Məhkəmə qərarları › İş №e-2(033)-1161/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1161/2025

15.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1161/2025 15.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 Əli qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 aprel 1997-ci il tarixdə Zaqatala rayonu, Beretbinə kəndində doğulmuş və yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, 08 aprel 1997-ci il tarixdə Zaqatala rayonu Beretbinə kəndində doğulmuş X8 onun doğma qızıdır. O, anadangəlmə xəstədir, birinci qrup əlildir. O xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. O, kənar şəxsin baxım və köməyinə ehtiyac tələb edən “Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu. Özünə qulluq qabiliyyətinin olmaması kənar şəxslərin qulluğuna ehtiyacı var” diaqnozu ilə ciddi davranış pozuntulu, çox ağır əqli geriliyi olan, qulluq tələb edən, davranış pozuntulu özünə qulluq qabiliyyəti olmayan, kənar şəxslərin qulluğuna ehtiyaclı İ dərəcə əlilliyi olan şəxsdir. Qızına o baxır, onun himayəsindədirlər, onun hər bir qayğısını o çəkir. O özü yemək yeyə bilmir, öz paltarını soyunub-geyinə bilmir, özü sərbəst hərəkət edə bilmir, köməksiz heç bir şey edə bilmir. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, xəstə X8 birinci qrup əlildir, onun himayəsində yaşayır və baxıma ehtiyacı vardır. Hesab edir ki, məhkəmə işə baxarkən xəstənin fəaliyyət qabiliyyətli olub-olmaması barədə ekspertiza təyin etməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X10 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Yazılı sübutlar İş materiallarında olan Matsex kənd icra nümayəndəliyində qeydə alınmış 02 fevral 1998-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə doğulmuş X7 atası X3, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, X12 barəsində ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir və xx.xx.2015-ci il tarixdən 300 manat təqaüd alır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli, 18-1-78/2-Ö-42-1086/2025 saylı arayışdan görünür ki, X1 RMX PHŞ-nin “G80:Serebral iflic” diaqnozu ilə Nevroloji kabinetdə, “F72.1: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə Psixiatrik kabinetdə qeydiyyatdadır. İ qrup əlildir, Narkoloji kabinetdə isə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X15 Şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 02 dekabr 2025-ci il tarixli, 892 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 Uşaq serebral iflici nəticəsində ağır dərəcəli əqli gerilik müəyyən olunmuşdur. Yoxlanılan şəxs X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 08 aprel 1997-ci il tarixdə Zaqatala rayonu, Beretbinə kəndində doğulmuş X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X6 anası iş üzrə ərizəçi olan Ərizəçi himayədarlıq edir. X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. Ərizəçi qızının psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08 aprel 1997-ci il tarixdə Zaqatala rayonu, Beretbinə kəndində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 08 aprel 1997-ci il tarixdə Zaqatala rayonu, Beretbinə kəndində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar