Məhkəmə qərarları › İş №e-2(033)-1130/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1130/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1130/2023 30.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçı "xxxx" MMC-nin xeyrinə 3987 (üç min doqquz yüz səksən yeddi) manat məbləğində əsas borc, 399 (üç yüz doxsan doqquz) manat məbləğində cərimə, 63 (altmış üç) manat 86 (səksən altı qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 4449 (dörd min dörd yüz qırx doqquz) manat 86 (səksən altı qəpik) məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış R0067714 nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 4360 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 4360 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 373 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənməmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı "xxxx" MMC tərəfindən ona xx.xx.2023-cü il tarixə 399 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də iddiaçı hesab edir ki, iddia tələbi təmin edilərsə, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, cavabdehdən iddiaçı "xxxx" MMC nin xeyrinə 3987 manat məbləğində əsas borc, 399 manat məbləğində cərimə və 63,86 manat məbləğində dövlət rüsumu tutulmalıdır İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 05 oktyabr 2023cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında bağlanmış R0067714 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, X5 "xxxx" MMC-dən kredit yolu ilə 4360 manat (12 ay x 364 manat(sonuncu ay 356) + 0.00 manat ilkin ödəniş) məbləğində olan MacBook Air 13.6 M2 8C/10C, qızıl zəmatət 3501-5000, qızıl zəmanət 301-400, APPLE Airpods 2, proqram xidməti adlı əşyaları əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 R0067714 nömrəli xx.xx.2023-cü tarixli alqı-satqı müqaviləsi üzrə 4360 manat əsas borcundan maliyyə arayışı tərtib edilən tarixədək 3987 manat əsas borcu və 399 manat cərimə borcu ödənilməmişdir. xx.xx.2023-ci il tarixli tərəflər arasında imzalanmış təhvil-təslim aktından görünür ki, "xxxx" MMC R0067714 saylı xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulan malı alıcı X4 təhvil vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, X5 xx.xx.2023-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər 454.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 4360 manat olan MacBook Air 13.6 M2 8C/10C, qızıl zəmatət 3501-5000, qızıl zəmanət 301-400, APPLE Airpods 2, proqram xidməti adlı əşyaları alıcıya vermiş, X5 isə onları qəbul edib, əşyanın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0,3 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh X4 MacBook Air 13.6 M2 8C/10C, qızılzəmatət 3501-5000, qızıl zəmanət 301-400, APPLE Airpods 2, proqram xidməti adlı əşyalar verilərək xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2023-cü il tarixli müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini cavabdeh X1 tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3987 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 399 (üç yüz doxsan doqquz) manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 399 manat cərimə 150 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2023-ci il tarixli R0067714 nömrəli müqaviləyə əsasən 3987 manat əsas borc və 150 manat cərimə borcu olmaqla ümumilikdə 4137 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 63,86 manat dövlət rüsumunun 2,49 manatı iddiaçıya aid edilməli, 61.37 manatı isə cavabdeh X3 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-ci il tarixli R0067714 nömrəli müqaviləyə əsasən 3987 (üç min doqquz yüz səksən yeddi) manat əsas borc və 150 (bir yüz əlli) manat cərimə borcu olmaqla ümumilikdə 4137 (dörd min bir yüz otuz yeddi) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun 2.49 (iki manat qırx doqquz qəpik) manatı iddiaçıya aid edilsin, 61.37 (altmış bir manat otuz yeddi qəpik) manatı isə cavabdeh X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar