Məhkəmə qərarları › İş №e-2(032)-966/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-966/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-966/2024 11.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23205747 saylı müqaviləyə əsasən İMEİ kodu **********81025 olan “Samsung Galaxy A12” markal telefon üçün 50.1 manat ödənilməmiş hissə, 5.9 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli, 23205829 saylı müqaviləyə əsasən “LG LED” TV üçün 157.3 manat ödənilməmiş hissə, 15.7 manat cərimə borcu, ümumilikdə hər iki müqavilə üzrə 229 manat və 30 manat dövlət rüsumu, cəmi 259 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23205747 saylı və xx.xx.2021-ci il tarixli, 23205829 saylı müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********81025 olan “Samsung Galaxy A12” markal telefon və “LG LED” TV almış və nəticədə 229 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğısatqı qiyməti 556.6 manat (22 ay x 25.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********81025 olan “Samsung Galaxy A12” markalı telefon üçün ümumilikdə, 56 manat olmaqla ondan 50.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.9 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 952.8 manat (24 ay x 39.7 manat + 0 manat ilkin ödəniş) “LG LED TV” üçün ümumilikdə,173 manat olmaqla ondan 157.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.7 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1302 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23205747 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 556.6 manat olan İMEİ kodu **********81025 olan “Samsung Galaxy A12” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 22 ay müddətində ödəniş cədvəli üzrə hər ay 25.3 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23205829 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 491.12 manat olan “LG LED TV” Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 39.7 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixdə 23205747 saylı müqavilə üzrə 50.1 manat ödənilməmiş hissə və 5.9 manat dəbbə borcu, xx.xx.2021-ci il tarixdə 23205829 saylı müqavilə üzrə 157.3 manat ödənilməmiş hissə, 15.7 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satğı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satğı müqavilələrinə əsasən cavabdehə əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, 23205747 saylı müqaviləsinə əsasən 50.1 manat, xx.xx.2021-ci il tarixli, 23205747 saylı müqaviləsinə 157.3 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli, 23205747 saylı müqaviləyə əsasən 50.1 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1 manat dəbbə (cərimə) pulu, xx.xx.2021-ci il tarixli, 23205747 saylı müqaviləyə əsasən 157.3 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021ci il tarixli, 23205747 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 50.1 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23205747 saylı alğı-satqı müqaviləsinə əsasən 157.3 manat ödənilməmiş hissə, 2 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23205747 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 50.1 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23205747 saylı alğı-satqı müqaviləsinə əsasən 157.3 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə hər üç müqavilə üzrə 240.4 (iki yüz qırx manat qırx qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar