə yoxlanılmamışdır; Cavabdehin imzası və mövqeyi aktda əks olunmamışdır; Sızmanın mənbəyi texniki vasitələrlə müəyyən edilməmişdir; Alternativ səbəblər araşdırılmamışdır. Bu səbəblə də məhkəmə hesab edir ki, aktın deliktin əsas elementi olan səbəbli əlaqəni təsdiq edən yeganə və etibarlı sübut kimi hüquqi qüvvəsi yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iclaslarda iddiaçının nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəfindən məhkəməyə yalnız işə onun nümayəndəsinin iştirakı olmadan baxılması barədə ərizə təqdim edilmiş, cavabdehin göstərdiyi etirazlar və izahatlarla bağlı hər hansı əlavə sübut və ya izahat təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf iddiasını və ya etirazını əsaslandıran halları sübut etməyə borcludur. İddiaçının prosesdə iştirak etməməsi və sübut təqdim etməməsi onun sübutetmə yükünü yerinə yetirməməsi deməkdir və iddianın təmin edilməməsi üçün də müstəqil əsas yaradır. Məhkəmənin qənaətinə görə, subroqasiya hüququndan istifadə üçün tələb olunan deliktin bütün elementləri iş üzrə sübuta yetirilməmişdir. Xüsusən, qanunsuz hərəkət faktı, səbəbli əlaqə və təqsir elementi təsdiqlənmədiyi üçün iddianın təmin edilməsi mümkün deyildir. Göstərilənlərə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096, 1097.1, 1108.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 77, 78-ci maddələri rəhbər tutularaq, iddiaçı tərəfindən tələb hüququnun əsaslandırılması üçün zəruri sübutlar təqdim edilmədiyindən, həmçinin təqdim edilmiş aktın hüquqi qüvvəsinin olmaması və deliktin tərkib elementlərinin sübuta yetirilməməsi səbəbindən iddia tələbinin rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 30,40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alıb hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
qət etdi:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Əli İmanov