Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1031/2023 30.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı QSC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə WDP003332 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 559 AZN borcun, 0,81 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dalğa-94 MMC ilə cavabdeh X5 arasında bağlanmış WDP003332 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1064 manat dəyərində nisyə aldığı mala görə 100 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 964 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Dalğa-94 MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Dalğa-94 MMC-nin X4 qarşı olan 964 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və öhdəlik icra edilməmişdir. Zaqatala rayon 2 saylı Notariat Ofisinə vərəsəliyin müəyyən edilməsi ilə bağlı sorğu verilmiş, xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, X2 vərəsəlik işi notariat ofisində aparılmış və xx.xx.2022-ci il tarixdə 2V-50 nömrəli vərəsəlik şəhadətnaməsi mərhumun vərəsəsi Cavabdeh verilmişdir. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin vərəsə Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bugünə 559 manat əsas borcu, 0.81 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh ərizə ilə müraciət edərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alaraq işə onların iştirakları olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də alqı-satqı müqaviləsində göstərilən mebel (künc divan) onun anası tərəfindən təhvil alınıb, o, həmin vaxt anası ilə birlikdə yaşayırdı, axırıncı 3 ay anasından ayrı yaşamışdır. Anasının bundan başqa da kredit borcları var idi, anası bütün borclarını vaxtlı-vaxtında ödəyirdi. Anası rəhmətə getdikdən sonra ona çatmalı pul var idi, onu almaq üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin pulu da şəhadətnamə əsasında almışdır. Eyni zamanda, hazırda babasından qalan, əvvəllər anası yaşadığı evdə yaşayır. O və həyat yoldaşından başqa həmin evdə yaşayan yoxdur. Hazırda işləmir, həmin mebeli də özü şəxsən götürməyib. İddianı qəbul etmir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(033)-1031/2023 nömrəli qərardadına əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Dalğa-94 MMC ilə X5 arasında bağlanmış WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, Dalğa-94 MMC alqı-satqı müqaviləsinin tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən 1064 manat dəyərində olan malı X4 nisyə satmağı, X5 isə satılmış əşyaya görə 100 AZN ilkin ödəniş edərək malı qəbul edib, müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə (12 ay) və qaydada (aylıq ödəniş 81 manat) pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.3-cü bəndindən görünür ki, satıcı alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı QSC-yə və ya digər şəxslərə güzəşt edə bilər. Həmin müqavilənin 2.4.4-cü bəndinə əsasən, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,5 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, dəyəri 1064 manat olan məişət avadanlığı 100 AZN ilkin ödəniş edilərək tam dəyəri 12 ay müddətinə ödənilmək şərti ilə aylıq ödəniş sonuncu ay 73 manat, digər aylar 81 manat müəyyən edilməklə X4 verilməlidir. xx.xx.2021-ci il tarixli tərəflər arasında imzalanmış təhvil-təslim aktından görünür ki, Dalğa-94 MMC WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində nəzərdə tutulan malı alıcı X4 təhvil vermişdir. Müştəri qismində Dalğa-94 MMC ilə faktor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 fevral 2019-cu il tarixli R-12/19 faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor İddiaçı QSC borclu barəsində müştəri Dalğa-94 MMC-nin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəri Dalğa-94 MMCyə pul vəsaiti verir, müştəri Dalğa-94 MMC isə borcluya qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt edir. R-12/19 saylı 15 fevral 2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan 12 iyul 2021-ci il tarixli R-xx/xx-0289 nömrəli sazişdən görünür ki, X5 və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti aralarında bağlanan R-12/19 saylı 15 fevral 2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olaraq cədvəldə olan məlumatlar əsasında saziş bağlamışdırlar və bu saziş R-12/19 saylı 15 fevral 2019-cu il tarixli faktorinq müqaviləsinə əlavədir və onun ayrılmaz tərkib hissəsidir. Həmin sazişin tərkib hissəsi olan borclular haqqında məlumat və digər şərtlər cədvəlindən görünür ki, X5 ilə 12 ay müddətinə bağlanmış xx.xx.2021-ci il tarixdə WDP003332 nömrəli müqavilə üzrə 964 manat məbləğ güzəşt edilmişdir. Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyest nömrəsi 2V-50 olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 21 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Təhsil Nazirliyi 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2022-ci il tarixli 18 nömrəli arayışına əsasən mərhum X2 adında olan 1136 manat 68 qəpik məbləğində pul vəsaitindən ibarətdir. X2 vərəsəsi Cavabdeh ünvanlanmış 29 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə yaranmış borcu 3 gün müddətində tam olaraq ödəmədiyi təqdirdə, müqavilə üzrə qalıq borc məbləğin vaxtından əvvəl alınması və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin məcburi qaydada tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maliyyə arayışından görünür ki, WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə borclu X2 xx.xx.2023-cü il tarixə Ferrum Kapital MMC-yə 559 manat əsas borcu, 0.81 manat cərimə borcu, cəmi 559.81 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Dalğa-94 MMC dəyəri 1064 manat olan malı alıcıya vermiş, X5 100 AZN ilkin ödəniş edərək onu qəbul edib, avadanlığın qiymətini 12 ay ərzində hər ay 81 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün borc məbləğinin 0,5 faizi həcmində cərimə ödəməyi də öhdəsinə götürmüşdür. 15 fevral 2019-cu il tarixli R-12/19 faktorinq müqaviləsinə əlavə olunan 12 iyul 2021-ci il tarixli sazişə əsasən WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə üzrə X2 yaranmış öhdəlikləri Dalğa-94 MMC tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt edilmişdir. Göründüyü kimi, Dalğa-94 MMC tərəfindən X4 məişət avadanlığı verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, lakin X5 alqı-satqı müqaviləsinə əsasən kredit borcunu bir müddət ödəmiş, xx.xx.2021-ci il tarixdə isə vəfat etmiş və onun oğlu-Rəcəbli X6 Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-50 olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən onun vərəsəsi kimi müəyyən edilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, o da öz növbəsində WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Dalğa-94 MMC 15 fevral 2019-cu il tarixli R-12/19 faktorinq müqaviləsinə əlavə sazişə əsasən WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələbi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə güzəşt etmişdir. Bu səbəbdən də, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini miras payı həcmində Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh oğlundan 559 manat məbləğində əsas borc tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən, məhkəmə iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 0.81 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. X2 vərəsəsi Cavabdeh WDP003332 nömrəli xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 559 (beş yüz əlli doqquz) manat məbləğində əsas borc və 0,81 (səksən bir qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 559.81 (beş yüz əlli doqquz manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. X2 vərəsəsi Cavabdeh 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-1031/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1031/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver