Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-101/2023 06.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ləğv edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlamaqdan imtinaya və Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisində 06 sentyabr 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4Ə-759 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin etibarsız hesab edilməsi və ya ləğv edilməsinə və həmin müqavilə əsasında alınmış RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Zaqatala şəhəri Nizami küçəsi ev 23, mənzil 1-də yerləşən fərdi yaşayış evi vardır. Həmin evi 06 sentyabr 2016-cı il tarixdə Notariat orqanında bağışlanma müqaviləsi imzalamaqla cavabdehə bağışlamışdır, lakin evi naturada ona təhvil verməmişdir, evdən bu gün də o özü istifadə edir, evi X1 vermişdir, evin kirayə haqqını ona ödəyir. Evin kommunal xərcləri də onun tərəfindən ödənilir. Həmin evə ƏMDK yanında DODRX-nin 18 saylı Ərazi İdarəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Lakin indi bağışlamadan imtina edir. Belə ki, o evi qızına qocalanda və xəstələnəndə qızının ona baxması müqabilində bağışlamışdır. Onun halhazırda 73 vaşı var, yaşlanmışdır, xəstədir, iynə-dərmanla yaşayır. Öz işini özü görə bilmir, baxıma ehtiyacı var. O əmək qabiliyyətini itirən və Dövlət tərəfindən pensiya alan bir vətəndaşdır. Lakin qızı Cavabdeh ona baxmır, köməyinə çatmır. Onun ona qarşı münasibəti pisləşmişdir. Belə ki, o, onun yanında həyat yoldaşının, yəni öz atasının üzünə tüpürmüşdür. Ona bir valideyn kimi qayğı göstərmir. Həmin evi o kiyayəyə vermişdir, orada X6 adlı şəxs kirayəşin qalır. Həmin evin kommunal xərclərini də - su, qaz və işıq pullarını o keçirir. Lakin qızı Cavabdeh isə ona qayğı göstərmir. Qanunun bu tələbini pozur. Qızı Cavabdeh ona qayğı göstərməməsi ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuş kimi qiymətləndirilməlidir. Qeyd olunan müddəalara əsasən hesab edir ki, sözügedən müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla tərtib edildiyindən etibarsız hesab edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh vəsatətlə müraciət edərək İddiaçı ona qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi, həmin müqavilə əsasında alınmış çıxarışın ləğv edilməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi, həmin müqavilə əsasında alınmış çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə razı deyil. Hüquq normasının məzmunundan göründüyü kimi, hədiyyə verən o halda bağışlamaqdan imtina edə bilər ki, hədiyyə alan Cavabdeh üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmuş olsun. Lakin, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən göründüyü kimi hədiyyə alan kimi onun üzərinə İddiaçı tərəfindən hər hansı vəzifə qoyulmamışdır. Belə ki, sözügedən yaşayış mənzili bağışlanarkən iddiaçının mülkiyyətində olmuşdur. Məlum olduğu kimi anası Zaqatala şəhəri, Nizami küçəsi ev 23, mənzil 1-də yerləşən ümumi sahəsi 69 kv.m olan 2 otaqlı yaşayış mənzilini ona hədiyyə edərkən, ömrünün sonuna kimi özünün saxlanılmasını və s. təmin etmək məqsədini güdməmişdir. Əgər “hədiyyə verən" hədiyyə alandan ömrünün sonuna kimi özünün saxlanılmasım təmin etmək məqsədini güdürdüsə, belə halda o, ömürlük renta müqaviləsini bağlaya bilərdi. Lakin, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı “hədiyyə alan" qarşısında heç bir şərt qoymadan onunla bağışlama müqaviləsi bağlamışdır. Müqavilənin məzmunu həmin şərtin mövcudluğunu təkzib edir. Belə olan halda İddiaçı tələbi əsaslı sayıla bilməz. Ona görə də, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iş üzrə cavabdeh onun qızıdır, o mülkiyyətində olan həmin evi yaşlananda ona baxması şərti ilə qızına bağışlamışdır, həmin evi qızına bağışlayandan sonra qızı ona baxmır, qızıhədiyyə alan 5 aydır onunla heç maraqlanmır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək və vəsatətin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, anası olan iddiaçı tərəfindən ona bağışlanan fərdi yaşayış evi əvvəllər onun xalasının mülkiyyətində olub, xalasının uşağı olmayıb və xalası həmin evi onu bağışlamaq niyyətində olub. Lakin onun yaşı az olduğundan evi iddiaçı olan anasına, yəni öz bacısına bağışlayıb. Xalası artıq vəfat edib və o özü xalasına baxıb. Müqavilənin predmeti olan fərdi yaşayış evinin bir tərəfində bacısı, digər tərəfində kirayəçilər qalır. Kirayə haqqını iddiaçı olan anası alır. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X2 izahat verərək göstərmişdir ki, yaşlı qadın Notariat Ofisinə müraciət edərək mülkiyyətində olan fərdi yaşayış evinı qızına bağışlamaq istədiyini bildirmişdir. Hımin qadın iş üzrə İddiaçıdır. Onunla söhbət edib, ona bağışlama müqaviləsinin geri dönüşü olmadığını və bağışladığı halda həmin əmlakın hədiyyə alanın mülkiyyətinə keçəcəyini bildirmişdir. Ondan neçə uşağının olduğunu soruşanda o iki qızının olduğunu bildirmişdir. Ona fərdi yaşayış evinin hər iki qızına da bağışlaya biləcəyini izahat etmişdir. Lakin o digər qızının ailəsində problemlər olduğunu qeyd edərək fərdi yaşayış evini Cavabdeh bağışlamaq istədiyini qeyd etmişdir. Bundan sonra qanunamüvafiq şəkildə bağışlanma müqaviləsi bağlanmışdır. Qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, reyestr nömrəsi **********06-05101-093001 olan ünvan 1 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Reyestrdə 4Ə-759 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 06 sentyabr 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı DƏDRX Zaqatala şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə ona verilmiş reyestr nömrəsi **********06-05101-093001, qeydiyyat nömrəsi ********* olan, ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69 kv.m, 32 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,40 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********06-05101-093001 olan fərdi yaşayış evinə dair xx.xx.2016-ci il tarixdə inventar nömrəsi 2743 olan texniki pasport tərtib edilmişdir. Zaqatala rayonu Göyəm kənd soveti tərəfindən 1 iyul 1982-ci il tarixdə verilmiş İİ-JQ seriyalı 457336 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, X11 ilə İddiaçı 1 iyul 1982-ci il tarixdə nikah bağlamışlar və bu barədə həmin gün 8 nömrəli akt qeydi edilmişdir. Zaqatala rayonu Göyəm kənd soveti tərəfindən 26 iyun 1989-cu il tarixdə verilmiş XİV-JQ seriyalı 394295 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X12sının atası X11, anası isə İddiaçıdır. Zaqatala RİH-nin Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 oktyabr 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 590875 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X8 xx.xx.2010-cu il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra ərə Mamqayev, arvada Mamqayeva soyadı verilmişdir. Reyestrdə 7E-11678 nömrəsi ilə qeyd edilmiş X11 tərəfindən verilmiş razılıq ərizəsindən görünür ki, o arvadı İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 69 kv.m ümumi sahəsi olan mənzilin qızı Cavabdeh bağışlanmasına razılıq verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 666.1-ci maddəsinin tələblərinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668-ci maddəsinə əsasən bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 153.2 və 153.2.4-cü maddələrinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012—ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin evin mülkiyyətçisi olan İddiaçı 1 iyul 1982-ci il tarixdə nikaha daxil olduğu X5 yazılı razılığı ilə reyestrdə 4Ə-759 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 06 sentyabr 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən evini qızı-mülki iş üzrə Cavabdeh bağışlamışdır. Bundan sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,40 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-ci il tarixdə qeydiyyata alınmış və inventar nömrəsi 2743 olan texniki pasport tərtib edilmişdir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini qocalanda və xəstələnəndə qızı olan cavabdehin ona baxması müqabilində ona bağışlamasını və cavabdehin hazırda ona baxmamasını əsas gətirərək 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” nin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh X9 isə bağışlama müqaviləsininin şərtsiz bağlandığını əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş edir. 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”-ni təsdiq etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 iddiaçının məhz mülkiyyətində olan fərdi yaşayış evini cavabdehə bağışlamaq niyyəti ilə Notariat ofisinə müraciət etdiyini və bağışlama müqaviləsinin yaradacağı nəticələr barədə ona ətraflı məlumatlar verildikdən sonra onun bilərək yaradacağı nəticələri arzu edərək 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”-ni bağladığını bildirmişdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) bağışlanması haqqında müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı Cavabdeh bağışlamaq barədə niyyətinin olması və bu niyyətlə 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi”-ni bağlaması işin mübahisəsiz halıdır. Bu hal iddiaçı tərəfindən verilmiş iddia ərizəsində və iddiaçının məhkəmə çıxışlarında da öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” aldatma və ya məcburetmə yolu ilə bağlanmış əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, uydurma və yalan əqd hesab edilə bilməz. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş və iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığından və o tam fəaliyyət qabiliyyətli şəxs olduğundan onun tam pay olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,08443 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69 kv.m., yaşayış sahəsi 32 kv.m olan fərdi yaşayış evi barəsində müqavilə bağlandığı 06 sentyabr 2016-cü il tarixdə sərəncam vermək hüququ olmuşdur. İşin faktiki hallarından da aydın olur ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən ümumiyyətlə əqdlərin etibarlılığı ilə bağlı mülki qanunvericiliyin müvafiq maddələrində əks olunan hüquq normalarının pozuntusu halları olmamış, İddiaçı müqavilənin predmeti olan mübahisəli fərdi yaşayış evinin bağışlanılması üçün öz iradəsi ilə notariat kontoruna getmiş və birgə nikahda olduğu X5 razılığı ilə bağışlanma müqaviləsi bağlanmışdır. Daha sonra məhkəmə tərəfindən müəyyən edildi ki, bağışlamanın etibarlı olduğu hallar qanunverici tərəfindən müəyyən edilmişdir və qeyd edilən hallara 06 sentyabr 2016cü il tarixli bağışlama müqaviləsi bağlanarkən riayət edilmişdir. Məhkəmə iddiaçının bağışlama müqaviləsini şərtlə bağlamasına və cavabdeh olan qızının qocalanda və xəstələnəndə ona baxması müqabilində bağışlamasına dair iddia ərizəsində və məhkəmə çıxışlarında yer alan fikirlərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən bağışlamanın şərtlərdən və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi nəzərdə tutulsa da belə şərtlərin və öhdəliklərin hədiyyə verənin özünün bəhrələnməsi ilə bağlı olmaması qeyd edilmişdir. Bağışlama müqaviləsi əvəzsiz müqavilə olduğundan hədiyə verən tərəfindən qoyulan öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Məhkəmə araşdırmasında müəyyən edildi ki, 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” bağlanan zaman müqavilənin əvəzsizliyinə zidd olmayan hər hansı şərt və öhdəlik də qoyulmamışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onu da əsas götürmüşdür ki, hədiyə alan-cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyə verənə münasibətdə pozmuşdur. İddiaçının bu əsasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozulması bağışlamadan imtina əsası kimi çıxış edir. Nəzərə alınmalıdır ki, ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsi mülki qanunvericilikdə konkret göstərilməmis, lakin ailə qanunvericiliyi ümumi şəkildə və bəzən xüsusi hallar üçün bu vəzifələri müəyyən etmişdir. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların üzərinə qanunla qoyulan belə vəzifələrdən biri də maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq və onlara qayğı göstərməkdir. Lakin bu vəzifələrin qanunla müəyyən olunması özü-özlüyündə bağışlamadan imtina tələbinin təmin olunması əsası kimi çıxış edə bilməz. Bu cür tələb irəli sürən hədiyyə verən həqiqətən də özünün maddi yardıma ehtiyacı olduğunu, əmək qabiliyyətinin olmadığını, hədiyyə alanın əmək qabiliyyətli olduğunu və sonuncunun Ailə Məcəlləsinin 82.1-ci maddəsində və ya digər maddələrində qanunla qoyulmuş vəzifələrini kobudcasına pozduğunu sübut etməlidir. İddiaçı tərəfindən qeyd edilən halların mövcud olmasına dair sübutlar təqdim edilməmiş və bu sadalanan halların mövcud olması məhkəmə tərəfindən də aşkar edilməmişdir. Məhkəmə iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-ci il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin çıxarış 4Ə-759 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 sentyabr 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanma müqaviləsi” əsasında verilmiş, həmin müqavilə əsasında qeydə alınan çıxarış verilərkən Mülki Məcəllənin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Göründüyü kimi, tələbin ikinci hissəsi ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissəsi də əsаslı оlа bilərdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası ümumilikdə əsassızdır və təmin oluna bilməz. İddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ləğv edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-101/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-101/2023
06.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver