Məhkəmə qərarları › İş №e-2(033)-1125/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1125/2025

07.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1125/2025 07.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 oktyabr 2025-ci il tarixdə, Zaqatala şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yerli qurumu olan X5 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 2160 kub metr həcmində hesablanmış dəymiş ziyanın dəyəri olan 216 manat borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq işləmir. Kənddə təsərrüfatı ilə məşğul olur. Ona məxsus fərdi yaşayış evi qazpaylayıcı şəbəkəyə qoşulmuşdur. Evinin qazpaylayıcı şəbəkəyə qoşularkən quraşdırılmış qaz sayğacı hamıda olduğu kimi onda da ümumi istifadədə olan yolun kənarında yerləşir. Cavabdehin yerli qurumu olan X5 İstismar İdarəsinin işçiləri 2020-ci ilin iyul ayında gələrək həmin sayğacı yenisi ilə əvəz etmişdir. Ancaq, daha sonra məlum olmuşdur ki, 2160 kub.m. qazın dəyəri olan 216 manat miqdarında dəymiş ziyanın əvəzi kimi adında əsassız hesablanmış borc vardır. Bu borc həm də abonentin saldosunun “qalıq və aktlar” qrafasının “2020-ci il”ə aid hissəsində də görünür. Hesab edir ki, dəymiş ziyanın əvəzi kimi adına hesablanmış həmin borc qanuni və əsaslı deyildir və belə əsassız olaraq borc hesablanmaqla cavabdeh tərəfindən onun istehlakçı hüquqları pozmuşdur. Belə ki, cavabdehin yerli qurumu olan X5 İstismar İdarəsinin işçiləri “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT tərtib edərək mövcud sayğacı çıxarmış və yeni sayğac quraşdırmışdır. Həmin Aktın 4-cü hissəsində sayğacın çıxarılma səbəbi “istismar müddətinin bitidiyi üçün” qeyd edilmişdir. Yəni, sayğacın çıxarılması ona müdaxilədən irəli gəldiyi göstərilməmişdir. Həmin Aktın 6-cı (digər qeydlər) hissəsində isə, çıxarılmış sayğaca müdaxilə və ya onun hər hansı qüsuru ilə bağlı hər hansı bir qeyd edilməmişdir. Yəni, həmin Aktda sayğaca kənar müdaxilənin olub-olmaması, olmuşdursa müdaxilənin nədən ibarət olması nə göstərilmiş, nə də ki, bu halların heç biri müəyyən edilmişdir. İdarənin işçiləri sadəcə olaraq qeyd olunan Aktı tərtib etməklə sayğacı yenisi ilə əvəz edərək çıxıb getmişlər. Qaz təchizatı haqqında Qanunun tələbinə görə, sayğaca müdaxilə aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, cavabdehin yerli qurumu qanunun həmin tələbinə riayət etmədən, yəni, istehlakçının qazın talanmasında təqsirli olmasını müəyyən etmədən vurulmuş zərər kimi əsassız olaraq borc hesablamışdır. Qazdan istifadə Qaydalarına görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh qurum daşıyır. Həmin Qaydalara görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına qaz paylayıcısı, yəni cavabdeh tərəfindən həyata keçirilir. Bundan başqa, cavabdehin yerli qurumu olan X5 İstismar İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli AKT onun iştirakı ilə tərtib edilməmiş, onun tərəfindən imzalanmamış, həmin aktda sadəcə adı qeyd olunaraq “imtina edirəm” qeydi edilmişdir. Göstərilən pozuntunun onun tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir ifadə qeyd olunmamışdır. Həmçinin, müdaxilə olunması göstərilən sayğac onun yaşadığı evdən kənarda, yəni, ümumi istifadədə olan yol hissəsində quraşdırılmış olması və bu səbəbdən sayğacı kənar müdaxilələrdən qorumaqda çətinlik çəkməyini nəzərə alaraq ona müdaxilənin məhz onun və ya ailə üzvləri tərəfindən edilməsi mümkün deyil və hər bir halda əksi sübut olunmalıdır. Bundan əlavə, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombu aşkar olunmadı” qeydi onun tərəfindən hər hansı hüquq pozuntusunun törədilməsinin təsdiqi ola bilməz və ya hüquq pozuntusu hesab oluna bilməz. Həmin nöqsan tərəflərdən asılı olmayan səbəblərdən, həmçinin, üçüncü şəxslərin hərəkəti (hərəkətsizliyi) nəticəsində yarana bilər. Buna görə də, qeyd edilən hallar hüquq pozuntusunun onun və ya ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı təqsirli olmağını şübhə altına alır. Ancaq, xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli AKTa əsasən 2160 kub metr həcmində dəymiş ziyan hesablandığı göstərilmişdir. Beləliklə, hesab edir ki, 2160 kub metr həcmində hesablanmış dəymiş ziyanın dəyəri olan 216 manat borcun silinməsi haqqında Qətnamə çıxarılmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X1 məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İBnin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********01580 saylı qaz hesabında xx.xx.2025-cü il tarixə 216 manat borc vardır. Həmin 216 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğacı, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********0 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2020-ci il tarixli 29/1710- 00550-1 saylı aktında göstərilmişdir ki, sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plomb aşkar olunmadı (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərə çatdırır ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsin xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X1 məhkəmətə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını və iddia təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan sənədlər “Azəriqaz" X2 RQİİ ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 16443 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən, “paylayıcı” adlanan iddiaçı Cavabdeh Zaqatala RQİİ bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “istehlakçı” adlanan cavabdeh İddiaçı yaşadığı evi keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.6-cı bəndinin tələbinə görə paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablayır və hər ay istehlakçıya hesab təqdim edir (göndərir). “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Ağdaş MQKS, Zaqatala, Danaçı kəndində yerləşən sifarişçi (istehlakçı) İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilmiş və digər bir sayğacla əvəz edilmişdir. Cavabdeh İB-nin “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2020-ci il tarixli, MSK- 29/1710-00550-1 saylı aktdan görünür ki, dövlət yoxlaması nəticəsində G4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 20137529 nömrəli plomb kəsilərək, G-4 SM/6514 saylı qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacının plastmas paqağının üzərində zavod qurğuşun plombu aşkar edilməmişdir. Cavabdeh "Azəriqaz" İB-in Zaqatala RQİİ-in rəisi Sübhi Bayramov tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən, G4 markalı, ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 06 saat hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 4x6x90=2160 m3 Cavabdeh İB-in əməkdaşları E.Həşimov, C.Putayev və R.Buğayeva tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı 29 iyul 2020-cü il tarixli aktın surətindən görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş G4 markalı ******* nömrəli qaz sayğacının plastmas paqağının üzərində zavod qurğuşun plombu aşkar edilməmişdir. İddiaçı aktı imzalamamışdır. Mülki işin materiallarında olan 22 iyul 2025-ci il tarixli **********0 nömrəli ZENNER G4T mexaniki sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********01580 olan, Ağdaş MQKS, ünvan 2 ünvanda yaşayan İddiaçı 2020-ci ilin iyul ayı üçün qalıq və aktlar üzrə qaz sərfiyyatı üzrə 216 manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” 4.2-ci bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini nəzərdən keçririb, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin təsvir edilmiş hallarından görünür ki, Ağdaş MQKS, Zaqatala, Danaçı kəndində yaşayan istehlakçı İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilən zaman sayğacın hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi kimi qiymətləndirilərək, istehlakçı İddiaçı itirilmiş qaza görə 216 manat borc hesablanmışdır. İşin mübahisəsiz olan digər hallarına əsasən iddiaçı tərəfindən Ağdaş MQKS, Zaqatala, Danaçı kəndində istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı sonuncunun yaşadığı ev və həyətyanı sahədə deyil, yolda quraşdırılmışdır. İddiaçı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə o, bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilsəydi xx.xx.2020-cü il tarixdə yeni qaz sayğacı quraşdırılan vaxt qeyd olunan nöqsanlar aşkar olunardı və istehlakçıya bu barədə məlumat verilərdi. Belə ki, həmin akt istehlakçının iştirakı ilə tərtib olunmuş və o, aktı imzası ilə təsdiq etmişdir. Həmin aktda hər hansı bir müdaxilənin olması qeyd olunmamışdır, yalnız mexaniki zərbə nəticəsində ekranın aralandığı göstərilmişdir. Lakin qaz sayğacının yoxlanması barədə tərtib edilmiş aktda qaz sayğacının plastmas paqağının üzərində zavod qurğuşun plombu aşkar edilməməsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, qaz sayğacın hesablama mexanizmində aşkar olunmuş qüsurun iddiaçı tərəfindən törədildiyi sübut olunmamışdır. Məhkəmə nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Cavabdeh tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasındakı mübahisənin predmetini iddiaçının yaşadığı evin daxilində deyil, çöldə quraşdırılmış sayğaca kim tərəfindən müdaxilə olunması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin və həyətin daxilində deyil, sayğaca müdaxilə olsaydı, sayğac dəyişdirilərkən aşkar olunardı və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyrimümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Sayğaca edilmiş müdaxilədə iddiaçının hər hansı bir marağının olması da müəyyən edilməmişdir. Odur ki, iddiaçının hüquq pozuntusuna yol verdiyinin öz təsdiqini tapmamasını nəzərə alan məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-in X5 İstismarı İdarəsi tərəfindən istehlakçı İddiaçı itirilmiş qaza görə hesablanmış 216 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı (Ağdaş MQKS, Zaqatala, Danaçı kəndi) itirilmiş qaza görə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar