Məhkəmə qərarları › İş №e-2(033)-1144/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1144/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1144/2023 07.11.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə SNB000031 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 450 manat borcun, 67.50 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X1» ilə Cavabdeh arasında bağlanmış SNB000031 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 450 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə «X1» arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən «X1»-un Cavabdeh qarşı olan 450 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən malalan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 faizi miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 450 manat əsas borcu, 67.50 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 09 oktyabr 2023cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. «X1» ilə Cavabdeh arasında bağlanmış SNB000031 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, «X1» alqı-satqı müqaviləsinin tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən 450 manat dəyərində olan malı Cavabdeh nisyə satmağı, Cavabdeh isə satılmış əşyaya görə ilkin ödəniş etmədən malı qəbul edib, müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə (6 ay) və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.3-cü bəndindən görünür ki, satıcının alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı QSC-yə və ya digər üçüncü şəxslərə güzəşt etmək hüququ vardır. Tərəflər arasında bağlanmış müqavilənin 2.4.4-cü bəndinə əsasən, alıcı qalan borcun ödənilməsini gecikdirildiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,5 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. SNB000031 saylı xx.xx.2022-ci i il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, dəyəri 450 manat olan malı ilkin ödəniş edilmədən tam dəyəri 6 ay müddətinə ödənilmək şərti ilə aylıq ödəniş 75 manat müəyyən edilməklə Cavabdeh verilməlidir. xx.xx.2022-ci il tarixli tərəflər arasında imzalanmış təhvil-təslim aktından görünür ki, «X1» SNB000031 saylı xx.xx.2022-ci i il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində nəzərdə tutulan malı alıcı Cavabdeh təhvil vermişdir. Müştəri qismində «X1» ilə faktor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli R-1773/22 faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor İddiaçı QSC borclu barəsində müştəri «X1» borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəri «X1»-yə pul vəsaiti verir, müştəri «X1» isə borcluya qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt edir. R-1773/22 saylı 14 dekabr 2022-ci il tarixli faktorinq müqaviləsinə əlavə olunan 26 dekabr 2022-ci il tarixli R-17xx/xx-0001 nömrəli sazişdən görünür ki, «X1» və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti aralarında bağlanan R-1773/22 saylı 14 dekabr 2022-ci il tarixli faktorinq müqaviləsinə əlavə olaraq cədvəldə olan məlumatlar əsasında saziş bağlamışdırlar və bu saziş R-1773/22 saylı 14 dekabr 2022-ci il tarixli faktorinq müqaviləsinə əlavədir və onun ayrılmaz tərkib hissəsidir. Həmin sazişin tərkib hissəsi olan borclular haqqında məlumat və digər şərtlər cədvəlindən görünür ki, Cavabdeh ilə 6 ay müddətinə bağlanmış SNB000031 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 450 manat məbləğ güzəşt edilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, SNB000031 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə yaranmış borcu 3 gün müddətində tam olaraq ödəmədiyi təqdirdə, borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, SNB000031 saylı xx.xx.2022ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh Ferrum Kapital MMC-yə 450 (dörd yüz əlli) manat əsas borcu, 67.50 (altmış yeddi manat əlli qəpik) manat cərimə borcu, cəmi 517.50 (beş yüz on yeddi manat əlli qəpik) manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından müəyyən olundu ki, SNB000031 saylı xx.xx.2022-ci i il tarixli müqaviləyə əsasən «X1» dəyəri 450 manat olan malı alıcıya vermiş, Cavabdeh ilkin ödəniş etmədən onu qəbul edib, malın qiymətini 6 ay ərzində hər ay 75 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün borc məbləğinin 0,5 faizi həcmində cərimə ödəməyi də öhdəsinə götürmüşdür. R-1773/22 saylı 14 dekabr 2022-ci il tarixli faktorinq müqaviləsinə əlavə olunan 26 dekabr 2022-ci il tarixli R-17xx/xx-0001 nömrəli sazişə əsasən SNB000031 saylı xx.xx.2022-ci i il tarixli müqavilə üzrə Cavabdeh yaranmış öhdəlikləri «X1» tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 450 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə SNB000031 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən hesablanmış 67.50 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı müqaviləyə əsasən hesablanmış 67.50 manat cərimə qismən, 20 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 450 manat məbləğində əsas məbləğ üzrə borc, 20 manat cərimə borcu olmaqla, cəmi 470 manat borc tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə borcu olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi günd ən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar